Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3772/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)- 2605/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat əsas, 1076,25 manat faiz borcu olmaqla, cəmi 5576,25 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Daevo Nexia minik markalı ** DN *** dövlət nişanlı avtomaşına yönəldilməsi, həmin avvtomobilin açıq hərracdan satılması, ipoteka predmetinin məbləği kredit borcunu ödəmədikdə borcalanıb digər əmlakına yönəldiməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2605/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4500 manat əsas, 1076,25 manat faiz borcu olmaqla, cəmi 5576,25 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Daevo Nexia minik markalı ** DN *** dövlət nişanlı avtomaşına yönəldilməsi, həmin avvtomobilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğvini və iddianın rədd edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, ümumiyyətlə onunla bank arasında bağlandığı iddia edilən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi mövcud olmamış, “xxxx” ASC-dən hər hansı kredit götürməmiş və nə müqavilə, nə də pul götürməsi barədə heç bir sənəd imzalamamış, həmçinin məhkəmə prosesi barədə məlumatı olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vadtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümyəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək məhkəmə aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlnamış kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmiş, eyni tarixli ipoteka müqaviləsinə əsasən isə, borcun təminatı olaraq Cavabdeh məxsus “Daevo Nexia” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı məhz həmin müqaviləyə istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də müqavilə əsasında cavabdehin öz öhdəliklərini icra etmədiyi qənaəti ilə iddianı qismən təmin etmişdir. Bununla belə, cavabdeh həmin kredit müqaviləsini mübahisələndirərək belə bir müqavilə bağlamadığını, bankdan hər hansı məbləğdə pul götürmədiyini irəli sürmüşdür. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli Hökmdən görünür ki, iş üzrə verilmiş ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh adına olan xx xxxx 2011-ci il tarixli 01 nömrəli kredit və girov müqavilələrinin 1-ci vərəqinin aşağı hissəsindəki, 2-ci vərəqində “borcalan” qrafasında “Cavabdeh” qeydlərinin qarşısındakı, xx xxxx 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “Cavabdeh” qeydinin qarşısındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Beləliklə işin iş materialları ilə müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh tərəfi olduğu kredit müqaviləsinə və onunla bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmiş, həmin müqavilə saxtalaşdırılmaqla əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. İddiaçının yeganə sübutunun xx.xx.2011-ci il tarixli kredit müqaviləsi olduğunu, həmin müqavilədəki imzaların isə cavabdehə məxsus olmadığının müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci və 385.1.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilərvə birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2605/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödənilməsi”tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3772/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3772/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver