Məhkəmə qərarları › İş №2(103)-3766/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3766/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3766/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2516/2022 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 3000 manat ziyanın və iddia ərizəsinə ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2516/2022 saylı iş üzrə 11 mart 2022ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının səhhətində bir çox problemlər vardır, o, ürək əməliyyatı keçirmişdir. İddiaçı şəkərli diabet xəstəsidir. Məhkəmə bunları nəzərə alıb cavabdehin qeydiyyatda olduğu ünvanda yox, iddiaçının qeydiyyatda olduğu ünvanda işə baxa bilər. ünvan 1 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(011)-2516/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 2 saylı əlavədə müəyyən olunmuş lazımi məzmunda və formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə bu hala qiymət vermədən şikayətə mahiyyəti üzrə baxaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2516/2022 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2516/2022 saylı iş üzrə 11 mart 2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar