Məhkəmə qərarları › İş №2(103)-3767/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3767/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3767/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1709/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə uşaqlar ananın – iddiaçının himayəsində saxlanmışdır, hal-hazırda da onun yanındadırlar, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment məbləği uşaqların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh yenidən ailə həyatı qurmuşdur, bu nikahdan bir övladı var, adına iki daşınar əmlak (nəqliyyat vasitəsi) qeydə alınmışdır, Azərbaycan Tibb Universitetində və "xxxx" MMC-də kardioloq vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 572,5 manat və 500 manatdır, xx.xx.2021-ci il tarixdən aktiv vergi ödəyicisidir, əsas fəaliyyət istiqaməti “poliklinikaların fəaliyyəti”dir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-259/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan övladları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı iki övladları var, nikaha daxil olduqda ilk vaxtlar münasibətləri yaxşı olmuş, sonradan pozulmuşdur, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, uşaqlar öz himayəsində saxlanılmaqla, onların saxlanması üçün cavabdehdən hər ay onun qazancı və gəlirlərinin 1/3 hissəsi alimentin tutulması qət edilmişdir, lakin cavabdeh uşaqlara aliment ödənilməsindən yayınmaq məqsədi ilə öz qazancını qəsdən azaltmışdır, o, hər ay iki uşağa görə cəmi 170 manat aliment ödəyir ki, bu da uşaqların minimum dolanacaq xərclərinə belə kifayət etmir, hazırda bir uşaq üçün aylıq yaşayış minimumu 220 manat təşkil edir, övladlarının birinin 16, digərinin 17 yaşı var, hər iki uşaq hazırda özü ilə qalır, uşaqlara dəstək olması üçün alimentin sabit məbləğə keçirilməsini istəyir, heç bir maddi dəstəyi yoxdur, uşaqların yaşı artdıqda, tələbatı da artır, bunu artıq qarşılaya bilmir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1709/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumnunu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34cü maddəsinin İV hissəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3 və 27-ci maddəsinin 2-ci bəndinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13 və 19cu maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarına, “Azərbaycan Respublikasında 2023- cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh başqa nigahdan xx.xx.2021ci il təvəllüdlü X12 adlı övladı vardır, X11 onun həyat yoldaşıdır, Cavabdeh adına “Kia Mohave” və “Toyota Corolla minik” markalı nəqliyyat vasitələri qeydə alınmışdır. O, Azərbaycan Tibb Universitetində və "xxxx" MMC-də kardioloq vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 572,5 manat və 500 manatdır, cavabdeh yenidən ailə həyatı qurmuşdur, bu nikahdan bir övladı var, adına iki daşınar əmlak (nəqliyyat vasitəsi) qeydə alınmışdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin əmlak vəziyyətini (adına iki daşınar əmlak qeydə alınmasını), onun peşəsini, aylıq gəlirini, xx.xx.2021-ci il tarixdən aktiv vergi ödəyicisi olmasını, onun aliment ödəmək üçün yetərli qazanca malik olmasını qeyd etsə də, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsi ilə müəyyən olunan halları nəzərə alməmışdır. Qətnamədə qeyd olunmuşdur ki, X2nın (Cavabdeh və ƏMDK-nın yanında DƏDRX-ni maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. X2 ilə maraqlı şəxs CavabdehƏyyub oğlu arasında 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri aşğıdakılardan ibarət olan: - Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 üçün X7 himayəsində qalmasına etiraz etmir; - Cavabdeh – tərəf sazişi imzaladıqdan sonra aliment məbləği olaraq aylıq gəlirlərinin 1/4 hissəsini xx.xx.2021-ci il təvəllüdlü X1 üçün X9 ödəyəcəkdir; - ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak X9 veriləcəkdir və həmin mülkiyyət üzərində Cavabdeh istifadə hüququna xitam veriləcəkdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin istifadə etmədiyi telefon nömrəsinə SMS göndərilməsini rəsmi təqdim edilmə kimi qiymət verən hakim, prosessual hüquq normasının pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2005-ci il təvəllüdlü X15 artıq 18 yaşına çatdığı üçün ona münasibətdə aliment öhdəliyinə xitam verilməlidir. Digər uşaq xx.xx.2007-ci il təvəllüdlü X5 isə hər ay 220 manat aliment ödənilməsi ilə razıdırlar.

9. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

11. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

13. 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Konvensiyanın

18. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.

19. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

8. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

11. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1709/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, hazırki iddia tələbinin əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

17. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

18. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Apellyasiya şikayətinin yeganə dəlili isə iş üzrə cavabdehin başqa nikahdan uşağnın və cavabdehin maddi imkanının pis olmasından ibarətdir.

19. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

20. Həmçinin nəzərə alınmalıdır ki, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023- cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.

22. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tələb olunan hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat pul məbləği 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə kollegiyası, apellyasiya şikayətinin əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşaqlarının artan tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir.

23. Qeyd edilənləri nəzərə almaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 193 manatadək artırılmalıdır.

24. Alimentin tutulma müddəti ilə bağlı da məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

25. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir.

26. Cavabdeh apellyasiya şikayətindən həmçinin qeyd etmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan övladı vardır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.

27. Kollegiya cavabdeh tərəfin apellyasiya icraatı zamanı vermiş olduğu vəsatətinə münasibətdə isə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2005-ci il təvəllüdlü X10 18 yaşı tamam olmadığından məhkəmə ona münasibətdə də iddia tələbinə baxmaqda haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, hazırkı halda məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılır. xx.xx.2005-ci il təvəllüdlü X10 artıq 18 yaşına çatdığı üçün ona münasibətdə aliment öhdəliyinə xitam verilməsi icra üzrə icraatda həll edilməli olan məsələ olduğundan ona münasibətdə qətnamənin ləğvi üçün əsas yoxdur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1709/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar