Məhkəmə qərarları › İş №2(103)-3762/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3762/2024

14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3762/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Fərhadə Əsgərovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1783/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-761/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü uşaq X1 üçün cavabdehdən (atadan) ananın (iddiaçının) xeyrinə tutulan alimentin miqdarı (hər ay 193 manat) artırılaraq 235 manat müəyyən edilsin; 2) həmin qətnamə ilə uşaq 3 yaşına çatana kimi ananın saxlanması üçün tutulan alimentin miqdarı (hər ay 50 manat) arırılaraq 300 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq uşaq üçün 235 manat, ana üçün 70 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Fərhadə Əsgərova apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Alimentin miqdarının artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı keçən ildəki xərclərin miqdarından fərqlənir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq həm uşağın, həm də onun anasının saxlanması üçün tutulan alimentin miqdarını artırmışdır. Artırılmış alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. “Elektron məhkəmə“ İnformasiya sistemindəki məlumatdan görünür ki, cavabdeh "xxxx"MMC-də işləyir, vəzifəsi “direktor, kredit ittifaqının sədri” kimi göstərilib, əmək haqqı 900 manatdır. Cavabdehin başqa qadınla münasibətindən daha iki uşağının olması hazırkı iddianın rədd edilməsinə əsas vermir. O, əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və uşaqların hamısını saxlamaq iqtidarındadır. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1783/2024 nömrəli qətnaməsi dəyişirilmədən saxlanılın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar