Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3782/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-407/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********22 nömrəli tam kart müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 4.700 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tam kart müqaviləsi üzrə ödənilməmiş 4.699,82 manat əsas borc, 523,76 manat faiz borcu mövcuddur.
2. "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********39 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 21.9 faiz ödəmək şərti ilə 25.300 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin istehlak kredit müqaviləsi üzrə ödənilməmiş 25.300 manat əsas borc, 3.136,54 manat faiz borcu, 0.02 manat cərimə borcu mövcuddur.
3. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh yaranmış borcu xəbərdarlığı aldığı vaxtdan 3 gün müddətində ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi yuxarıda istinad olunan işin hallarına əsaslanmaqla həmçinin qeyd edilmişdir ki, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 407/2025 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25.300 manat əsas, 3.136,54 manat faiz, 0,02 manat cərimə borcu olmaqla, cəmi 28.436,56 manat borcun, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə 4.699,82 manat əsas, 523,76 manat faiz borcu olmaqla, cəmi 5.223,58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 190,98 manat pul vəsaiti və 0,4 manat xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı vaxtından əvvəl tələb etmə hüququndan istifadə edərək məhkəməyə iddia tələbi ilə müraciət etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən düzgün araşdırma aparmamış, yalnız iddiaçı tərəfinin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək iddia tələbini olduğu kimi təmin etmişdir. İş üzrə əsas borclu Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit xətti müqavilələri üzrə ödənişlərini müəyyən edən hesabdan çıxarışın məhkəməyə təqdim olunması üçün məhkəmə tərəfindən heç bir tədbir görülməmiş, bu da nəticə olaraq qanunazidd qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit xətti müqavilələri üzrə yaranmış “əsas və faiz” borcunun düzgün hesablanıb-hesablanmaması hissəsində də heç bir hüquqi mövqe əks etdirməmiş, araşdırma aparmamış, məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş və öz mülahizəsinə uyğun olaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə kifayətlənmişdir. Göstərilən faktlardan da açıq aşkar görsənir ki, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət vermədən onu dinləməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir, bu da məhkəmə çəkişməsi prinsipinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, ağır avtomobil qəzası keçirdiyindən məhkəmə iclasında iştirakının mümkünsüz olduğunu bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin qeyd olunanları təsdiq edən sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin edilmiş, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023cü il tarixli tam kart kredit müqaviləsi, daha sonra xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsi imzalanmış, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.
21. Kollegiya ilkin olaraq qeyd edir ki, cavabdeh tərəfindən sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak edərək hazırda işləmədiyi üçün krediti ödəyə bilmədiyini bildirmiş və ödəmək üçün vaxt verilməsini xahiş etmiş, lakin tərəfindən əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlillər irəli sürülməmiş, bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verməmişdir.
22. Cavabdeh tərəfindən gecikmədə olan borcun ödənildiyi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 407/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: