Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3780/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X1 nümayəndəsi vəkili və İddiaçı1 vəkili X3, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi vəkil X11 iştirakları ilə, iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) X1 İddiaçı1 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” qarşılıqlı tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı işi üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400000 manat mənzillərə görə, 80000 manat 40 kv.m-lik obyektə görə və 90000 manat kredit müqaviləsi üzrə, cəmi 575000 manat məbləğində vəsaitin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X5 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı 400000 manat mənzillərə görə, 80.000 manat 40 kv.m-lik obyektə görə tələbini baxılmadan geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanmışdır (iş.səh.240, 245). İddiaçı X1 nümayəndəsi vəkil X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində kredit müqaviləsinin məbləği borcun məbləği olaraq 90000 AZN qeyd edilmişdir. Əslində notariat qaydada imzalanmış kredit müqasiləsi 40000 AZN məbləğində imzalanmışdır. Bu səbəblə iddia tələbini dəqiqləşdirərək Cavabdeh 40000 AZN tutulmasını xahiş etmişdir (səh.241). Birinci instansiya məhkəməsinin icraatı zamanı X1 4 ay, 03 fevral 2015-ci il müddətinədək hər ay 10000 manat qaytarmaqla şərti ilə Cavabdeh 40000 manat məbləğində faizsiz borc olaraq kredit verilməsinə dair 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin surəti (səh.29) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı işi üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 40000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı X1 xeyrinə tutulması, Cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77., 119.1, 217.4: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 347.1, 354.1, 354.2, 385.1, 427.3, 442, 443.1, 448.1,739-cu maddələrinə istinadən qeyd edilir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Qarşılıqlı iddia ilə bağlı cavabdeh 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüş, müqavilə imzalandığı tarixdən iki ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, 2014-cü ildə iddiaçının əri olan Məmmədov Musa isa oğlu bildirdi ki, özünün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həmin evin ətrafındakı heç bir hüquqi sənədi olmayan 30 sota yaxın sahəsi olan torpaq sahəsini satmaq istəyir. O, həmin torpaq sahəsini sənədləşdirib, həmçinin müştəri taparaq evi qeyri-rəsmi və torpaq sahələrini rəsmi satıb. Lakin sonradan onlar müxtəlif bəhanələr gətirdi, evini və torpağını geri istədi. Müxtəlif orqanlara şikayətlər etdi və şantaj etməyə başladı. O da evə görə aldığı pulu müştəriyə geri qaytarıb, İsa deyib ki, evi özü satacaq və 10 sot torpaq sahəsini də ona qaytarmağını tələb etdi. O, qohumluq münasibətini nəzərə alıb razılaşıb. İsa razılaşmanın təminatı kimi arvadı - hazırkı İddiaçı2 ilə aralarında 40000 manatlıq borc müqaviləsi bağlanmasını təklif etdi. Buna görə də 03 oktyabr 2014-cü il tarixli borc müqaviləsi aralarında formal olaraq rəsmiləşdirildi. Müqavilədə, 40000 manat pul borc verməsi qeyd edilmişdir. Lakin əslində bu müqavilə 10 sot torpaq sahəsinin qaytarılması üçün bağlanmışdı və bu borc müqaviləsinə görə hər hansı məbləğdə pul verilməmişdir. 13 oktyabr 2014-cü il tarixdə bağlanmış AN-1 N° ******* saylı alqı-satqı müqaviləsinə əsasən, şərtləşdikləri kimi 0,1 ha sahəsi olan torpaq sahəsini X7 mülkiyyətindən İddiaçı2 adına rəsmiləşdirilib.Həmçinin İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sataraq pulunu aldı. Bununla da aralarında olan bütün maddi anlaşılmazlıqlar və razılaşmalarımız sona çatdı. Bu halı təsdiq edən sübut kimi İddiaçı1 tərəfindən 16 oktyabr 2014-cü il tarixdə yazılmış, notarial qaydada təsdiqlənmiş ərizənin surətini də məhkəməyə təqdim etmişdir. Orada İddiaçı1 bildirmişdir ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, bununla bağlı qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq.Lakin buna baxmayaraq onlar yenidən həmin borc müqaviləsini əsas götürüb pul tələb edirlər.Həmin vaxt borc müqaviləsi bağlanan zaman İddiaçı2 əri İddiaçı1 ondan şikayəti əsasında Abşeron RPİ-nin İŞ-də araşdırma aparılırdı. Onlar şikayət edərək pul tələb edirdilər. Belə bir vaxtda ona İddiaçı2 borc pul verməsi mümkün deyildi. Qeyd etdiyi kimi, həmin əqd əslində 10 sot torpaq sahəsinin İddiaçı2 adına rəsmiləşdirilməsinin təminatı üçün bağlanmışdı. O torpaq da onlara verilmişdir.Lakin sonradan yenə də ondan əsassız yerə şikayətlər edilmiş, şantaj yolu ilə pullar tələb edilməyə başlanılmışdır.Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələbini pozmuş, həmçinin işin mühüm əhəmiyyət kəsb edən halını araşdırmayaraq müəyyən etməmişdir. 17.05.2021-ci il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi vəkil X11 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında torpaq satışı ilə bağlı mübahisə oluğunu, 10 sot torpaq sahəsinin geri qaytarılmasını tələb etdiyini, bununla bağlı razılığa gəldiklərini, iddiaçı ilə aralarında 40000 manat borc öhdəliyi olan 03.10.2014-cü il tarixli müqavilənin bağlanıldığını, bu müqavilənin 10 sot torpaq sahəsinin qaytarılması üçün təminat məqsədilə bağlanıldığını, 13.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyini, İddiaçı1 ərizəsində heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirdiyini, həmin torpaq sahəsinin qarşı tərəfə verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, müqavilənin aralarında olan barışıqdan əvvəl bağlanıldığını, münasibətlərin onunla cavabdeh arasında olduğunu, lakin müqavilənin arvadı ilə bağlanıldığını, 40000 manat ödənilməsi tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi vəkili və İddiaçı1 vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək, qətnamədə qeyd edilən 40000 manatın ödənilməsini tələb etdiklərini və prosessual tələblər baxımından iddianın təmin edilmiş hissəsində iddiaçıların arasında mübahisənin olmadığını, cinayət işinin başlanmasına dair qərarda izahatda qeyd edilən 120 kv.m mənzilin və 40 kv.m-lik obyektin İddiaçı1 verilmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Sədrlik edənin iddiaçıların iddia tələbinin həcminə və iddiaçıların subyektiv tərkibinə dair aydınlıq gətirilməsi üzrə izah edilmiş mülahizələr təqdim etmək hüquqlarına dair İddiaçılar X5 və İddiaçı1 ərizələrində Cavabdeh öhdəlik üzrə yaranmış 40000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığın Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-357, 385-390, 404, 421-425, 460, 560; 739-742, 882, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh aid edilməlidir. Qətnamədə əks edilmiş tələbin həcmi üzrə prosessual qeyrimüəyyənlik işin mahiyyətinə təsir etmədiyindən və tələb üzrə birgə iddiaçıların razılıqları yazılı ərizələri ilə izhar edildiyindən, bu müstəvidə də əsasların mövcudluğu qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün prosessual pozuntu kimi qəbul edilə bilməz. Mülki qanunvericiliyinin tələbləri üzrə eyd edilməlidir ki: yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Hazırki münasibətlər yalan (pərdələnmiş) və ya əhəmiyyətsiz əqd olsa belə tərəflər onu borc müqaviləsi (borcun etirafı) kimi tərtib etmiş, lakin bu onların arasında digər mülki münasibətlərdə anlaşılmazlıqların təminatı kimi bəyənilmişdir. Cavabdeh (nümayəndəsi) razılığın olmasını və buna dair İddiaçı1 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizənin mövcudluğunu qeyd etsədə, 10 sot torpaq sahəsi və sair mübahisə üzrə razılaşmanın təminatı kimi İddiaçı2 ilə aralarında 40000 manatlıq borc müqaviləsinin ləğv edilməsini təmin (tələb) etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı işi üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3780/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3780/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver