Məhkəmə qərarları › İş №2(103)-3761/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3761/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3761/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1341/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı "xxxx" ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alanın) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00183-01 nömrəli kredit müqaviləsi ləğv olunsun, əsas borc kimi 35.000 manat, faiz borcu kimi 5.513,13 manat, dəbbə pulu kimi 100 manat, cəmi 40.613,13 manat, dövlət rüsumunun əvəzi kimi 211,84 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti olan, Cavabdeh1 (ipoteka qoyana) məxsus olan, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev № 232-də yerləşən 35 №-li mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 93.000 manat müəyyən edilsin, mənzilin satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönədilsin, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsi ipoteka qoyana verilsin, satışdan əldə edilən vəsait borcun ödənilməsi üçün kifayət etməzsə qalan məbləğ kredit alandan tutulsun, mənzil satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddianın qalan hissəsi təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Apellyasiya şikayətində 3 dəlil irəli sürülüb: 1) borcun məbləğinin müəyyən edilməsi üçün mühasibat ekspertizası keçirilməyib; 2) ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməyib; 3) kredit alan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildiri ki, qətnamədə göstərilən məbləğdə borcunun olduğunu etiraf edir, sadəcə borcu ödəmək üçün ona vaxt lazımdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı "xxxx" ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alanın) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00183-01 nömrəli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 35.000 manat kredit verilib. İddiaçı ilə digər Cavabdeh1 (ipoteka qoyanın) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00183-01İP nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyana məxsus olan, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev № 232-də yerləşən 35 №-li mənzil kredit öhdəliyinin icrasının təminatı kimi ipoteka ilə yüklü edilib. Kredit alan müqavilə öhdəliyini pozduğuna görə kredit verən hazırkı iddianı verib. Apellyasiya şikayətinin 1-ci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin müəyyən edilməsi üçün mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı kredit alan izahat verərək iddianı etiraf edib (iş v. 111). O, izahatında bildirib ki, borcunun olduğunu etiraf edir, üzrlü səbəbə görə borcu ödəyə bilməyib, qısa vaxtda müəyyən məbləğdə ödəniş edəcək, daha sonra isə bütün borcu ödəyəcək. Birinci instansiya məhkəməsi kredit alanın etirafına və kredit verənin təqdim etdiyi sənədlərə əsaslanaraq müəyyən edib ki, kredit alanın əsas borc kimi 35.000 manat, faiz borcu kimi 5.513,13 manat, dəbbə pulu kimi 100 manat, cəmi 40.613,13 manat borcu var, ona görə də həmin bocun tutulması barədə qətnamə qəbul edib. Apellyasiya icraat zamanı kredit alan göstərilən məbləğdə borcunun olduğunu bir daha etiraf edib, habelə bu barədə yazılı ərizə verib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə borcun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin 2-ci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib, müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə mənzilin ilkin satış qiyməti 93.000 manat müəyyən edilib. Həmin hesabat lazımi qaydada əsaslandırılıb. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 39.3.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Apellyasiya şikayətinin 3-cü dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı kredit alan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb, o, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edib, onun vəsatəti əsasında məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təxirə salınıb, lakin kredit alan həmin iclasa gəlməyib və bunun səbəbi barədə məlumat verməyib. Ona görə də məhkəmə işə kredit alanın iştirakı olmadan baxaraq qətnamə qəbul edib. Beləliklə, qətnamə kredit alanın apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1341/2023 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar