Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3761/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kredit müqaviləsi üzrə borcun tutulması) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-307/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ASC-nin Cavabdeh iddiaçının xeyrinə 2725,02 manat əsas borc, 5035,62 manat faiz borcu, 46,99 manat cərimə olmaqla ümumilikdə cəmi 7807,63 manat borcun və 99 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-307/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 428.4, 442, 445, 449.4, 462.3; 467; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, məhkəmə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də iddia təmin edilərək borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən Borc alana 4697,83 manat məbləğində pul 84 ay müddətinə verilmişdir; - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1014 №-li rəyinə müvafiq eskpert tədqiqatının nəticəsində 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 2725,02 manat, faiz borcu 5035,62 manat məbləğində müəyyən edilmişdir (iş.səh. 13, 53). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-307/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 88, 217.1, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh borcu əvvəlki aylarda müntəzəm ödəmiş, müqavilənin şərtlərini yerinə yetirmişdir. Lakin sonrakı dövrlərdə bir sıra maddi problemlərlə üzləşmiş, öhdəliyin vaxtında yerinə yetirilməsində problemlər yaranmışdır. Cavabdeh ümumilikdə İddiaçı ASC ilə aralarındakı xx.xx.2015ci ildə kredit müqaviləsinə əsasən xx.xx.2021-ci ilədək ümümi 3313.79 manat məbləğində ödəmə etmişdir. Həmin məbləğin 1971.81 manatı əsas borca, 1340.98 manatı isə faiz borcunun silinməsinə hesablanıb. Kreditin müddəti bitməsinə və cavabdehin müvafiq məbləği ödəmə iqtidarında olmamasına baxmayaraq, iddiaçı özü də vaxtında məhkəməyə müraciət etməkdə maraqlı olmamış, müddətin uzanmasının əlavə faizlərin toplanmasına və cərimənin artmasına düz mütənasib olmasından sui-istifadə etmişdir. Hal-hazırkı situasiyada hesablanan faiz əsas borcu keçmiş, cavabdehin əvvəlki ödənişini və qətnaməyə əsasən ödəməli olduğu məbləğ bu şəxsin müvafiq kredit müqaviləsinə əsasən ödəməli olduğu, lakin maddi problemlərinin olduğu üçün ödəyə bilmədiyi məbləğin iki qatına bərabərdir. Ümumilikdə İddiaçı müqavilə şərtlərini kifayət qədər sərt tərtib etmiş və ödəmə faizinin çox yüksək qoyulmasından əlavə borclunun vəziyyətini daha da ağırlaşdırmaq məqsədi ilə vaxtında qəsdən hərəkətsizlik göstərmiş, məhkəməyə iddia tələbi ilə müraciət etməmişdir. Bunun hüquqdan sui-istifadə olduğunu hesab edir və şikayətinin bu sui-istifadə halına və cavabdehin ödəmə qabiliyyətinə nəzərən baxılıb qiymətləndirilməsini istəyir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, eləcə də həmin müqavilə üzrə iddiaçının hesabladığı faizlər və cərimə məbləğləri real bazar münasibətlərinə uyğun olmamaqla yanaşı, cavabdeh tərəfi icrası qeyrimümkün olan vəzifə və öhdəliklərə məcbur etmişdir. Belə ki, kredit müqaviləsinə əsasən illik 26.91 % dərəcəsi ilə kredit verilmiş, faizlər və cərimələr bundan iki dəfə çox olmaqla yanaşı kredit müqaviləsinin müddəti bitdikdən sonra da eyni qaydada hesablamağa davam etmişdir ki, bununla da iddiaçı tərəf Mülki Məcəllənin qeyd edilən normasını pozmasına baxmayaraq, məhkəmə tərəfindən bu hala ümumiyyətlə qiymət verilməmişdir. Belə ki, məhkəmə bu məqamı araşdırsaydı bu zaman Mülki Məcəllənin 560-cı maddəsini tətbiq edər və iddia tələblərində göstərilən faiz və cərimə məbləğlərini azaldardı. Məhkəmə isə bu halı araşdırmadan qeyd edilən maddi hüquq normasını tətbiq etməli olduğu halda bunu etməmişdir. Verilən iddia və ekspert rəyindən də görünür ki, cavabdeh qərəzli olaraq müqavilə şərtlərini pozmayıb. O sadəcə maddi sıxıntılarla üzləşdiyi üçün bu qədər yüksək faizli kredit şərtlərini qəbul edib və ödəyə biləcəyini düşünsə də, sonralar ödəmə qabiliyyəti olmayıb. Qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra, işə baxan hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə tərəflərə (cavabdehə, nümayəndəsi və vəkilinə) rəsmi qaydada bildiriş və elektron bildiriş və ya məhkəmə iclası barədə sms göndərilməli olduğu halda edilməmiş, qərəzli şəkildə cavabdehin və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilmiş və yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu borc barədə arayış və iddia tələblərinin həcminin artırılmasına dair ərizə əsasında qətnamə qəbul edilmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-in 9-cu maddəsinin imperativ tələbləri (çəkişmə prinsipi) kobud və qərəzli surətdə pozulmuşdur. İddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı tərəflərindən mübahisələndirildiyi halda məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməli və borc faizlərinin məbləğlərinin və hesablanma qaydasının qanunvericiliyə uyğun aparılıb-aparılmadığı müəyyən edilməli idi. Buna baxmayaraq, məhkəmə tərəfindən bu hal qərəzli olaraq araşdırılmamış və iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı əsas götürülərək qətnamə qəbul edilməklə qanunvericiliyin bu imperativ tələbi də pozulmuşdur. Qətnamənin əsaslandırıcı hissəsinə də diqqət yetirdikdə məlum olur ki, işə baxan hakim tərəfindən məhkəmə qətnaməsi tam müfəssəl əsaslandırılmalı olduğu halda şablon və kortəbii şəkildə qətnamə tərtib edilmiş, qanunvericilik normalarının qətnaməyə köçürülməsi ilə kifayətlənilmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iddia tələblərinin təmin edildiyi hissədə hansı əsaslarla və hansı qaydada borc məbləğinin hesablanması və dəyərləndirilməsi əsaslandırılmamış və qeyri-müəyyən olaraq qalmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, kredit müqaviləsinin 84 ay müddətinə bağlandığını və cavabdeh tərəfindən mütəmadi olaraq az-az ödənişlər həyata keçirildiyini, qrafikdən kənar ödəniş edildiyi üçün cərimələrin yarandığını, cavabdeh tərəfindən ödənilən vəsaitlərin bir qisminin ardıcıl olaraq cərimə, faiz və əsas borca hesablandığı üçün həm faiz borcunun artdığını, həm də əsas borcun dəyişmədən qaldığını bildirmiş, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdeh özünün etiraf etdiyi kimi kreditin qaytarılmasını gecikdirmiş və bununla da öhdəliyin pozulması öz təsdiqini tapmışdır. İddiaçının isə ödənişlərin gecikməsi və qarşı tərəfin açıq-aydın müqavilənin icrasından imtina etmədiyi halda, iddia ilə müraciət etmək kimi mütləq vəzifələri müəyyən edilməmişdir.
9. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
10. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-307/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.