Məhkəmə qərarları › İş №2(103)-377/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-377/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-377/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(006)-45/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 22.01.2018-ci il tarixli 003/M saylı kredit müqaviləsinə əsasən ASC-nin xeyrinə 680.000 manat əsas borc, 57.006,59 manat faiz, 34.000 manat dəbbə pulu olmaqla, ümumilikdə 771.006,59 manat məbləğində pul vəsaitinin tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən qeyri-yaşayış binası (0,0916 ha torpaq sahəsi ilə birlikdə) - hamama yönəldilməsi, Cavabdeh2 25.06.2013-cü il tarixli 608/PL saylı kredit müqaviləsinə əsasən ASC-nin xeyrinə 19.999 avro əsas borc, 240 avro faiz olmaqla, 20.239 avro məbləğində pul vəsaitinin və Cavabdeh2 25.06.2013-cü il tarixli 609/PL saylı kredit müqaviləsinə əsasən ASC-nin xeyrinə 18.414 manat əsas borcun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinə yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına borcun və ödənilmiş dövlət rüsumunun ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh2 arasında 22.01.2015-ci il tarixdə 003/M saylı kredit xətti müqaviləsi bağlanmışdır. Qeyri-yaşayış sahəsinin təmiri məqsədi ilə illik 6% olmaqla 12 ay müddətinə 680.000 manat məbləğində kredit verilmişdir. 003/M saylı kredit xətti müqaviləsinin təminatı kimi 22.01.2015-ci il tarixli 003İ/M saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (0,0916 ha torpaq sahəsi ilə birlikdə) hamam ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka yüklülüyü qeydiyyata alınmış və DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən 29.01.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ASC ilə Cavabdeh2 arasında 25.06.2013-cü il tarixli 608/PL saylı kredit müqaviləsi (kredit kartı üzrə) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 illik 24 % olmaqla 24 ay müddətinə 20.000 avro məbləğində kredit verilmişdir. Bundan əlavə, ASC ilə Cavabdeh2 arasında 25.06.2013-cü il tarixli 609/PL saylı kredit müqaviləsi (kredit kartı üzrə) bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 illik 24 % olmaqla 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. 608/PL və 609/PL saylı kredit müqavilələrinin təminatı kimi 20.11.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsi/torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka yüklülüyü qeydiyyata alınmış və DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən 22.11.2014cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh öhdəliklərini tam və vaxtında icra etmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(006)-45/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22.01.2018-ci il tarixli 003/M saylı kredit müqaviləsi üzrə 680.000 manat əsas borc, 57.006,59 manat faiz, 6.000 manat dəbbə pulu olmaqla, ümumilikdə 743.006,59 manatın Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması, 003/M saylı müqavilədən irəli gələn tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən qeyri-yaşayış binası (0,0916 ha torpaq sahəsi ilə birlikdə) - hamama yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması, 25.06.2013cü il tarixli 608/PL saylı kredit müqaviləsi üzrə 19.999 avro əsas borc, 240 avro faiz olmaqla, 20.239 avro ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması, 25.06.2013-cü il tarixli 609/PL saylı kredit müqaviləsi üzrə 18.414 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması, 608/PL və 609/PL saylı müqavilələrdən irəli gələn tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, işə baxılarkən məlumatlandırılmamışdır, o, 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamə ipoteka predmetlərini ilkin satış qiymətinə aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22.01.2015-ci il tarixli 003/M saylı kredit xətti müqaviləsinə əsasən ASC Cavabdeh2 12 ay müddətinə, illik faiz dərəcəsi 6 % olmaqla, 680.000 manat məbləğində bərpa olunan kredit xətti açmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.06.2013-cü il tarixli 608/PL saylı kredit müqaviləsindən (kredit kartı üzrə) görünür ki, ASC Cavabdeh2 24 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, 20.000 avro məbləğində kredit xətti açmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.06.2013-cü il tarixli 609/PL saylı kredit müqaviləsindən (kredit kartı üzrə) görünür ki, ASC Cavabdeh2 24 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, 20.000 manat məbləğində kredit xətti açmışdır. 20.11.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 digər Cavabdeh2 25.06.2013-cü il tarixli 608/PL və 609/PL saylı kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsi/torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən həmin əmlak 20.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, əmlakın ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 22.01.2015-ci il tarixli 003 İ/M saylı alğı-satqı və ipoteka müqaviləsindən (qarışıq tipli müqavilədən) görünür ki, Cavabdeh2 22.01.2015-ci il tarixli 003/M saylı kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, X2 aldığı ünvan 2 ünvanda yerləşən 0,0916 ha torpaq sahəsini və üzərində ümumi sahəsi 538 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Müqavilənin 1.8-ci bəndinə əsasən həmin əmlak 50.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29.01.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, əmlakın ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin 11.10.2017-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməəmtəəşünaslıq ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 29.03.2018-ci il tarixli rəylərindən (əmlakın qiymətləndirilməsinə dair hesabatlardan) görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının hazırda bazar qiyməti 95.000 manat; Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin/torpaq sahəsinin hazırda bazar qiyməti 30.000 manat təşkil edir. Cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmənin nəticəsi ilə razılaşmadığı üçün, Bakı Apelyasiya Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(103)- 4506/2020 saylı qərardadı ilə ünvan 1-də yerləşən qeyri-yaşayış binası (hamam) 0,0916 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 24 avqust 2020-ci il tarixli 13/899 nömrəli qiymətləndirmə hesabatı ilə ünvan 1-də yerləşən qeyri-yaşayış binasının (hamam) 24.08.2020-ci il tarixə bazar dəyərinin 95000 manat, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin 24.08.2020-ci il tarixə bazar dəyərinin 30000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfdən təqdim edilmiş "xxxx" MMC-nin: 07.09.2020-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin 07.09.2020-ci il tarixə bazar dəyəri 160000 manat, likvid dəyəri 149000 manat (belə ki, torpaq sahəsinin bazar dəyəri 58800 manat, likvid dəyəri 53000; tikilinin bazar dəyəri 101300 manat, likvid dəyəri 96000 manat); 08.09.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən isə ünvan 1-də yerləşən qeyri-yaşayış binasının (hamam) 0,0916 ha torpaq sahəsi ilə birlikdə 08.09.2020-ci il tarixə bazar dəyəri 291000 manat, likvid dəyəri 262000 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21.09.2020-ci il tarixli 2(103)-4506/2020 saylı qərardadı ilə ünvan 1-də yerləşən qeyri-yaşayış binası (hamam) 0,0916 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakə Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinə dair qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 08.05.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin qeyri-yaşayış binası reallıqda sökülməsi səbəbdən (faktiki olaraq əmlak məhv edildiyindən) hazırkı sorğuda barəsində qeyd olunan qiymətləndirmənin aparılması proseduru mümkün deyildir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(103)- 377/2021 saylı qərardadı ilə ünvan 1-də yerləşən qeyri-yaşayış binası (hamam) 0,0916 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qərardadın icrası tərəflərin qarşılıqlı razılığı ilə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 30.07.2021-ci il tarixli LP-121/21 və LP-122/21 nömrəli mütəxəssis rəyləri ilə ünvan 1-də yerləşən qeyri-yaşayış binasının (hamam) likvid qiyməti 95000 manat, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 78/2574 saylı bağ sahəsinin likvid qiymətinin 30000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ipoteka predmetlərinin qiyməti barədə məhkəmənin qənaəti doğrudur. Alınmış rəylərindən müəyyən olunur ki, ipoteka predmetlərinin ilkin satış qiyməti düzgün müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında iştirakı iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmişdir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-45/2019 saylı iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar