Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3765/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı "vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 620/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 1283/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmünə əsasən X16 ("xxxx" MMC-nin direktoru) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadiər olunmadan 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X10 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 75.050 manat əsas borcun, 18.762 manat faiz borcunun, habelə 20 manat dövlət rüsumunun, cəmi 93.832 manat pulun tutularaq iddiaçılar İddiaçı və X11 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Şöbənin xx.xx.2013-cü il tarixli qərarı ilə qeyd edilən icra sənədi üzrə icraata başlanılmışdır.
3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1inz(81)-1440/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarına əsasən iddiaçılar X2, X8 və X3 iddiası təmin edilmiş, məcburi icra tədbiri kimi borclu "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədi ilə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi öhdəliyinin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə ünvan 2 ünvanında yerləşən tikilinin üzərinə həbs qoyulmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə icra sənədi üzrə borclu olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 2 ünvanında yerləşən tikilinin üzərinə qoyulmuş həbsin götürülmüşdür.
6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-346/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçılar X12, İddiaçı və X4 iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2012 saylı, xx.xx.2012-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1440/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarını icra etməməklə bağlı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz sayılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X10 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ödənilməli olan 75.000 manat pulun xx.xx.2013-cü il tarixdən bu günə qədər ödənilməmiş qalan 5% faizi, yəni 18.762,50 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı və X11 müştərək şəkildə ödənilməsi qət edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Muradovun icra sənədi üzrə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarları ləğv edilmiş və icra sənədi, icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə göndərilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-74/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Bakı şəhəri yasamal Rayon İcra və probasiya şöbəsinin icra məmuru İsmayıl ismayılovun xx.xx.2020-ci il tarixli qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
10. AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR ƏN Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cu ii tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində Vergilər Nazirliyinin Bakı şəhəri X19 Üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Cəmiyyətin hüquqi varisinin olub-olmaması barədə vergi orqanında məlumat yoxdur. Müəssisənin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR ƏN Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən hüquqi şəxs "xxxx" MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, сavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon icra şöbəsindən vurulmuş ziyana görə 112.594 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, hazırki iş üzrə icra sənədinin icrası üçün kifayət qədər əmlak olduğu halda Yasamal rayon İcra şöbəsi əsassız və qanunsuz şəkildə qətnaməni icra etməmişdir. Qeyd olunan qətnamənin qəbul olunmasından artıq 10 ildən artıq müddət keçmişdir və icrası artıq faktiki olaraq mümkün deyil. Belə ki barəsində ittihamedici hökm olan "xxxx" MMC-nin təsisçisi X16 artıq vəfat etmişdir. Əlavə olaraq üzərinə həbs qoyulmuş ünvan 5 ünvanında yerləşən tikili üzərindən həbs "xxxx" MMC tərəfindən edilmiş müraciət əsasında götürülmüşdür.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 620/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X5 qızı).
14. Məhkəmə iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı tərəfindən zərərin mövcud olması və ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmiş və o, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarında olan sübutlarla iddianın əsassız olması müəyyən olunur. Belə ki, icra məmuru tərəfindən lazımi tədbirlərin görülməsi (borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatın verilməsi, borclunun adına olan əmlakın olub-olmamasının, hüquqi varisinin olub-olmamasının araşdırılması və s.) iş materialları ilə təsdiq olunur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 386.1-ci, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 82.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması Azərbaycan Respublikası məhkəmələri tərəfindən artıq hüquqi qiymət verilmişdir. İcra şöbəsi qeyd olunan əmlak üzərinə həbs qoysa da, 2 il müddətində icra haqqında qanunun tələblərini pozmaqla növbəti icra tədbirlərini həyata keçirməmişdir. Nəticədə həmin əmlakın satışı yolu ilə iddiaçıya vurulmuş zərər tam qarşılanması mümkün olsa da, əsassız şəkildə icra sənədi icra olunmadığı üçün ona cavabdeh tərəfindən icra sənədi məbləğində maddi ziyan vurulmuşdur. Həm iddia ərizəsində, həm də məhkəmə iclasları zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin fərqli tarixlərdə Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı qərarları məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərkətlərinin qanunsuz olmasına Bakı İnzibati məhkəməsi tərəfindən hüquqi qiymət verilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Yasamal rayon İcra şöbəsinin hərəkətlərini qanuni hesab edərək iddianı rədd etmişdir. Lakin Yasamal rayon İcra şöbəsi, qeyd olunan əmlak üzərinə həbs qoysa da icra haqqında qanunun tələblərini pozaraq həmin əmlakı nə tələbkara təklif etmiş, nə də hərraca çıxarmışdır. Nəticədə İcra şöbəsi qanunun tələblərini pozmuşdur. O, mülki prosessual məcəllənin 77.1-ci maddəsi üzrə üzərinə düşən öhdəliyi icra edərək, maddi sübutlarla cavabdehin qanunsuz hərəkətsizliyini sübut etsə də məhkəmə qeyd olunan maddənin normasını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cu maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada (tam və ya qismən) təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 75.050 manat əsas borc və 18.762 manat faiz borcu, habelə 20 manat dövlət rüsumu, cəmi 93.832 manat pul iddiaçılar İddiaçı və X10 xeyrinə tutulmuşdur. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ödənilməli olan 75.000 manat pulun xx.xx.2013-cü il tarixdən bu günə qədər ödənilməmiş qalan 5% faizi, yəni 18.762,50 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı və X11 müştərək şəkildə ödənilməsi qət edilmişdir.
28. Hazırda iddiaçı hər iki qətnamə üzrə verilmiş icra sənədinin bu günədək icra edilmədiyinə, borcluya məxsus tikilinin üzərinə həbs qoyulmasına baxmayaraq onun hərraca çıxarılaraq satılmamasına və ya borc öhdəliyinin qarşısında ona təklif edilməməsinə, ilk icra sənədinin icra edilməməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin məhkəmə qaydasında qanunsuz sayılmasına, borclu "xxxx" MMC-nin təsisçisi X9 artıq ölməsinə və icra sənədlərinin icrasının artıq mümkün olmamasına istinad edərək, Yasamal rayon İcra şöbəsi tərəfindən ona maddi zərərin vurulduğunu bildirir və dəymiş maddi zərərin əvəzi olaraq 112.594 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
29. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
30. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
31. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
32. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
33. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən ona 112.594 manat məbləğində maddi zərərin vurulmasını sübut etməli idi. Lakin iddiaçı cavabdehin hər hansı qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində ona nəinki 112.594 manat, ümumiyyətlə hər hansı məbləğdə maddi zərərin vurulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırılması zamanı da cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya hər hansı məbləğdə maddi zərərin vurulması halı müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq iddiaçı tərəfindən cavabdehdən tələb edilən 112.594 manat pul məbləğ etibarı ilə qeyd edilən iki qətnamə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, xx.xx.2013-cü il tarixli və 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli) əsasında verilən icra sənədi üzrə "xxxx" MMC-dən onun xeyrinə tutulmalı olan pulun ümumi məbləğidir. Başqa sözlə, bu məbləğ cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində deyil, "xxxx" MMC-nin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçıya vurduğu zərərin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğidir. Hüquqi nəticə etibarı ilə iddiaçı ötən dövr ərzində cavabdeh tərəfindən icrası təmin edilmədiyindən icra sənədlərində göstərilən məbləği hazırda cavabdehdən tələb edir. Halbuki, qeyd edilən icra sənədlərinin bugünədək icra olunmamasının cavabdeh tərəfindən iddiaçıya nəinki iddia edilən, ümumiyyətlə hər hansı məbləğdə maddi zərərin vurulması kimi qiymətləndirilməsi üçün hər hansı əsas müəyyən edilmir.
35. İddiaçının borcluya məxsus tikili ilə bağlı istinad etdiyi hallar isə əksinə məcburi icra tədbirlərinin həyata keçirildiyini təsdiq edir. Belə ki, məhz həyata keçirilmiş məcburi icra tədbirlərinin nəticəsi olaraq borcluya məxsus olan əmlak kimi ünvan 2 ünvanında yerləşən tikilinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə həmin təqdim təmin edilərək, qeyd edilən tikilinin üzərinə həbs qoyulmuşdur. Lakin sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu əmlakın ona məxsus olduğunu bildirərək, qeyd edilən qərardadı mübahisələndirmiş və aparılmış məhkəmə araşdırılması nəticəsində həmin tikilinin məhz sonuncuya məxsus olması müəyyən edildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə tikilinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı bu qərardaddan şikayət də verməmişdir. Bu baxımdan həmin əmlakın cavabdeh tərəfindən hərraca çıxarılaraq satılmaması və ya borc öhdəliyinin qarşılığında ona təklif edilməməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.
36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi cavabdehin “İcra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən məhkəməyə qaytarılmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-74/2022 saylı qərardadı ilə təmin edilməmişdir.
37. Bununla yanaşı həyata keçirilən icra tədbirləri çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə verilmiş sorğulara cavab olaraq "xxxx" MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmadığı, həmin müəssisənin fəaliyyətini dayandırmadığı və hüquqi varisinin müəyyən edilmədiyi bildirilmişdir. Müəssisənin fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması icra tədbirlərinin davam etdirilməsini bilavasitə mümkün edir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-620/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.