Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3774/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-567/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə, illik 20 % ödəmək şərtilə 8078.13 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 8078.13 manat məbləği almışdır.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Borcalan Cavabdeh ödəniş qrafiki üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 180,38 manat, sonuncu ay isə 188,35 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir .
5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 102 gün olmaqla 617.13 manat məbləğində gecikmə yarandığından İddiaçı ASC X1 gecikmə borcunu ödəməsini 5 təqvim günü ərzində təmin etməsini xahiş etmişdir və məktubu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37, mənzil 32 və Bakı şəhəri, Sabunçu rayonu, Y/Ramana qəs.,M.Köçkünlər üçün tikilən bina1.,b.1,m.1 ünvanına göndərmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/9571 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 “Kapital Bank" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 25 oktyabr 2023-cü il tarixə - malivvə arayışı tarixə: əsas borc üzrə - 8078.13 manat, faiz borcu üzrə - 622.30 manat. 21 fevral 2024-cü il tarixə - rəyin verildiyi tarixə: əsas borc üzrə - 8078.13 manat, faiz borcu üzrə - 1062.90 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8078.13 AZN əsas; 745.85 AZN faiz; cəmi 8823.98 AZN məbləğində vəsaitin və ödənilmiş 108.24 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-567/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8078.13 manat əsas borc, 622.30 manat faiz borcu olmaqla, ümumilikdə, 8700,43 (səkkiz min yeddi yüz manat, qırx üç qəpik) manat borc və 108,24 (bir yüz səkkiz manat, iyirmi dörd qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması,iddia tələbinin qalan hissədə təmin edilməməsi və məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı, faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8078.13 manat əsas borc, 622.30 manat faiz borcu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcu tələb edir. Belə olanda məhkəmə qeyd edir ki, tərəflər arasındakı müqavilə münasibətlərinə həmin vaxt xitam verilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,421.2,423.2, 442,443.1,448.1,739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 78.1,80,81,217.4, 216-220, 222-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-567/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinin qismən ləğv edilməsini, faiz borcunun silinməsini və əsas borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının dediklərinə inanaraq qarşı tərəfin xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən ödəmələrin geçikməsi səbəbi əvvəl maddi durumun pisləşməsi olmuşdur. Məhkəmə də buna heç bir hüquqi qiymət verməmişdir. Onun öhdəliyi icra etməməyi ilə bağlı məhkəmənin gəldiyi hüquqi nəticə səhvdir. Çünki iddiaçı bank hesablamaları öz mülahizəsinə uyğun aparıb. O ödəmədən heç vaxt boyun qaçırmamışdır, maddi vəziyyəti ağır olduğu üçün ödəməmişdir. Onun özü Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır, həm də qazidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elektron Məhkəmə Sisteminə məlumat yerləşdirərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını xahiş etmişdir,cavabdeh isə üzrlü səbəb barədə hər hansı sübut təqdim etməyib. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, faiz borcunun silinməsini və əsas borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən edilir ki ,İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində, RGTK9462082A102 saylı kredit müqaviləsi bağlanılmış və cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə, illik 20 % ödəmək şərtilə 8078.13 manat məbləğində kredit verilmişdir.
23. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
25. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ödəmələrin geçikməsinə səbəb əvvəl maddi durumunun pisləşməsi olmuşdur. Məhkəmə də buna heç bir hüquqi qiymət verməmişdir. Onun öhdəliyi icra etməməyi ilə bağlı məhkəmənin gəldiyi hüquqi nəticə səhvdir. Çünki iddiaçı bank hesablamaları öz mülahizəsinə uyğun aparıb. O, ödəmədən heç vaxt boyun qaçırmamışdır, maddi vəziyyəti ağır olduğu üçün ödəməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/9571 №-li ekspert rəyindən görünür ki, X2 25 oktyabr 2023-cü il tarixə - maliyyə arayışının verildiyi tarixə əsas borcu 8078.13 manat, faiz borcu - 622.30 manat olmuşdur.
27. Məhkəmə kollegiyası ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsi üzrə tutulmalı olan məbləğ ilə bağlı düzgün qənaətə gəlmişdir.
31. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
32. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 102 gün olmaqla 617.13 manat məbləğində gecikmə yarandığından İddiaçı ASC X1 gecikmə borcunu ödəməsini 5 təqvim günü ərzində təmin etməsini xahiş etmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, maliyyə arayışının verildiyi tarixə olan faiz borcu ekspert rəyi nəzərə alınmaqla tutulmalıdır.
34. Cavabdeh apellyasiya şikayətində borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə ko0llegiyası izah edir ki, borcun hissə-hissə ödənilməsinə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində borclunun ərizəsinə əsasən baxılır.
36. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-567/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-567/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev