Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3765/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh X5 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinə xx.xx.1930-cu il təvəllüdlü mərhum atası X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Bakı şəhər 40 saylı Notariat Ofisi tərəfindən müraciəti əsasında vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi kimi tanınmışdır, Bakı şəhər 40 saylı Notariat ofisinin məktubunda qeyd edilmişdir ki, bütün daşınmaz əmlakına dair mərhum X6 adına mülkiyyət hüququ haqqında sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və mərhum atasının vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir, bu səbəbdən Bakı şəhər 40 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vərəsəlik işinin açıldığı barədə məktub göndərilmişdir. Mərhum atasının adına 1970-ci ildə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport aşkar olmuşdur. xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı evin atasının adına özəlləşdirilməsini vərəsə kimi payının ayrılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********99 nömrəli imtina məktubu verilmişdir ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün ünvan 1 ünvanda idarənin mütəxəssisinə şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışdır, üçüncü şəxslə əlaqə yaratmışdır və cavabdehin mütəxəssislərə şərait yaradacağına razılaşmışdır və xx.xx.2021-ci il tarixdə cavabdehə yenidən ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********30 nömrəli məktubla qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********993 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan həmin ünvanda özbaşına məskunlaşmış üçüncü şəxs onun iştirakı ilə cavabdeh idarənin mütəxəsisləri ünvana buraxmışdır, cavabdeh X13 və ailə üzvləri X23 Komitəsinin 1 saylı Bakı şəhər ərazi idarəsinin mütəxəsislərinə mərhum atasından qalmış Bakı şəhər, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə daxil olmalarına imkan verməmişlər və bu səbəbdən də miras əmlakın özəlləşdilməsinə maneələr yardılmışdır. Cavabdeh S.B.Qahramanov iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə atasından ona miras qalmış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı özbaşına tikilmiş evdə bu günə kimi yaşayır. İddiaçı olan qardaşı X1 arvadının onun anası ilə mübahisələri olduğundan, iddiaçı ilə belə bir razılaşmaya gəlmişlər ki, xüsusi mülkiyyətində olduğu, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 20/19 saylı evi və torpaq sahəsini iddiaçı X3 verir, əvəzində isə özü indiki sözügedən mübahisələndirilən evə köçür, 29 mart 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən, torpaq sahəsini və onun daxilində olan evi bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır, əvəzində isə atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı evə köçmüşdür. O vaxtdan etibarən hal-hazıra qədər bu evdə öz ailə üzvləri ilə yaşayır, sözügedən mübahisəli Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı torpaq sahəsinin hər hansı bir hüquqi sənədi yoxdur və eyni zamanda həmin sözgedən torpaq sahəsində xeyli saylı özbaşına olan tikililər var, iddiaçı hər dəfə ailə üzvləri ilə yaşadıqları evə gələndə mübahisələr edir, onların ünvanına təhqiredici ifadələr işlədir, bir sözlə iddiaçının onun yaşadığı mübahisəli evə daxil olması gələcəkdə mübahisə predmeti ola bilər, çünki sonuncu dəfə Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin əməkdaşları ilə gəldiyi zaman orada ona və ailəsinin ünvanına xoşagəlməz təhqiredici ifadələr işlətmiş, bu barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsində İddiaçı barəsində material da olmuşdur. Bu bir daha onu sübut edir ki, iddiaçının sözügedən evə daxil olması hər hansı bir cinayətin törənməsinə səbəb ola bilər. Elə ona görə də hesab edir ki, iddiaçı ona və ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə (mütəxəssislərinə) və ona invertarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmalarına şərait yaradılması öhdəliyinin qoyulması tələbi əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-901/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(011)-901/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, atasından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı olaraq Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin hazırki mübahisə predmeti olan əmlakın texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu olduğundan əmlakın dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Belə ki, mübahisəli əmlakın dövlət qeydiyyatına alınması zamanı cavabdeh və ailə üzvləri tərəfindən maneələr yaradılmışdır. Halbuki, mübahisəli əmlak iddiaçının atasından qalmış miras əmlakdır və qanunla müəyyən edilmiş qaydada şəxsin həmin əmlak üzərində vərəsəlik hüququ vardır. Cavabdeh və onun ailə üzvlərinin maneələr yaratması səbəbindən o, öz hüquqlarını realizə edə bilmir, nəticədə onun qanunla müəyyən edilən hüquqları pozulur. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Sözügedən normadan da aydın olduğu kimi, qanun üzrə vərəsələrdən hər birinin məcburi pay hüququnun olmasını şərtləndirir. Hazırki mülki iş üzrə mübahisə predmeti miras əmlak olduğundan tərəflərin əmlak üzərində hüquqları mövcuddur. Lakin bu hüququn qəbulu üçün miras əmlakın dövlət qeydiyyatına alınması tələb edilir. Buna baxmayaraq, məhkəmə qəbul etdiyi qətnamə ilə əmlakın miras qoyanın əmlak hüquqlarının toplusuna daxil olmasının müəyyən edilmədiyini qeyd edir. Halbuki, məhkəmə diqqətdən yayındırmışdır ki, əgər əmlak dövlət qeydiyyatına alınmış olsaydı, iddiaçı tərəf əmlakın dövlət qeydiyyatına alınması üçün yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməzdi. Həmçinin, cavabdehin əməli nəticəsində iddiaçı və digər vərəsələrin məcburi miras payı cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirilmiş, öz miras payının süni şəkildə artırılmasına yönələn hərəkətlərə yol verilmişdir. Buradan bir daha aydın olur ki, cavabdehin qanunsuz əməlinin qarşısı alınaraq vərəsələrin dairəsinin müəyyən edilməsi, miras payın qəbul edilməsi üçün qanunvericiliyin tələbinə riayət olunmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd edilən norma hazırki mülki işdə tətbiq edilə bilməz. Belə ki, miras əmlakın dövlət reyestrinə alınması məsələsinə toxunulsa da, məhkəmə hansı səbəblərdən əmlakın dövlət qeydiyyatına alına bilməməsini araşdırmamışdır. Tərəf əmlakın dövlət resyestrində qeydə alınması ilə bağlı maneələrin yaradıldığını, varis kimi əmlaka dair miras payların müəyyən edilməsi üçün müvafiq hüquqi tədbirlərin görülməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə sözü gedən sənədin olmaması səbəbindən iddiaçı tərəfin subyektiv hüququnun olmadığı qənaətinə gələrək iddia tələbini rədd etmişdir. Halbuki, əmlakın texniki invertarizasiya və qiymətləndirilməsinə dair pasportu iş materiallarına əlavə edilmişdir. Daşinmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndislərinə və ona invertarlaşdırma işinin aparılması üçün həmin sənəd kifayət qədər əsaslı olsa da, məhkəmə bu kimi faktları gözardı edərək iddiaçı tərəfin subyektiv hüququ olmaması qənaətinə gəlmişdir. Həmçinin, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan da aydın olduğu kimi iddiaçı mərhum atası X6 varisidir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçı tərəfin bu gün belə bir tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcuddur. Cavabdeh X14 apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evində hal-hazırda ailəsi ilə birlikdə yaşayır, həmin əmlaka dair mülkiyyət hüququ müvafiq dövlət reyestrində qeydiyyata alınmamış, həmçinin sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Bundan başqa mübahisəli əmlakın miras qoyanın əmlak hüquqlarının toplusuna daxil olması da iş materialları ilə müəyyən olunmur, bundan başqa İddiaçı mübahisəli yaşayış sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququna əsas verən hallar müəyyən edilməmişdir. Əvvəla, hazırki vəziyyətdə, yəni mübahisəli mənzildə o və ailə üzvlərinin yaşaması, iddiaçının isə həmin mənzil üzrə miras əmlaka hüquqlarını təsdiq edən əsasların (miras əmlaka dair şəhadətnaməsi) olmaması, həmçinin də miras qoyanın adına mənzilin mülkiyyət hüquqi ilə dövlət reyestrində qeydiyyata alınması halında, mənzildə yaşayanların iradəsi əleyhinə oraya daxil olmaq, mənzildə yaşayanların qanunla müəyyən olunmuş konstitusion toxunulmazlıq hüququ ilə ziddiyyət təşkil edir. Beləliklə, mənzilə dair hər hansı bir hüququ təsdiq edən sənəd olmadığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin oluna bilməz. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə tərəfindən AR MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması davam etdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1931-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni xx.xx.2020-ci il tarixədək ünvan 4 ünvanında yaşamış mərhum X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqıda şəhadətnamənin verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır, daşınmaz əmlakına dair X8 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ev sahibi X12r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021- ci il tarixli məktubun surətindən görünür ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanda yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli məktubda göstərilmiş iradlar aradan qaldırılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən təqdim olunmuş sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından imtina olunmuşdur. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evində hazırda cavabdeh Səftər Qahramanov ailəsi ilə birlikdə yaşayır, həmin əmlaka dair mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmamışdır, həmçinin sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir sənəd yoxdur. Bundan başqa, mübahisəli əmlakın miras qoyanın əmlak hüquqlarının toplusuna daxil olması iş materialları ilə müəyyən olunmur. Bununla belə, İddiaçı mübahisəli yaşayış sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə cavabdeh və onun ailə üzvlərinin yaşaması, iddiaçının isə həmin mənzil üzrə miras əmlaka hüquqlarını təsdiq edən əsasların (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi) olmaması, həmçinin miras qoyanın adına mənzilin mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmaması halında, mənzildə yaşayanların iradəsi əleyhinə oraya daxil olmaq, mənzildə yaşayanların konstitusiya ilə müəyyən olunan mənzil toxunulmazlığı hüququ ilə ziddiyyət təşkil edir, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və bildirir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin qeyd edilən maddələrinin və Konstitusiya Məhkəməsinin öz qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsasən hazırkı iddianın əsaslı olması üçün iddiaçının mübahisəli evə mülkiyyət hüquqlarının, yaxud bu hüququ əldə etmək üçün qanuni gözləntisinin mövcud olması, əgər belə hüquqlar mövcuddursa, onların həyata keçirilməsinə cavabdeh tərəfindən maneələrin yaradılması müəyyən edilməlidir. İddiaçı onun müraciəti əsasında notariat orqanı tərəfindən mərhum atasından miras qalmış əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı vərəsəlik işi açıldığını, miras əmlaklar sırasında onun mərhum atasına məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinin də olduğunu, lakin cavabdehin həmin evin sənədləşdirilməsinə və evə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün lazımi mühəndis-ölçmə işləri aparılmasına imkan vermədiyini bildirir. Lakin iş materiallarında olan sənədlərlə müəyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən qanunvericilik normalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evi özbaşına tikili olduğundan mərhum Babasan Qəhrəmanovun həmin evə əmlak hüquqları mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüqüq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsaslarla sahiblik etmiş olsunlar. Bu baxımdan mərhum Babasan Qəhramanovun həmin evə dair qanundan irəli gələn «qanuni gözləntisi» də mövcud olmamışdır. Belə olduğu halda isə mübahisəli fərdi yaşayış evi mərhum X4 qalmış miras əmlak kütləsinə aid əmlak kimi qiymətləndirilə bilməz. Mübahisəli əmlakın mərhum Babasan Qəhramanovdan qalmış miras əmlak kütləsinə daxil olmaması isə öz növbəsində onu deməyə əsas verir ki, iddiaçının həmin əmlakla bağlı vərəsəlik hüququndan doğan iddia irəli sürməyə, bu evdə hər hansı mühəndis-ölçmə işləri aparılmasını tələb etməyə və bu işlərin aparılması üçün özünün və mühəndislərin evə daxil olmağını tələb etməyə subyektiv hüququ olmamışdır. Ona görə də, hazırkı iddianın təmin edilməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə təmin edilən mənzil toxunulmazlığı hüququnun pozulması ilə nəticələnmiş olardı. Həmin maddəyə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərdən bu qənaətə gəlir ki, hazırkı mübahisəni həll edərkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiysı hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-901/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3765/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3765/2022
02.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver