Məhkəmə qərarları › İş №2(103)-3772/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3772/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3772/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(001)- 4533/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 171.700 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə inşaat mallarının nisyə alğı-satqısına dair razılaşma etmiş, inşaat mallarının alğı-satqısı məqsədilə müvafiq dövriyyə həyata keçirmiş və bu dövriyyə əsasında ona 300.000 manatdan artıq malmaterial vermişdir. Cavabdeh materialların dəyərinin 130.000 manat hissəsini qaytarmış, qalan 171.700 manat hissəsini isə qaytarmamışdır. Bununla bağlı onlar 10 avqust 2018-ci il tarixdə cavabdehin ona borcunun təsdiqi məqsədi ilə notarial qaydada borcun etirafı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh 26.03.2014-19.05.2015-ci il tarixlərdə borcverən və borclan arasında yaranmış 171.700,20 manat pul vəsaitini müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bugünədək ondan aldığı inşaat materiallarının pulunu ona qaytarmır. Daha sonra iddiaçı iddia tələbini dəyişdirərək, Cavabdeh 171.700 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il, tarixli 2(001)- 4533/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 171.700 (bir yüz yetmiş bir min yeddi yüz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4533/2020 saylı iş üzrə 11.11.2020-ci il tarixli qətnaməsinin tamamı ilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamə qət edərkən maddi və prosessual hüquq normaları pozmuşdur. Belə ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh inşaat mallarının nisyə alğı-satqısına dair razılaşma etmiş, inşaat mallarının alğı-satqısı məqsədilə müvafiq dövriyyə həyata keçirmiş və bu dövriyyə əsasında ona 300 000 manatdan artıq mal-material vermişdir. Cavabdeh materialların dəyərinin 130 000 manat hissəsini qaytarmış, qalan 171 700 manat hissəsini isə qaytarmamışdır. Bununla bağlı onlar 10 avqust 2018-ci il tarixdə cavabdehin ona borcun təsdiqi məqsədilə notarial qaydada borcun etirafı müqaviləsi bağlamışlar. Tərəflər arasında hər hansı bir mal-material alğı-satqı müqaviləsi mövcud olmadığını, ümumiyyətlə cavabdeh iddiaçıdan hər hansı bir mal-material almadığını qeyd etmişdir. Tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyıb. Müqavilə bağlanan zaman iddiaçı onu aldatmış və cavabdeh də müqaviləyə imza etmişdir. İddiaçı tərəf cavabdehə (10.08.2020-ci il tarixdə göstərildiyi kimi) hər hansı mal-material verilməsini təsdiq edən, bunları sübut edən hər hansı sənəd və ya sübut təqdim etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10.08.2018-ci il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı ilə 26.03.2014-19.05.2015- ci il tarixlərdə aparılmış mal-material alğı-satqısı nəticəsində iddiaçıya 171.700,20 manat məbləğində borcunun yarandığını etiraf etmiş və həmin məbləğin 10.04.2019-cu il tarixədək iddiaçıya qaytarılması barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı cavabdehə ümumilikdə 300.000 manat dəyərində mal-materialı nisyə satdığını, həmin məbləğin 130.000 manat hissəsinin qaytarıldığını, 171.700 manat hissəsinin qaytarılmadığını (müqavilədə 171.700,20 manat göstərilmişdir. Lakin iddiaçı 171.700 manat tələb edir və nəticə etibarı ilə 0,20 manatı güzəşt edir), bu səbəbdən aralarında son haqq-hesab aparılmaqla borcun 171.700 manat olduğu müəyyən edildiyindən, cavabdehlə aralarında borcun etirafı müqaviləsinin bağlandığını, lakin müqavilədə göstərilən məbləğin bugünədək ödənilmədiyini qeyd edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını, sadəcə olaraq müqaviləni imzaladığını, iddiaçının onların arasında mal-materialla bağlı nisyə alğısatqı münasibəltərinin olmasını və bu münasibətlərdən irəli gələrək 171.700 manat məbləğində borcun yaranmasını sübut etməli olmağına baxmayaraq, sübut edə bilmədiyini və yalnız müqavilə ilə kifayətləndiyini bildirir. Eyni zamanda, iddianın əsassız olması ilə yanaşı, münasibətlərin son tarixinin 19.05.2015-ci il tarixi olduğunu və müddət etibarı ilə bu qəbildən olan müqavilələr üzrə 3 illik iddia müddətinin də ötürüldüyünü vurğulayır və bu barədə ərizə təqdim etməklə iddia müddətinin tətbiq edilməsini xahiş edir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-3772/2021 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatət təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun etirafı müqaviləsinin etibarsızlığına dair” mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarının qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 2(001)-2516/2021 saylı, 29 iyun 2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2021 saylı 29.04.2021-ci il tarixli qətnaməsi 25.06.2021-ci il tarixdə qanuni qüvvəsini alamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi, cavabdeh 26.03.2014-19.05.2015-ci il tarixlərdə iddiaçı ilə aralarında olmuş nisyə alğı-satqı münasibətləri nəticəsində iddiaçıya 171.700 manat məbləğində borcunun yarandığını etiraf etmiş və bu barədə borcun etirafı müqaviləsini bağlamaqla bu borcun 10.04.2019-cu il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, həmin öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı və yaranmış borc məbləğini razılaşdırdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, borcun etirafı müqaviləsi üzrə pul tələb edən iddiaçı həmin müqavilədə göstərilən məbləğin həqiqətdə yaranmasını sübut etmək vəzifəsini daşımır. Bu müqavilənin mövcudluğu artıq həmin borcun olmasını özündə ehtiva edir. Təbii ki, belə bir müqavilənin etibarsız olması halları istisna təşkil edir. Lakin araşdırma zamanı da bu müqavilənin etibarsız olması, o cümlədən aldatma, zor, hədə təsiri altında, habelə yanılma təsiri nəticəsində və ya görünüş üçün bağlandığı müəyyən edilməmişdir. Cavabdeh həqiqətdə iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını bildirsə də bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyin isə borcun etirafı barədə müqaviləyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, tərəflər arasında 26.03.2014-cü - 19.05.2015-ci il tarixlərdə nisyə alğısatqı müqaviləsindən irəli gələn münasibətlərin olması, bu münasibətlər nəticəsində yaranmış 171.200 manat məbləğində pulun tələb edilməsi üçün iddia müddətinin axımının məhz 19.05.2015-ci il tarixdən başlanması qənaətinə gəlmək üçün əsas verə bilər (əgər tərəflər bu pulun qaytarılması üçün konkret müddət müəyyən etməmişdilərsə). Lakin bundan sonra tərəflər arasında 10.08.2018-ci il tarixdə məhz borcun etirafı müqaviləsi bağlanmışdır. Bununla da cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkətlər etmiş və bunun nəticəsində borcun etirafı barədə müqavilə bağlamaqla iddia müddətinin axımı kəsilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icra olunmalı olan, yəni 10.04.2019-cu il tarixdən isə 3 il müddət ötməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsasızdır və hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini “borcun tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh 171.700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh 171.700 (bir yüz yetmiş bir min yeddi yüz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(001)- 4533/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar