Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3763/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (əri) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: MMC, iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 01.05.2019-cu il tarixdə bağlanmış 00638787 №-li müqavilə üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 350 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 35 manat, habelə iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat, cəmi isə 405 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında 01.05.2019-cu il tarixdə bağlanmış 00638787 №-li müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-dən ümumi qiyməti 600 manat olan “Samsung Galaxy A7” markalı mobil telefonu dəyərinin hissə-hissə, 6 ay ərzində ödənilməsi şərti ilə almışdır. Telefon MMC tərəfindən cavabdehə təhvil verilsə də cavabdeh, iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. 11.08.2020-ci il tarixdə iddiaçı aldığı həmin telefonu MMC-yə təhvil vermişdir. Həmin vaxt telefon 250 manat məbləğində qiymətləndirilmiş və bu məbləğ cavabdehin MMC-yə borclu olduğu 600 manatdan silinmişdir. MMC-yə ödənilməmiş qalan borcun məbləği 350 manat təşkil edir. Borcun ödənilməsinin gecikdirilməsinə görə MMC tərəfindən cavabdehə 35 manat cərimə tətbiq edilmişdir. MMC, tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmiş, MMC da, bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq iş üzrə qəbul etdiyi 18.01.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, MMC ilə cavabdeh arasında 01.05.2019-cu il tarixdə bağlanmış 00638787 №-li müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 350 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 35 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mobil telefona dair iddiaçı ilə cavabdeh MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlandıqdan sonra MMC-nin əməkdaşları cavabdehdən komisyon tutma adı ilə 14,38 manat, “qızıl zəmanət” verilməsi adı ilə isə 58 manat məbləğində pulu almışlar. Müqavilə bağlandıqdan 3 gün sonra, yəni 05.05.2019-cu il tarixdə telefona qoruyucu şüşə çəkdirmək istərkən, cavabdehə bildirilmişdir ki, yeni telefon adı ilə ona ekranı dəyişdirilmiş telefon satılmışdır. Bu məlumatı daha 5 mağazada yoxladıqdan sonra 11.05.2019-cu il tarixdə cavabdeh bununla bağlı iddiaçı MMC-yə müraciət etmişdir. Bundan bir neçə gün sonra isə MMC-dən cavabdehə telefonun “Link Servis” Texniki Xidmət Mərkəzinə təhvil verilməsi təklif olunmuş, 21.05.2019-cu il tarixdə telefon həmin servisə təhvil verilmişdir. Telefonu təhvil alan servis xidməti bunun səbəblərini qəbzdə qeyd etmişdir. Sonradan cavabdehə Rusiyadan zəng gələrək telefonun qüsurları və baş vermiş hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilmişdir. 09.12.2020-ci il tarixdə cavabdeh işə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə poçt vasitəsi ilə ona göndərdiyi məhkəmə bildirişini almışdır. Həmin bildirişdə tərəflər arasında mövcud olan mülki mübahisənin həlli ilə bağlı sübutların təqdim olunması cavabdehə təklif olunmuşdur. Cavabdeh dərhal Rayon Məhkəməsinə getmiş, lakin məhkəmədə ona bildirilmişdir ki, pandemiya ilə bağlı məhkəmə fəaliyyət göstərmir, məhkəmə işlərinə baxılmağa başlanan zaman cavabdehə əlavə məlumat veriləcəkdir. Lakin 29.01.2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdeh hazırki iş üzrə qəbul edilmiş 18.01.2021-ci il tarixli qətnaməni almışdır. Göründüyü kimi, cavabdeh məhkəmədə müdafiə olunmaq hüququndan məhrum olmuşdur. Ona görə də Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Cavabdehin nümayəndəsi (əri) apelyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı MMC-nin nümayəndəsi apelyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında 01.05.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-dən qiyməti 600 manat olan 1 ədəd “Samsung Galaxy A7” markalı mobil telefon dəyərinin hissə-hissə ödənilməsi şərti ilə almışdır. Müqavilənin şərtinə görə telefonun dəyəri cavabdeh tərəfindən 6 ay ərzində, hissəhissə, yəni hər ay 100 manat olmaqla MMC-yə ödəməlidir. Müqavilənin digər şərtinə görə, alıcı olan cavabdeh, ödənişin hər gecikdirilmiş günü üçün MMC-yə gecikdirilmiş ödənişin məbləğinin 1%-i miqdarında cərimə (dəbbə) ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. İşdə olan 01.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı olan MMC tərəfindən həmin mobil telefon cavabdehə təhvil verilmişdir. MMC-nin cavabdehə ünvanladığı 21.08.2020-ci il tarixli H/10236 №-li məktubdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini pozduğuna görə, cavabdeh əldə etdiyi telefonu MMC-yə qaytarmışdır. Həmin vaxt qaytarılmış telefon 250 manat məbləğində dəyərləndirilmiş və bu məbləğ cavabdehin MMC-yə olan ümumi borcundan silinmişdir. Cavabdeh telefonun MMC-yə təhvil verdiyini inkar etmir. İddiaçı MMC-nin hesablamasına görə, cavabdehin ödənilməmiş qalan borcunun məbləği 350 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin məbləği isə 35 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, MMC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki iş üzrə müzakirə olunan müqavilədə ödənişlərin qaydası, müddətləri, məbləğləri, ödənişlərin hansı tarixədək bitməsi müddəti nəzərdə tutulmuşdur və apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, alıcı olan cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etməsi halını – aldığı malın tam dəyərinin satıcıya ödəməsini sübuta yetirə bilmir. Cavabdeh özü təsdiq edir ki, telefonu MMC-nin təklif etdiyi “Link Servis” Texniki Xidmət Mərkəzinə təhvil verdiyinə və telefondan istifadə etmədiyinə görə müqavilə üzrə ödənişləri etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin iddiaya dair etirazının dəlili ondan ibarətdir ki, müqavilə ilə ona satılmış telefon saxtalaşdırılmış mal olmuş, bu səbəbdən o telefonu aldığı vaxtdan 20 gün sonra servis xidmətinə təhvil vermiş, telefondan ümumiyyətlə istifadə etməmişdir. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, cavabdehin yuxarıda qeyd etdiyi dəlili əsassızdır. Belə ki, Məhkəməyə təqdim olunmuş “Servis Link” Texniki Xidmət Mərkəzinin 19.04.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 01.05.2019-cu il tarixli müqavilə əsasında əldə etdiyi və 21.05.2019-cu il tarixdə servis xidmətinə təhvil verdiyi mobil telefonda qüsur aşkar edilməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin bildirdiyi və müzakirə olunan bu dəlil əsaslı deyil. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehdən MMC-nin xeyrinə tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci Fəsilinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci Fəsilinin, “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü Fəsilinin və “Öhdəliklərin icrasının təmin edilməsi” adlı 24-cü Fəslinin tələblərinə uyğundur. Cavabdehin hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, Rayon Məhkəməsi onun tərəfindən sübutların təqdim edilməsinə şərait yaratmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsasızdır. Çünki MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5-ci maddəsinə görə, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (maddə 284.5.1). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (maddə 284.5.2). Ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284.5.3). Bununla bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikasında koranavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarlar qəbul edilmişdir. Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırılsa da, məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması təxirə salınmamış, habelə məhkəmə işləri üzrə tərəflərin öz dəlillərini təsdiq edən sübutların poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Belə olan halda, hesab edilməlidir ki, cavabdeh sübutlarını Rayon Məhkəməsinə poçt vasitəsi ilə və ya elektron şəkildə təqdim etmək imkanından istifadə etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin müzakirə olunan məsələ ilə bağlı bu dəlili də əsasızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18.01.2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3763/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3763/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver