Məhkəmə qərarları › İş №2(103)-3774/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3774/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3774/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan “X9” ASC-nin nümayəndəsi X5, Cavabdeh və vəkili X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X9” ASC-nin Cavabdeh (X8 üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “X9” ASC, Cavabdeh 600.000 ABŞ dolları əsas, xx.xx.2010-cu il tarixə hesablanan 9.066,73 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% hesabı ilə 212.917 ABŞ dolları, ümumilikdə 821.983,73 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Məhkəmənin həmin tarixli xüsusi qərardadı ilə isə “X9” İKB ASC-nin vəzifəli şəxslərinin əməllərində və hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olubolmaması barədə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir. İddiaçı LPO “X9” ASC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq kredit müqaviləsi üzrə iddia müddətinin axımını müqavilənin icra müddətinin bitdiyi xx.xx.2010-cu il tarixdən hesablamaqda düzgün nəticəyə gəlməmişdir. Kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs borcunu ödəməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianı rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə, sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmiş, iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı LPO “X9” ASC-nin ləğvedicisi X1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi qeyd edilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı LPO “X9” ASC-nin ləğvedicisi X2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraqbildirdi ki,“X9” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 600.000 ABŞ dollarının Cavabdeh verilməsinə dair kassa məxaric orderi bankda olmadığından hazırda təqdim edə bilmir. Cavabdeh və vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “X9” ASC (İdarə Heyətinin sədri Z.A.Kəngərli şəxsində) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya Binəqədi rayonu Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində 3068-ci məhəllədə tikinti işlərinin aparılması məqsədilə 24 ay müddətinə, illik 16 % faiz hesablanmaqla 600.000 ABŞ dolları kredit veriləcəyi nəzərdə tutulmuş, müqavilənin 2.5-ci bəndində kredit vəsaitindən istifadə müddətinin xx.xx.2010-cu il tarixdə bitəcəyi razılaşdırılmışdır.Bankın xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 600.000 ABŞ dolları əsas, xx.xx.2010-cu il tarixə hesablanmış 9.066,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdiyi tarixdən hazırkı vaxtadək illik 5%-dən hesablanmaqla 212.917 ABŞ dolları faiz olmaqla, cəmi 821.983,73 ABŞ dolları kredit borcu vardır.Bank tərəfindən cavabdehə kredit borcunun ödənilməsi barədə xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Hazırda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın öz üzərinə düşən vəzifələri icra etməsinə (kredit məbləğini borcluya verməsinə) baxmayaraq, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək, iddia ərizəsində qeyd olunan məbləğlərdə kredit borcunun ödənilməsini tələb edir. Cavabdeh isə, iddia müddətinin ötürülməsi barədə ərizə verməklə yanaşı, həmçinin, bildirir ki, əvvəllər Bankın İdarə heyətinin sədri olan Eldar İsmayılovla bina tikintisi ilə bağlı işgüzar münasibətləri olduğundan o, xx.xx.2008-ci il tarixli kredit müqaviləsini imzalasa da, kredit məbləği ona verilməmiş, buna görə də onun tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Buna görə də, onun bank qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsini əsas tutub iddia tələbindən imtina etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçı təşkilatın sözügedən kredit müqaviləsi üzrə tərəf olmamasına, həmin müqavilə üzrə tələb hüququnun həmin təşkilata yalnız xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadına əsasən keçməsinə və iddiaçı təşkilatın hazırkı iddia tələbləri ilə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməsinə diqqət yetirmədən, iddiaçı təşkilatın öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmədən, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər edib-etməməsini, sözügedən kredit müqaviləsi üzrə ödəniş edilib, edilməməsini, sonuncu ilə bank arasında digər kredit münasibətlərinin olub-olmamasını aydınlaşdırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından və işə əlavə edilmiş digər sübutlardan görünür ki, kredit müqaviləsi üzrə faiz borcundan xx xxxxxxxx 2008-ci ildə 10.666 ABŞ dolları, xx xxxxxxxx 2008-ci ildə 3.467 ABŞ dolları, cəmi 14.133 ABŞ dolları pul ödənilmişdir. Kollegiya, qeyd olunanları nəzərə alaraq bildirir ki, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə cavabdehin kredit müqaviləsi əsasında ondan tələb olunan məbləğdə pulu iddiaçıya qaytarmaq öhdəliklərinin olub-olmaması müəyyənləşdirilməlidir. Çünki, iddia tərəfi tələbinin məhz kredit müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı olduğunu vurğulamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan normanın məzmunundan görünür ki, borc (kredit) müqavilələri üzrə müqavilənin bağlandığı anda bir tərəf (kreditor) üçün öhdəlik dərhal yarandığı halda, digər tərəf (borclu) üçün isə bunun əvəzində öhdəlik yaranmır. Digər tərəf (borclu) üçün öhdəlik ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində yaranır. Başqa sözlə, borclunun geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə kreditorun borc predmetini borcluya verməsi lazımdır. Tərəflər arasında bağlandığı qeyd olunan xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, “X9” ASC Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə tikinti işlərinin aparılması üçün Cavabdeh 600.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə, kredit vəsaitinin hərəkəti və nəzarəti üçün bank tərəfindən cavabdehə ssuda hesabı açılır və kredit vəsaitini bu müqavilə qüvvəyə mindiyi tarixdən 3 gündən gec olmayaraq cavabdehin ssuda hesabına köçürülməsini bank öz öhdəsinə götürür. Cavabdehin ssuda hesabına bank tərəfindən kredit vəsaitin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab edilir. Göründüyü kimi, həm mülki qanunvericiliklə, həm də iddiaçı tərəfindən istinad olunan kredit müqaviləsi ilə tərəflərin öhdəliklərinin eyni vaxtda yaranması nəzərdə tutulmamaqla, Bakın öz üzərində götürdüyü öhdəliyi icra etməsi, yəni kredit vəsaitini borcluya verməsi nəticəsində və bundan sonra cavabdehin krediti qaytarmaq öhdəliyinin əmələ gəldiyi müəyyən edilmişdir. Bank tərəfindən kredit vəsaitinin verilməsi sübuta yetirlmədiyi halda, cavabdehin Bank qarşısında icra edilməli olan hər hansı öhdəliyi yaranmamış olur. Sübutetmə yükü baxımından həmin halı sübuta yetirmək vəzifəsi isə Bankın üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İş materiallarından görünür ki, kredit vəsaitinin cavabdehə verilməsinə dair məxaric sənədi dəfələrlə tələb olunmasına baxmayaraq, Bank tərəfindən müxtəlif səbəblər göstərilməklə (bankın arxiv şöbəsində olmaması və s.) həmin sənəd məhkəməyə təqdim olunmamışdır. Halbuki, "Banklar haqqında'' Qanunun 39.1-ci və 39.2-ci maddəsinə görə, banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Eyni zamanda, cavabdeh tərəfindən müqavilə müddəti ərizində (xx.xx.2008xx.xx.2010-cu illər), həmçinin müqavilənin müddəti bitdikdən sonra həmin müqavilə üzrə hər hansı ödənişlərin edilməsi faktı da təsdiq olunmur. Belə ki, xx.xx.2017-ci il tarixli maliyyə arayışında cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdə 10.666 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə isə 3467 ABŞ dolları ödəniş edilməsi qeyd olunsa da, Kollegiya, Bank tərəfindən tərtib edilmiş həmin arayışı bu faktın təsdiq edilməsi üçün mötəbər və kifayətedici dəlil saymır. Ona görə ki, sözügedən arayışda həmin məbləğlərin istinad olunan kredit müqaviləsi üzrə ödənilməsi kimi göstərilməsinə baxmayaraq, iş materiallarında olan hesabdan çıxarışlardan həmin məbləğlərin hansı müqavilə üzrə ödənilməsi müəyyən olunmur. “X9” ASC-nin adından müqaviləni imzalayan Z.A.Kəngərli isə məhkəmədə verdiyi izahatında bununla bağlı bildirmişdir ki, cavabdehlə 2008-ci ildən münasibətləri olub. Belə ki, cavabdehin sədri olduğu “xxxxx” MTK bankın müştərisi olmuş, aralarında hər hansı mübahisə olmamışdır. Bankın kassasından pul çıxsa da, lakin həmin pulun faktiki olaraq kim tərəfindən götürüldüyünü bilmir, rəsmi təhvil-təslim olmayıb. Cavabdehlə aralarında razılaşma olduğundan Bank barəsində ləğvetmə prosesi başlayanadək, ona qarşı hər hansı pul tələbləri olmamışdır. Bu qeyri-müəyyənlikləri nəzərə alan birinci instansiya məhkəməsi yaranmış vəziyyətdə cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad qəbul etmiş və müvafiq prokurorluq orqanına göndərmişdir. Hazırkı apellyasiya baxışında işin obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyası tərəfindən xüsusi qərardadın icrası ilə bağlı məlumat verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu ilə müraciət olunmuşdur. Adı çəkilən İdarənin xx.xx.2020-ci il tarixli, ********* nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, CM-in 179.3.2, 195.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, “X9” ASC-nin vəzifəli şəxsləri tərəfindən həmin ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Cavabdeh adına kredit məbləğinin faktiki olaraq götürülməyəcəyi əvvəldən bildirilməklə xx.xx.2008-ci il tarixli müqavilə ilə 600.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. İstinataq zamanı şahid qismində dindirilmiş Cavabdeh, ifadəsində göstərmişdir ki, özünə məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə yerləşən torpaq sahəsində yaşayış binası inşa etmək məqsədilə “xxxxx” MTK adlı kooperativi təsis edərək, tikinti üçün ilk zəruri sənədləşmə işlərini aparmış, 2005-ci ildə isə bina tikintisinin başa çatdırılması üçün investor axtararkən tanış olduğu “X9” ASC-nin Müşahidə Şurasının sədri olan Eldar İsmayılov MTK-nın təsisçilərinin yalnız özünün dediyi adamlardan ibarət olacağı, direktor və digər vəzifələrə işçiləri yalnız özünün təyin edəcəyi və s. şərtlərlə tikintiyə pul ayıracağını bildirmişdir. 2009-cu ilin fevral ayında o, MTK-dan ayrılmış, 2018-ci ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinə dəvət ediləndə bilmişdir ki, 2016-cı ildə “X9” ASC ləğv edilmiş, bundan sonra 2018-ci ilin əvvəllərində bankın ləğvedicisi ƏSF ona qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı, məhkəməyə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsini təqdim etmiş və həmin müqavilədə bank tərəfindən ona guya 600.000 ABŞ dolları kredit ayrılması göstərilmişdir. Onun adına 600.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilməsinə baxmayaraq, o, krediti faktiki olaraq götürməmiş, müqaviləni isə Eldar İsmayılovun faktiki olaraq kreditin verilməyəcəyini, bankdan pulun çıxarılmayacağını, bankın vəziyyətinin ağır olduğunu bildirib, köməklik etməsini xahiş etdiyinə görə imzalamışdır. Şahid qismində dindirilmiş Eldar İsmayılov isə ifadəsində göstərmişdir ki, özünə və Cavabdeh məxsus olan “xxxxx” MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə inşa olunan binanın tikintisində istfadə olunması məqsədilə özünün müşahidə şurasının sədri olduğu “X9” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 16% hesablanmaqla 600.000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh, həmin pul məbləğinin götürülməsi barədə kassa məxaric orderinə imza etməsinə baxmayaraq, pulu faktiki olaraq götürməmiş, pul tam olaraq bina tikintisinə sərf edilmişdir. Sonradan Cavabdeh MTK-dan uzaqlaşmış, adına yazılmış həmin kredit borcunun isə MTK tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra isə, həmin pul balansdan kənar hesab edilmiş və gəlirlər hesabına silinməli olmuşdur. MTK-nın inşa etdiyi mənzillər satılanda isə həmin borcun bağlanması, ödənilməsi nəzərdə tutulmuşdur. Kollegiya, yuxarıda göstərilən halları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, “X9” ASC ilə Cavabdeh arasında tərtib edilmiş müqavilə qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Ona görə ki, əvvəla, əgər tərəflər arasında həqiqətən də etibarlı kredit müqaviləsi bağlanmış olsaydı, borclu tərəfindən müqavilə üzrə ödənişlər edilmədiyi halda, Bank ona bununla bağlı xəbərdarlıq etməli idi. Belə ki, bank praktikasında kredit müqaviləsi üzrə borc vaxtında icra edilmədiyi, gecikdirildiyi təqdirdə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilir. Baxılan iş üzrə Bank isə, heç bir ödəniş edilməməsinə baxmayaraq, müqavilə müddəti ərzində borcluya ödənişlə bağlı bir dəfə də olsun xəbərdarlıq etməmiş, yalnız müqavilənin müddətinin bitməsindən xeyli müddət keçdikdən sonra cavabdehə kredit borcunun ödənilməsi barədə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərmiş və bundan sonra məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə, “X9” ASC müşahidə şurasının sədri olmuş Eldar İsmayılov istintaq oranında verdiyi ifadəsində cavabdehlə Bank arasında kredit müqaviləsi rəsmiləşdirilsə də, pulun Cavabdeh tərəfindən götürülmədiyini, özü tərəfindən bina tikintisinə sərf olunduğunu bildirməklə, sözügedən kredit müqaviləsinin sırf görünüş üçün, yəni həqiqətdə heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan edilən iradə ifadələri nəticəsində bağlandığını təsdiq etmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan, Kollegiya qeyd edir ki, “X9” ASC ilə Cavabdeh arasında tərtiblənmiş xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizlik səbəbilə etibarsız sayılması həmin müqavilə üzrə tərəflərdən heç biri üçün hüquq və öhdəlik əmələ gətirmədiyi, dolayısı ilə Bankın müqavilədən irəli gələn tələb hüququ yaranmadığı üçün onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də, iddia qeyd olunan əsaslarla rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirmədən iddianı rədd edərkən, qətnaməsini hüquqi müstəvidə etibarlı bir müqavilənin olmasına, lakin bank tərəfindən müqavilədə göstərilən kredit məbləğinin cavabdehə verilməsinin təsdiq edilmədiyi, eyni zamanda müqavilə tələbləri üzrə iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Ona görə də, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbləri üzrə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyası, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbinə qarşı cavabdehin müdafiə vasitəsi kimi istifadə etdiyi iddia müddətinin ötürülməsi barədə ərizəyə də bu konteksdən yanaşaraq qeyd edir ki, müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin tətbiq oluna bilməsi üçün, hər şeydən əvvəl tərəflər arasında bağlanmış etibarlı bir müqavilə olmalıdır. Çünki,iddia müddətipozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllə, maddə 372.2.). Etibarsız əqdlər baxımından isə müdafiə edilməli olan bir hüquq mövcud olmadığı üçün iddia müddətinin tətbiq edilməsi hüquqi baxımdan qeyrimümkündür. Hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi əhəmiyyətsiz (puç) əqd olmaqla bağlandığı andan etibarən etibarsız əqddir. Çünki, əhəmiyyətsiz əqdlər məhkəmədə iddia qaldırmadan özü-özlüyündə etibarsız olan əqdlərdir (Mülki Məcəllə, maddə 337.3). Belə əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürməyə gərək yoxdur. İddia irəli sürməyə ehtiyac olmadığı halda, belə tələb üçün müddət də nəzərdə tutulmaz. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət isə, əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddətdir. Kollegiya onu da vurğulayır ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi uydurma əqd olduğu üçün əqdin etibarsızlığının nəticələrinin tətbiqinə dair Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkün deyil. Beləliklə qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qimən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia tələbi isə yuxarıda sadalanan əsaslarla rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan “X9” ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1594/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan “X9” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar