Məhkəmə qərarları › İş №2(103)-3764/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3764/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3764/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X11 Azərbaycan” QSC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, iddiaçı “X11 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(011)- 2387/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X11 Azərbaycan” QSC ilə Sayadov Sahib Məhəmmədrəsul oğlu arasında bağlanmış 240657 saylı, 19 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 20% dərəcəsi ilə 11.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 435,56 manat əsas borc, 6,09 manat faiz borcu və 30 manat cərimə borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “X11 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 435.56 manat borc, 6.09 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 471.65 manat kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 19 aprel 2018-ci ildə “X11 Azərbaycan” QSC ilə Sayadov Sahib Məhəmmədrəsul oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən X8 Məhəmmədrəsul oğluna istehlak yönümlü 11.000 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 20 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olmuşdur. X8 Məhəmmədrəsul oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Sayadov Sahib Məhəmmədrəsul oğlu 17 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı bank tərəfindən sorğu verilmişdir və 27 may 2021-ci il tarixdə 5 saylı Notariat ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək Cavabdeh əsas məbləğ üzrə 435.56 manat borc, 6.09 manat faiz borcu, 3 manat cərimə borcu olmaqla, cəmi 444.65 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bank ilə mərhum Sayadov Sahib Məhəmmədrəsul oğlu arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini müqavilənin digər tərəfi olan mərhum Sayadov Sahib Məhəmmədrəsul oğluna verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

6. Həmçinin məhkəmə hesab etmişdir ki, Cavabdeh mərhum X10 Məhəmmədrəsul oğlunun qanun üzrə vərəsəsi olduğundan kredit müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Odur ki, iddiaçı cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 6.2, 385.1, 442, 462.1, 467 və 1306.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “X11 Azərbaycan” QSC ona qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan əsas məbləğ üzrə 435.56 manat borc, 6.09 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 471.65 manat kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 aprel 2018-ci ildə “X11 Azərbaycan” QSC ilə Sayadov Sahib Məhəmmədrəsul oğlu arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən X8 Məhəmmədrəsul oğluna istehlak yönümlü 11.000 manat məbləğində pul ayrılmışdırvə o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 20 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olmuşdur. X8 Məhəmmədrəsul oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Sayadov Sahib Məhəmmədrəsul oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı bank tərəfindən sorğu verilmişdir və xx.xx.2021-ci il tarixdə 5 saylı Notariat Ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Belə ki, iddiaçı “X11 Azərbaycan” QSC daha əvvəl ona- Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 2(007)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 435.56 manat əsas borc, 6.09 manat faiz borcu, 30 manat cərimə, 471.65 manat məbləğində kredit borcunun, ödənilmiş 3.40 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6073/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən Nizami Rayon Məhkəməsinin 2(007)-482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd etmişdir ki, atası - X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı yuxarıda qeyd edilən məsələ ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmişdir. Eyni tələb ilə bağlı əvvəlcə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(007)- 482/2022 saylı, daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən isə xx.xx.2023-cü il tarixli 2(011)-2387/2023 saylı qətnamə qət edilmişdir. Mərhum X1 ilə “X11 Azərbaycan” QSC arasında bağlanmış müqavilədən onun xəbəri olmamışdır. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-482/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra atasının borcunun olmasından xəbəri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6073/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsi məhkəməyə verilərkən atası ölmüş olmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı “X11 Azərbaycan” QSC iddia ərizəsi isə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Nəzərə alınmaldır ki, iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 20.739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 21.1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 22.1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. 26.261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.“X11 Azərbaycan” QSC ilə Sayadov Sahib Məhəmmədrəsul oğlu arasında bağlanmış 240657 saylı, 19 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 20% dərəcəsi ilə 11.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 29.“ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə verilmiş şəhadətnamədən məlum olur ki, cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 30.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6073/2022 saylı qərardadı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-482/2022 saylı qətnaməsinin ləğv ediməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 31.xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində mərhum Sahib Sayadovun ölümündən sonra miras qalmış əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 32.Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrilir, miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəliklərinin icrasına görə aldıqları paya mütənasib surətdə kreditoru qarşısında məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi hazırda mübahisə predmeti olan öhdəlik mahiyyət etibarı ilə şəxsə bağlı öhdəlik deyildir, həmin öhdəliyə borclunun ölümü ilə xitam verilməmişdir. 33.Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6073/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına istinadı ilə əlaqədar məhkəmə qeyd edir ki, istinad olunan mülki iş üzrə icraata mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilmədiyindən deyil, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Belə ki, məhkəmənin iş üzrə gəldiyi nəticəyə görə ölmüş şəxsə qarşı iddianın irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual qanunvericilik baxımdan qeyri-mümkündür. 34.Həmçinin kollegiya qeyd etməyi zəruri sayır ki, istinad olunan mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadının mövcudluğu hazırki işə mahiyyəti üzrə baxılmasını istisna etmir. Belə ki, hər iki mülki işdə tələblər eyni olsa da, tərəflər və iddiaçının iddianı əsaslandırdığı hüquqi və faktiki əsaslar fərqlidir. 35.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 38.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 444.65 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar