Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3758/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh2, onun vəkili Vəkil, Cavabdeh1 hüquqi varisi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6825/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İddiaçı ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən iddiaçı bu şəxsə 18 ay müddətinə illik 26 % dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 1.900 ABŞ dolları məbləğində kredit verməyi, X7 isə kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etməyi və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən ona verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 1.650,53 ABŞ dolları məbləğində əsas, 218,96 ABŞ dolları məbləğində faiz, 35,71 ABŞ dolları məbləğində cərimə, cəmi 1.905,20 ABŞ dolları məbləğində borcu yaranmışdır.
2. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlamış xx.xx.2014cü il tarixli, 290008102/ ZM saylı zaminlik müqaviləsinə əsasən bu şəxslər Cavabdeh1 həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam və ya hissə-hissə icra edilməsi üçün iddiaçı qarşısında birgə məsuliyyət daşımağı və öhdəliyi tam icra etməyi öhdəsinə götürmüşdürlər.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmaqla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 ogluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014- cü il tarixli kredit müqaviləsi üzrə 1.650,53 ABŞ dolları əsas, 218,96 ABŞ dolları faiz, 35,71 ABŞ dolları cərimə olmaqla, cəmi 1.905,20 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
5. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6825/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 1.650,53 ABŞ dolları məbləğində əsas, 218,96 ABŞ dolları məbləğində faiz, 35,71 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.905.20 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. (hakim X8)
7. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulmuş vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Digər cavabdehlərlə isə həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı kimi zaminlik müqaviləsi bağlanılmış, onlar da zaminliklə təmin edilmiş borcun ödənilməsi üzrə tam öhdəlik daşıyırlar. Cavabdehlər risk dairəsinə daxil olan öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün cavabdeh olduqlarından, borcu cərimə və faizlər də daxil olmaqla müştərək qaydada iddiaçıya ödəməlidirlər.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442ci, 448-ci, 465-ci, 472-ci, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o zamin durmamışdır, qətnamə qanunsuzdur.O, vermədiyi zaminliyə görə öhdəlik daşımır. Lakin məhkəmə onu mülki işə cəlb etmədiyi üçün bu halı araşdırmamışdır. Digər tərəfdən, o, zamin durmuş olsa belə, kredit müqaviləsinin müddəti, o cümlədən öhdəliyin icrası müddəti başa çatıb, ona görə də həmin gündən bir il keçdiyi üçün zaminliyə xitam verilməlidir. Bundan başqa, o gözdən əlillidir və gözdən əlil bir şəxsin yanında mütləq başqa bir şəxs olmalı, onun iştirakı ilə müqavilə sənədləri imzalamalı və həmin şəxslər bunu təsdiq etməlidir. Lakin hazırki işdə bu qaydaya əməl edilməmişdir. O, məhkəmənin vaxtı və yeri barədə bildiriş almamış, ümumiyyətlə məhkəmə barədə ona məlumat verilməmişdir.
11. Sonradan Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti keçib. Kreditor bir il ərzində pul tələb edə bilər. Odur ki, iddia müddətinin keçməsinə görə qətnaməni ləğv edib iddianın rədd edilməsi barədə qətnaməni çıxarılmasını xahiş etmişdir.
12. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin tərəfi və hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 ölməsi səbəbindən məhkəmə kollegiyası Cavabdeh1 onun hüquqi varisi (oğlu) X6 ilə əvəz etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Cavabdeh1 tanıyır, onun qızı Cavabdeh3 ilə bir dəfə bankda da olmuş və Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq zamin olmuş və bu barədə müqavilə imzalamışdır. Lakin həmin kredit müqaviləsi üzrə borc tam ödənilmişdir. Hazırda ondan tələb edilən kredit müqaviləsi üzrə isə zamin olmamış, bu zaminlik müqaviləsində olan imza ona məxsus deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini, eyni zamanda Cavabdeh2 mövqeyini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə və həmin mövqeyə uyğun izahat vermiş və iddia edilən zaminlik müqaviləsində olan imzanın bu şəxsə aid olmadığının açıq və aydın şəkildə göründüyünü bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi (oğlu) X6 apellyasiya şikayətinin təmin edilməsini və borc məbləğinin Cavabdeh2 tutulmamasını xahiş etmişdir.
17. İddiaçı ləğv prosesində olan İddiaçı ASC “Elektron” məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinə nümayəndəsinin iştirakı olmadan baxılaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlimat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsini rəhbər tutaraq, apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsinə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın ona münasibətdə təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bu şəxsə 18 ay müddətinə illik 26 % dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 1.900 ABŞ dolları məbləğində kredit verməyi, bu cavabdeh isə kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etməyi və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən ona verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 1.650,53 ABŞ dolları məbləğində əsas, 218,96 ABŞ dolları məbləğində faiz, 35,71 ABŞ dolları məbləğində cərimə, cəmi 1.905,20 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlamış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən bu şəxslər Cavabdeh1 həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam və ya hissə-hissə icra edilməsi üçün iddiaçı qarşısında birgə məsuliyyət daşımağı və öhdəliyi tam icra etməyi öhdəsinə götürmüşdürlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmaqla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
26. Hazırda iddiaçı aralarında bağlanmış kredit və onun əsasında bağlanmış zaminlik müqaviləsinə, o cümlədən maliyyə arayışına istinadən cavabdehlərin 1.650,53 ABŞ dolları əsas, 218,96 ABŞ dolları faiz, 35,71 ABŞ dolları cərimə olmaqla, cəmi 1.905,2 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən, o cümlədən Cavabdeh2 tutulmasını tələb edir. Bu cavabdeh iddia ilə razılaşmır, gözdən əlil olduğunu, hazırda mübahisələndirdiyi zaminlik müqaviləsini bağlamadığını, bir dəfə digər Cavabdeh3 ilə banka müqavilə bağlanılması məqsədilə getdiyini və həmin müqaviləni imzaladığını, həmin müqavilə üzrə də öhdəliklərin artıq yerinə yetirildiyini, hazırki zaminlik müqaviləsini isə imzalamadığını bildirir, eyni zamanda, iddia və kəsici müddətlər ötdüyündən bu müddətləri tədbiq etməklə iddianın rədd edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarına, habelə müqavilə şərtlərinə istinadən qeyd edir ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində çıxış edir. Belə ki, həmin müqavilənin məzmununa əsasən (1.1-ci bəndi) zaminlər borclu Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin tam və ya hissə-hissə icra edilməsi üçün iddiaçı qarşısında birgə məsuliyyət daşımağı və öhdəliyi tam icra etməyi öhdəsinə götürmüşdülər.
28. Məhkəmə kollegiyası Cavabdeh2 gözdən əlil olması, qeyd edilən zaminlik müqaviləsini imzalamaması, banka başqa kredit müqaviləsi ilə bağlı digər Cavabdeh3 ilə getməsi və həmin müqavilənin hazırda mübahisə predmetini təşkil edən müqavilə olmaması ilə bağlı dəlillərini nəzərə alaraq, ona istinad etdiyi müqavilənin təqdim edilməsini təklif etmiş və bu əsasla işə baxılması təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasında onun tərəfindən məhz hazırki icraat çərçivəsində mübahisələndirilən kredit müqaviləsi təqdim edilmiş və nəticə etibarı ilə bu cavabdehin hər hansı digər kredit öhdəliyi üzrə X5, habelə Cavabdeh3 zamini olması müəyyən edilməmişdir.
29. Eyni zamanda, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin də onun tərəfindən imzalanmamasına istinad etmişdir. Halbuki, həmin müqaviləyə əsasən kredit münasibətləri iddiaçı ilə Cavabdeh1 arasında yaranmış və hüquqi nəticə etibarı ilə onlar tərəfindən də imzalanmalıdır. Bu qəbildən olan müqavilələrin zamin tərəfindən də imzalanması ilə bağlı mülki qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Lakin nəzərə alınmalıdır ki, həmin müqavilənin hər səhifəsi üzərində Cavabdeh2 aid imza əks etdirilmişdir. Digər tərəfdən Cavabdeh2 tərəfindən imzalanmış zaminlik müqaviləsində verilən kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və didər zəruri şərtlər təsbit edilmişdir.
30. Bununla belə, məhkəmə kollegiyası 29-cu bənddə göstərilənləri, habelə Cavabdeh2 öz mövqeyini sübuta yetirə bilmədiyini, o cümlədən hər hansı başqa müqavilə təqdim edə bilmədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, qeyd edilən zaminlik müqaviləsi məhz onun tərəfindən imzalanmış və həmin vaxt o, imzaladığı müqavilənin məzmunu barəsində tam məlumatlı olmuşdur. Bu da öz növbəsində həmin müqavilənin onun tərəfindən imzalanıb-imzalanmamasının yoxlanılmasını istisna edir. Başqa sözlə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallar, iddiaçı ilə Cavabdeh1 Əvər oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı olaraq həmin tarixli zaminlik müqaviləsinin məhz Cavabdeh2 tərəfindən imzalanmasını təsdiq edir.
31. Məhkəmə kollegiyası apellyatorun iddia və kəsici müddətin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə xx.xx.2014-cü il tarixdə 18 ay müddətinə bağlanmış, lakin hazırki iddia xx.xx.2015-ci il tarixdə, yəni müqavilənin bağlanması tarixindən 11 ay sonra qaldırılmışdır. Həmin vaxt isə kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası müddəti bitməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə isə xx.xx.2015-ci il tarixdə çıxarılmışdır. Bu baxımdan hazırki iddiaya iddia müddətinin tətbiq edilməsinə hər hansı əsas yoxdur.
32. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, mülki qanunvericilikdə zaminin əsas müqavilə üzrə öhdəlik daşıması ilə bağlı münasibətlərə müddət tətbiq edilir və bu müddət kəsici müddət olmaqla onun tətbiq edilməsi cavabdeh tərəfin ərizəsindən asılı edilməmişdir. Hazırki zaminlik müqaviləsində zaminliyin verilməsinin son tarixi qeyd edilməmişdir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Qeyd edilən kredit müqaviləsi ilə tərəflər razılaşmışlar ki, bank borcalana 18 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək kredit verir. Borclu kredit və hesablanmış faiz borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, sonuncu ödəniş xx.xx.2016-ci il tarixdə həyata keçirilməlidir. Başqa sözlə, tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi, onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2016-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Başqa sözlə, iddiaçı tərəfindən məhz həmin tarix öhdəliklərin son tarixi hesab edilməklə bu tarix əsas götürülməklə 1 il müddətində zaminlərə qarşı iddia tələbi ilə çıxış edə bilərdi. Məhkəmə kollegiyası zaminlik müqaviləsində zaminliyin bitmə müddətinin göstərilmədiyini, kredit müqaviləsi üzrə öhdəliyin bitmə tarixinin xx.xx.2016-cı il olmasını, iddia tələbinin isə xx.xx.2015-ci il tarixdə qaldırılmasını nəzərə alaraq hesab edir ki, apellyatorun bu qəbildən olan dəlilləri əsassızdır, iddiaçı tərəfindən əsas öhdəlik üzrə borcun zamindən tələb olunması ilə bağlı 1 illik müddət ötürülməmişdir.
33. Hüquqi nəticə etibarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminlərin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də eyni qaydada cavabdehlərə aid edilməlidir.
34. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğini iş materiallarında olan muhasibat sənədləri ilə əlaqəli şəkildə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə öz qənaətində haqlı olmuş və düzgün olaraq cavabdehlərdən iddiaçının xeyrinə 1.650,53 ABŞ dolları məbləğində əsas, 218,96 ABŞ dolları məbləğində faiz, 35,71 ABŞ dolları məbləğində cərimə, cəmi 1.905,20 ABŞ dolları məbləğində borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müştərək qaydada cavabdehlərdən tutmuşdur. Belə ki, borc məbləğinin bu məbləğdən az olması müəyyən edilmir, o cümlədən tələb edilən 35,71 ABŞ dolları cərimə məbləği də əsas borc məbləğinə tənasübdür, həmin məbləğin azaldılması üçün isə hər hansı əsas yoxdur.
35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6825/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.