Məhkəmə qərarları › İş №2(103)-378/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-378/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-378/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 15 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 3197 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı-nin xeyrinə 2262,78 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016- cı il tarixli məhkəmə əmri ilə xx.xx.1957-ci il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1967-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2262 (iki min iki yüz altmış iki) ABŞ dolları 78 (yetmiş səkkiz) sent, cərimə borcu isə 192 (yüz doxsan iki) ABŞ dolları 68 (altmış səkkiz) sent, cəmi 2455 (iki min dörd yüz əlli beş) ABŞ dolları 46 (qırx altı) sent məbləğində pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi əmr edilmişdir.

4. Bundan sonra borclu Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmrinə etiraz ərizəsi verərək, əmrin ləğv edilməsini və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işin iddia icraatına keçirilməsi qərara alınmışdır.

6. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 993,06 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 0% olmaqla 3197 ABŞ dolları məbləğində kredit vermişdir. Borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddət bir kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 993,06 (doqquz yüz doxsan üç manat 06 qəpik) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı-nə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 15 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 3197 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materialları ilə o da, müəyyən edilmişdir ki, hal-hazırda borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı-yə 993,06 ABŞ dolları əsas borcu vardır. Belə ki, hesabdan çıxarışa əsasən xx.xx.2015-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmri üzrə tutulmuş məbləğ tutulduqdan sonra həmin müqavilə üzrə 1147 ABŞ dolları, manatla 1995.61 manat restrukturizasiya olunmuş, daha sonra icra mərhələsində mübahisəli kredit müqaviləsi üzrə 34.59 ABŞ dolları, manatla 58.80 manat ödənilmiş, hazırda cavabdehin müqavilə üzrə borcu 993,06 ABŞ dollarıdır. Məhkəmə cavabdehin, onun müxtəlif vaxtlarda pensiya məbləğindən pul vəsaitlərinin tutularaq ödənilməsini, ödənilmiş həmin tutmaların iddiaçı tərəfindən nəzərə alınmamasına dair iddiaya etirazına münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan çıxarışdan görünür ki, cavabdehin bir neçə kredit müqaviləsi üzrə borcları olmuş, həmin borc müqavilələri üzrə də, cavabdehin təqaüdündən məcburi tutmalar aparılmış, hesabdan çıxarışa əsasən də, bu mübahisəli kredit müqaviləsi üzrə yalnız 58.80 manat (34.59 ABŞ dolları) ödənilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 465.2, 470.1, 477.0.4, 739-cu, maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77,217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2552/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının göstərdiyi rəqəmlər əsassızdır və onların hesablarına uyğun gəlməmişdir. Bu səbəbdən onlarda iddiaçının hesablamalarına şübhə yaranmışdır. Və onun göstərdiyi məbləğlər etibarsızdır. Mülki Prosessual Məcəlləsinin 47, 62, 76, 78, 86, 95, 97-ci maddələrinə əsasən Cavabdehlərin İddiaçıya olan borc məbləğinin müəyyən edilməsi üzrə məhkəmə-mühasibatlılıq ekspertizasının təyin edilməsini və ekspertin qarşısında aşağıdakı: 1. Cavabdehin İddiaçıya olan borc məbləğinin köçürülmüş pul vəsaitlərin köçürülmə tarixini nəzərə alaraq, əsas borcun məbləği iddiaçının iddia verdiyi tarixədək və hal-hazıradək nə qədərdir? 2. Borc məbləğin köçürmə tarixini və əsas borcun ödəniş nəticəsində azalmasını nəzərə alaraq iddiaçının iddia verdiyi tarixədək və hal-hazıradək əsas borcun üstünə gələn faiz məbləği nə qədərdir? sualların qoyulmasını məhkəmədən xahiş etmişdi. Lakin məhkəmə prosesin audio və videoyazısından göründüyü kimi, vurma cədvəlini yaxşı bildiyini əsas gətirərək, vəsatətini təmin etməkdən imtina barədə əsassız qərardad qəbul etmişdir. Bundan başqa Məhkəmə iddiaçının ingilis dilində tərtib edilmiş və anlaşılmayan maliyyə cədvəlini sübut kimi qəbul etmişdir. Habelə iddiaçının göstərdiyi guya ki, problemli kreditlərlə bağlı işlər üzrə əməkdaşları borcluya və onun işləyən yaxın qohumlarına bu barədə məlumat vermişlər. Borclunu banka dəvət edərək beş illik müddətlə bir il güzəşt olunmaqla dolları manata çevirməklə krediti restrukturizasiya etsinlər, lakin tərəf yaxınlaşmadığı üçün və həmin fərmanın icrası xx.xx.2019-cu il tarixədək qüvvədə olduğu üçün həmin dolları manata çevirməklə krediti restrukturizasiya etmək mümkün olmamışdır” barədə mülahizəsi də əsassızdır. Belə ki, İddiaçı tərəfindən heç vaxt Cavabdeh1 və onun yaxın qohumlarına müraciət edilməmişdir. Bundan başqa Məhkəmə tərəfindən məhkəmə əmri qəbul olunandan sonra da, cavabdeh borca görə ödənişlər etmişdir. Sonradan onun borcu restrukturizasiya olunmuş, lakin bu barədə cavabdehə məlumat verilməmişdir. ABB-nin verdiyi maliyyə cədvəlindən göründüyü kimi icra mərhələsində cavabdehin pensiyasındanda tutmalar olmuşdur ki, iddiaçı bunu nəzərə almır. Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanın təsir dairəsinə düşdüyünə və bu səbəbdən xx.xx.2019-cu il tarixdə onun kredit borcundan 1173.89 ABŞ dolları məbləğində pul vəsaitinin silindiyi Məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin problemli kreditlərlə bağlı işlər üzrə bank əməkdaşlarının guya ki, borcluya və onun işləyən yaxın qohumlarına bu barədə məlumat verdikləri, borclunu banka dəvət edərək beş illik müddətlə bir il güzəşt olunmaqla dolları manata çevirməklə krediti restrukturizasiya etmək niyyətləri, lakin tərəf yaxınlaşmadığı üçün və həmin fərmanın icrası xx.xx.2019-cu il tarixədək qüvvədə olduğu üçün həmin dolları manata çevirməklə krediti restrukturizasiya etmək mümkün olmamsı barədə mülahizələrini məhkəmə heç bir sübut tələb etmədən qəbul etmiş və ABŞ dolları ilə borcun tutulması barədə yanlış qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, banka vəkil sorğusu vermişdi ki, kredit borcunun ödənilməsi barədə möhürlü sənəd məlumat təqdim edilsin. Bu günə qədər hələ də sənəd təqdim etməyiblər. Onlar yalnız hesabdan çıxarışı göstəriblər. Banka etibar etmir. Məhkəmə əmri çıxdıqdan sonra Prezidentin fərmanına əsasən borc azaldıldı. Daha sonra bank müraciət etmişdir ki, hər ay 2455 dollar cavabdehdən tutulsun. İcra şöbəsinə bildiriş göndərdilər. Sonra məcbur oldular ki, iddianın həcmini azaldılması barədə ərizə versinlər ki, cavabdehdən 993 dollar tutulsun. Cavabdeh 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankına 6 dəfə ödəniş edib. Bu barədə çıxarışları təqdim etmişdim. Azərbaycan Beynəlxalq Bankı onun pensiyasından 543 manat tutub, Yasamal İcra Şöbəsinə göndərilib. Əldən çıxmış fayda kimi 393 dollar var. Yasamal İcra Şöbəsinə ödənişlər ödənilib. 569 dollar ilə razı deyil. Hazırkı Azərbaycan Beynəlxalq Bankının çıxarışı nəzərə alınmayıb. Cavabdeh 281 dollar borcunu ödəməyə hazırdır. Ekspert 490 manat ödənişi nəzərə almayıb. Bank 2455 dollar cavabdehdən tutmuşdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hesabdan çıxarışda hesab nömrəsi yoxdur. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək borcun məbləği ilə bağlı qətnaməni mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi pul vəsaitinin məbləği hissəsində dəyişdirilməlidir.

22. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 15 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 3197 ABŞ dolları məbləğində kredit verilmişdir.

23. İddiaçı tələbində tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit sazişi üzrə cavabdehlərdən 993,06 ABŞ dolları tutulmasını xahiş edir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 993,06 (doqquz yüz doxsan üç manat 06 qəpik) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı-nə ödənilməsi qət edilmişdir.

25. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

26. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlər Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tutulması qət edilən borc məbləği ilə bağlı mübahisələndirilmişdir.

28. İşin hallarından görünür ki, İddiaçı-nin müqavilə üzrə faiz borcu ilə bağlı tələbi yoxdur.

29. İş materiallarından olan Cavabdeh1 məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə kart vasitəsilə ödənişlər edilmişdir.

30. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CD/41399/50/10 saylı kredit sazişi üzrə müqavilə restruktrizasiya olunduqdan sonra borclu tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla əsas borc nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2024cü il tarixli, 3-16-16/2-9/9059/2024 saylı rəydə qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında və 30 mart 2025-ci il tarixli CD/41399/50/10 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 30 iyun 2016-cı il və 15 may 2024-cü il tarixinə İddiaçı-yə olan borcu aşağıdakı kimi müəyyən edilir : 30 iyun 2016-cı il tarixə - əsas borc üzrə 1 720,82 ABŞ doları, faiz borcu üzrə 0,00 ABŞ dolları, 15 may 2024-cü il tarixə əsas borc üzrə 569,45 ABŞ doları, faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu 393,91 ABŞ dolları.

32. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qətnaməsi əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi pul vəsaitinin məbləğində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 569,45 (beş yüz altmış doqquz dollar qırx beş sent) ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ) tutularaq İddiaçı-yə ödənilməli, ekspertizanın keçirilməsi ilə bağlı 100 manat dövlət rüsumu İddiaçı-dən tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 569,45 (beş yüz altmış doqquz dollar qırx beş sent) ABŞ dolları məbləğində pul vəsaiti ( qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ) tutularaq İddiaçı-yə ödənilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 100 manat dövlət rüsumu İddiaçı-dən tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar