Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3757/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3009/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İdiaçı İddiaçı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3009/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə prosesində iştirakı olmadan onunla üzləşmədən hakim əsassız olaraq iddiasını rədd etmişdir. Maddi və prosessual hüqquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, hakim qətnamə çıxararkən mülki işin araşdırılmasını səthi aparmışdır. Səbəbi isə müəmmalıdır. İddia tələbi üzrə sübut və dəlillərini Bakı Apelyasiya Məhkəməsində araşdırılma aparılarkən təqdim edəcəkdir. İşə baxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin müraciətində göstərdiyinə dair sübut təqdim edilməmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ondan 500 manat borc aldığını bildirsə də bunu təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehə məxsus xarici pasport və sürücülük vəsiqəsinin iddiaçıda olması ilə bağlı iddia ərizəsində qeyd edilənlərə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hal özlüyündə iddiaçı tərəfindən hansısa məbləğdə borc pul verilməsini sübut etmir. Qaldı ki, iddiaçı bu sənədlərin nə əslini, nə də notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, bu sənədlərin nə əsli, nə də surəti iş üçün sübut əhəmiyyəti daşımır. Beləliklə, iddiaçı iddia tələbini sübut edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehdən pul tələb edirsə bu barədə məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu barədə mötəbər sübut təqdim etmək və istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdehin ona həqiqətən borclu olmasına dair məhkəməyə mötəbər sübut təqdim etmir və istinad etdiyi halları sübut edə bilmir. İkincisi, cavabdehin məhkəmə prosesində iştirakı olmadan da işə baxılması mümkündür və qanunsuz deyildir, yetər ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsin. Cavabdehin iştirakı olmadan işə baxılması da maddi və prosessual hüquq normalarının pozulması sayılmır. Ona görə də qeyd olunan bu hallar şəxsi mülahizə xarakterli olduğundan iddianın təmin olunması üçün əsas ola bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3009/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz
Məhkəmə qərarları › İş №2(103)-3757/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3757/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver