Məhkəmə qərarları › İş №2(103)-3780/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3780/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3780/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı (bundan sonra – MMC) cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxx” X2 (bundan sonra – QSC) qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə2 və cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20.994.909,69 manat, 2016-cı il üzrə 17.832.241,62 manat, 2017-ci il üzrə 13.272.902,98 manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin- 30 manat məbləğində pulun onun (MMC-nin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(007)-794/2019) ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-10506/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçı MMC-nin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikasının Ali məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı (İş № 2(102)-273/2020) ilə kassasiya şikayətini təmin edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, işə apellyasiya qaydasında yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilən səbəblərdən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq bildirir ki, iddiaçı MMC-nin iddiası və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh QSC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, PS-01/041 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, iddiaçı isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin adından Cavabdeh1 verilmiş etibarnaməyə əsasən o, iddiaçının adından cavabdeh QSC-dən neft məhsullarını almağa və öz istəyinə uyğun olaraq respublikanın ərazisindəki yanacaq doldurma məntəqələrinə sataraq əldə etdiyi pul vəsaitlərini 12 ay müddətinə kassa mədaxil orderi vasitəsilə iddiaçının kassasına və ya bank hesabına ödəməli idi. Lakin Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsaitini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçı MMC-yə təhvil verməmiş, pul vəsaitinin qaytarılması ilə bağlı MMC-nin etdiyi çoxsaylı şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışdır. İşə baxmış Rayon Məhkəməsi işin hallarını araşdırmamış, qeyd edilən xüsusatları nəzərə almamışdır. İddiaçı MMC-nin nümayəndəsi X3 və MMC-nin vəkili Nümayəndə3 apellyasiya baxışının əvvəlki iclasında onlar tərəfindən verilmiş vəsatətlərin və məhkəmə tərkibinə etirazın müzakirəsində iştirak etmiş, apellyasiya baxışının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə2 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, MMC ilə cavabdeh QSC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, PS- 01/041 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, iddiaçı isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 iddiaçı MMC tərəfindən onun adından verilmiş etibarnamə əsasında neft məhsullarını QSC-dən almış və yanacaq doldurma məntəqələrinə təhvil vermiş, bunun nəticəsində əldə etdiyi pulu isə tam həcmdə MMC-yə təhvil vermişdir. Cavabdeh1 MMC-yə hər hansı məbləğdə borcu yoxdur. Bu hal Cavabdeh1 ilə MMC arasında keçirilmiş üzləşmə əsasında tərtib edilmiş xx.xx.2018 tarixli “Üzləşmə aktı” ilə təsdiq edilir. Həmin üzləşmə aktını aşıq aşkar tərzdə qeyd edilib ki, Cavabdeh1 MMC-yə ödənilməmiş borcu qalmamışdır. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, MMC ilə cavabdeh QSC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, PS-01/041 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, iddiaçı isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 da həmin etibarnamə əsasında neft məhsullarını QSC-dən almışdır. Bundan sonra isə Cavabdeh1 ilə MMC arasında yaranmış hər hansı mübahisənin QSC-yə heç bir aidiyyatı yoxdur. Çünki QSC iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxxxxxxx” MMC (hüquqi varisi hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC) ilə cavabdeh QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, PS 01/041 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, satıcı olan QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, alıcı olan isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda görünür ki, MMCnin QSC ilə aralarında bağlanmış həmin “xxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən MMC-nin nümayəndəsi kimi fəaliyyət göstərən Cavabdeh1 təmsil etdiyi MMC-yə bütün sənədləri və satışdan əmələ gələn pulu təhvil vermiş və onun MMC-yə olan borcu “xxxxx” manat təşkil edir. Qeyd edilən üzləşmə aktının MMC-nin direktoru Şahid tərəfindən bir başa imzalanmaması, imazanın faksimile klişe vasitəsi ilə icra olunması, buna baxmayaraq bu imzanın MMC-nin möhürü ilə təsdiq edilməsi hazırki işin mübahisəsiz halıdır və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6759 və 7756 saylı rəylər ilə təsdiq edilir. Buna görə də, Məhkəmə bildirir ki, mübahisəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın” MMC-nin möhür ilə təsdiq edildiyi üçün həmin aktın MMC-nin direktoru kimi adı göstərilmiş şəxs tərəfindən birbaşa deyil, faksimilye klişe vasitəsi ilə imzalanması həmin aktın saxta olması və ya MMC tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Qeyd etmək lazımdır ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Belə olan halda, mübahisələndirilən aktda olan möhürün MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin MMC-nin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi aktın etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia tələbini sübuta yetirmək yükünü daşıyan iddiaçı MMC həmin möhürün Cavabdeh1 tərəfindən qanunsuz olaraq ələ keçirlərək aktda vurulması xüsusatını təsdiq edə biləcək sübutaları məhkəmələrə təqdim etməmişdir. Beləliklə, Məhkəmə qeyd edilən aktı Cavabdeh1 ilə MMC-nın birgə tərtib etdikləri sənəd kimi qiymətləndirir və aktın həm Cavabdeh1, həmdə MMC üçün hüquqi nəticələrin yaratdığını müəyyən edir. Bu səbəbdən hesab edilməlidir ki, MMC-nin qeyd edilən aktın saxta olması barədə dəlili əsassızdır; Rayon Məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qərarında ifadə etdiyi göstərişləri istiqamətində araşdırma apararaq, qeyd edir ki, MMC ilə QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxx əsasən, cavabdeh QSC iddiaçı MMC-yə neft məhsullarını satmağı, sonuncu isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulları qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən səlahiyyətli nümayəndə kimi Cavabdeh1 müqavilə üzrə məhsulları alıb digər yanacaqdoldurma məntəqələrinə paylamaq və həmin məntəqələrdən alınmış vəsaitləri MMC-nin xəzinəsinə mədaxil etmək vəzifəsi həvalə edilmişdir. İddiaçı MMC Cavabdeh1 tərəfindən cəmi 52.100.054 manat məbləğində pulun MMC-yə təhvil verilməməklə qanunsuz saxlandığına istinad edərək həmin məbləğin Cavabdeh1la bərabər QSC-dən də tutularaq MMC-yə ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdeh1 onunla iddiaçı MMC arasında xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə akt təqdim edərək ümumiyyətlə borcu olmadığını bildirmişdir MPM-nin apellyasiya insytansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən 372-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin iddia ərizəsinin forması və məzmununu müəyyən edən 149-cu maddəsinin tələblərinə görə, iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin məzmunundan mübahisəsiz qaydada görünür ki, iddiaçı MMC onunla cavabdeh QSC arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxx” istinad etsə də QSC-nin müqavilə üzrə hər hansı öhdəliyi yerinə yetirməməsini, cavabdeh kimi pul öhdəliyinin hansı əsaslarla yaranmasını ümumiyyətlə göstərmədən digər cavabdehlə bərabər müştərək qaydada pul tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152, 259-cu maddələri ilə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilməsinin nəticələri müəyyən edilmişdir. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən hallar və Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişləri Məhkəmə tərəfindən iddiaçı MMC-nin nümayəndəsinin nəzərinə çatdırılmış və iddiaçının nümayəndəsi əvvəlki apellyasiya baxışı zamanı bildirmişdir ki, iddia tələbi hər iki cavabdehə qarşı yönəlmişdir və iddia ərizəsində qeyd edilən pul vəsaiti cavabdehlərdən birgə tutulmalı, cavabdehlərin əməllərində cinayət əlamətlərinin araşdırılması və qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq müvafiq prokurora göndərilməlidir. Belə ki, İddiaçı MMC-nin adından Cavabdeh1 verilmiş etibarnaməyə əsasən o, iddiaçının adından cavabdeh QSC-dən neft məhsullarını almağa və öz istəyinə uyğun olaraq respublikanın ərazisindəki yanacaq doldurma məntəqələrinə sataraq əldə etdiyi pul vəsaitlərini 12 ay müddətinə kassa mədaxil orderi vasitəsilə MMC-nin kassasına və ya bank hesabına ödəməli idi. Lakin Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsaitini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçı MMC-yə təhvil verməmiş, pul vəsaitinin qaytarılması ilə bağlı MMC-nin etdiyi çoxsaylı şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış, pulları mənimsəmişdir. Cavabdeh QSC isə topdan satış qaydalarını pozaraq icraçı direktor Cavabdeh1 və onun faktiki rəhbəri olan Mirsəfər Seyidovla qabaqcadan əlbir olub həmin pulların mənimsənilməsinə şərait yaratmışdır. Mübahisəli xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə akt isə Cavabdeh1 tərəfindən saxtalaşdırılımışdır. Belə ki, o, MMC-yə məxsus möhürdən və MMC-nin direktoru Şahid məxsus faksimilə imzası klişedən istifadə etməklə iddiaçının direktorunun iradəsini ifadə etməyən saxta qarşılıqlı üzləşmə aktı düzəltmişdir. Həmin akt iddiaçı MMC-nin nə baş mühasibi, nədəki kassiri tərəfindən imzalanmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, MMC-nin direktoru Cahangir İsayev həmin vaxt ümumiyyətlə əmək qabiliyyətsiz olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vergi orqanı iddiaçı MMC-də neft məhsullarının alışının olduğunu, satışının olmadığını gördükdə MMC-yə yanacaq məhsulunun satışı barədə külli miqdarda maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, müəyyən edilir ki, MMC-yə dəymiş ziyan hər iki cavabdeh tərəfindən törədilib və MMC ziyanın əvəzinin hər iki cavabdehdən tutulmasını tələb edir. Bunu nəzərə alan Məhkəmə hesab etmişdir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar iddiaçı tərəfindən aradan qaldırıldığı üçün ərizənin MPMnin 259-cu maddəsinə əsasən baxılmamış saxlanması üçün əsas yoxdur və işə mahiyyəti üzrə baxmaq mümkündür. İşə mahiyyəti üzrə tam hüquqlu məhkəmə kimi baxan Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin mövqeyinə görə, Cavabdeh1 onun adından QSC-dən neft məhsullarını almağa və öz istəyinə uyğun olaraq Respublikanın ərazisindəki yanacaq doldurma məntəqələrinə sataraq əldə etdiyi pul vəsaitlərini 12 ay müddətinə kassa mədaxil orderi vasitəsilə iddiaçı MMC-nin xəzinəsinə və ya bank hesabına ödəməli idi. Lakin Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsaitini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçıya ödəməmişdir. İddiaya etiraz edən Cavabdeh1 isə, iddiaçının adından etibarnamə əsasında qəbul etmiş olduğu neft məhsullarını müvafiq yanacaqdoldurma məntəqələrinə paylamış və onlardan almış olduğu pul məbləğlərini vaxtında iddiaçıya ödəmişdir. Bununla bağlı olaraq üzləşdirmə aktı tərtib olunmuş və onun iddiaçıya hər hansı məbləğdə borcunun olmaması müəyyən olunmuşdur. Cavabdeh QSC isə yuxarıda artıq qeyd edildiyi kimi, hesab edir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında yaranmış mövcud mübahisənin QSC-yə ümumiyyətlə aidiyyətı yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlərin onun qarşısında icra edilməmiş pul öhdəliyinin olmasını və onun etmiş olduğu xəbərdarlıqlara baxmayaraq həmin məbləğin ödənilməməsini sübut etmək yükü ilk növbədə iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iş üzrə verilmiş ekspert rəyi ilə də xx.xx.2018-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxndakı” imzaların faksimile klişe vasitəsilə icra olunduğu üçün kimin tərəfindən icra edildiyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı sübuta yetməməsi əsası ilə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə, həmçinin iddia tələbi əsassız hesab edildiyi üçün iddiaçının cavabdehlərin barəsində xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi üçün hər hansı əsas müəyyən etməmişdir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar