Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-377/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)- 2045/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu ödəniş qrafiki üzrə ödəməmişdir. Həmçinin iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə görə zamin iddiaçı qarşısında əsas borclunun öhdəliyi icra etməməsinə görə onunla eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər icra olunmadığı üçün iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, bank tərəfindən borcun artıq hesablandığını iddia etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 14543,92 manat məbləğində əsas, 2329,5 manat məbləğində faiz borcu olmaqla, cəmi 16873,42 manat məbləğində borcun və 141,02 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021 il tarixli, 106801-856563/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh1 arasında xx.xx.2021 il tarixli, 106801- 856563/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 14 aprel 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 14543,92 manat məbləğində əsas, 2329,5 manat məbləğində faiz borcu olmaqla, cəmi 16873,42 manat məbləğində borcu yaranmışdır.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, e-2(005)-2045/2023 nömrəli iş üzrə) iddia tələbi təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Digər Cavabdeh1 zamin kimi borcalan Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu müştərək qaydada həmin cavabdehdən də iddiaçının xeyrinə tutulmalıdır.
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspert rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 11770,54 manat, faiz borcu isə 456,70 manat məbləğindədir.
10. xx.xx.2023-cü il tarixə yaranmış əsas borc isə 11770,54 manat, faiz borcu 839,24 manat məbləğindədir (əsas - məhkəmə iclasında iştirak etmiş ekspert X3 izahatı).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əsas borclu Cavabdeh2 20000 manat məbləğində kredit götürmüş, onun böyük bir qismini isə ödəmişdir. Hazırda onun banka təxminən 8000 manatdan az borcu qalıb. Özü hal-hazırda Azərbaycan Respublikasında yaşamadığı üçün məhkəməyə gələ bilməyib və həmin sənədləri məhkəməyə təqdim etməyib. Odur ki, cavabdehlərin iddiaçıya qalan borcu 14543,92 manat deyil, 8000 manatdır. Belə olan halda qətnamə Mülki Məcəllənin 739-cu və digər maddələrinin tələbləri pozularaq qəbul olunub. Belə ki, əsas borclu aldığını geri qaytarmalı olduğu halda, iddiaçı ondan daha çox pul tələb edir. Həmçinin cavabdehlərə məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməyib və bildiriş göndərilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak etmiş ekspert X3 izahatında bildirmişdir ki, məhkəmə tərəfindən ekspert qarşısında Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinədək yaranmış əsas və faiz borcunun nə qədər olması barədə sual qoyulmuşdur. İşin çoxluğu nəticəsində verilən rəydə texniki olaraq tarix səhv yazılaraq xx.xx.2023-cü il tarixinədək qeyd olunmuşdur. Yaranan nöqsan texniki səbəbdən baş vermişdir. Ekspert qarşısına qoyulmuş sual üzrə yaranan borcu xx.xx.2023-cü il tarixinədək hesabladıqda Cavabdeh2 İddiaçı ASC-yə əsas borcu üzrə 11770,54 manat, faiz borcu üzrə isə 839,24 manat olduğu müəyyən olunmuşdur.
14. İddiaçı və cavabdehlər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq, ona 36 ay müddətinə, illik 19.5 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 qeyd olunan məbləğdə pulu almış, müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Sonradan iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirmədiyi üçün borcunun yarandığını iddia etmiş və məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 14543,92 manat məbləğində əsas, 2329,5 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 16873,42 manat məbləğində borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
37. Yaranmış borcun Cavabdeh2 ilə yanaşı Cavabdeh1 tələb olunmasına əsas isə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 il tarixli zaminlik müqaviləsi olmuşdur. Belə ki, zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır.
38. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC qarşısında müqavilə əsasında öhdəliklərinin yaranması işin mübahisəsiz halıdır.
39. Hazırda isə mübahisə doğuran məsələ cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəlikləri icra etməmələri nəticəsində yaranmış borcun məbləğidir.
40. Belə ki, iddiaçı cavabdehlərin öhdəliklərini icra etməmələri nəticəsində xx.xx.2023cü il tarixə 14543,92 manat məbləğində əsas, 2329,5 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 16873,42 manat məbləğində borcun yarandığını iddia etsə də, Cavabdeh1 onların iddiaçıya olan borcunun 8000 manatdan az olduğunu bildirmişdir.
41. Tərəflər arasında yaranmış mübahisənin həlli üçün məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 106801-856563/1 nömrəli istehlak krediti müqaviləsi üzrə cavabdehin kreditor qarşısında xx.xx.2023-cü il tarixədək yaranmış əsas və faiz borcu nə qədərdir?” sualı qoyulmuşdur.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qərardad üzrə tədqiqat aparmış və xx.xx.2024-cü il tarixli rəyində qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 11770,54 manat, faiz borcu isə 456,70 manat məbləğindədir.
43. Göründüyü kimi, ekspert borclunun xx.xx.2023-cü il tarixədək yaranmış borcunu hesablamış, lakin nəzərə almamışdır ki, məhkəmənin qərardadı ilə xx.xx.2023-cü il tarixədək yaranmış borc hesablanmalı idi. Bu səbəbdən ekspert məhkəmə iclasına dəvət olunmuşdur və onun tərəfindən məhkəməyə verilmiş izahatdan müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 11770,54 manat, faiz borcu isə 839,24 manat məbləğindədir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
45. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddisənə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Hazırki iş üzrə isə apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert cavablandırdığı suallar üzrə tam və hərtərəfli tədqiqat aparımışdır. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
48. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədikləri, habelə həmin öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış kredit borcunun məbləği ekspert rəyi əsasında müəyyən edilmişdir.
49. Birinci instansiya məhkəməsi isə yaranmış kredit borcunu əsassız olaraq yüksək məbləğdə müəyyən etmişdir.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə “cavabdehlərdən 14543,92 manat məbləğində əsas, 2329,5 manat məbləğində faiz borcu olmaqla, cəmi 16873,42 manat məbləğində kredit borcunun tutulması” hissəsində dəyişdirilməli və kredit müqaviləsi üzrə yaranmış borclar ekspert rəyinə uyğun nəzərə alınmalı, cavabdehlərdən tutulacaq əsas borc 11770,54 manat məbləğində, faiz borcu isə 839,24 manat məbləğində müəyyən edilməlidir.
52. İddia ərizəsində qeyd olunan digər tələb isə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasıdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 107 və 119.1-ci maddələrinə görə dövlət rüsumu məhkəmə xərclərinə aiddir, məhkəmə xərcləri isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki tələb üzrə cavabdehlərin öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi və 141.02 manat məbləğində dövlət rüsumu ödəməsi, həmçinin onun iddia tələbinin qismən təmin edilməsi nəzərə alındıqda, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə ödənilmiş dövlət rüsumunu iddiaçının xeyrinə müştərək qaydada cavabdehlərdən tutmuşdur.
53. Apellyasiya şikayətinin digər dəlilində isə iddia edilmişdir ki, cavabdehlərə məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməyib və bildiriş göndərilməyib. Məhkəmə kollegiyası bu barədə araşdırma apararaq müəyyən etmişdir ki, məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə məlumat lazımi qaydada Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmiş, digər Cavabdeh1 isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin onlara məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş də göndərilmişdir. Odur ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.
54. Həmçinin məhkəmə kollegiyası yaranmış digər məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024 cü il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməmühasibatlıq ekspertizası tədiqatının dəyəri 100 manatdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədiqatının dəyəri olan 100 manatın 26 manatı iddiaçıya 74 manatı isə müştərək qaydada cavabdehlərə aid edilməlidir.
57. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)- 2045/2023 nömrəli qətnaməsi “iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14543,92 (on dörd min beş yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində əsas borc və 2329,5 (iki min üç yüz iyirmi doqquz manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 16873,42 (on altı min səkkiz yüz yetmiş üç manat qırx iki qəpik) manat məbləğində kredit borcunun tutulması” hissəsində dəyişdirilsin. Həmin hissə üzrə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borc 11770,54 (on yeddi min yeddi yüz yetmiş manat əlli dörd qəpik) manat, faiz borcu isə 839,24 (səkkiz yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat məbləğində olmaqla, cəmi 12609,78 (on iki min altı yüz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 26 manatı İddiaçı ASC-ndən, 74 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1, KOD: 210005, VÖEN: 140155071, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.