Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3783/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(004)-593/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/70122/89/35 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 36 ay müddətinə 30.000 manat məbləğində istehlak krediti verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 bank qarşısında Cavabdeh3 ilə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/70122/89/35 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borclunun xx.xx.2023-cü il tarixə 27520,22 manat əsas borc, 2495,14 manat faiz borcu olmaqla, cəmi 30015,36 manat məbləğində borcu vardır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubda kredit müqaviləsi üzrə yaranmış borcun dərhal ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən yaranmış borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə istehlak krediti üzrə ödənilməmiş 27520,22 (iyirmi yeddi min beş yüz iyirmi manat iyirmi iki qəpik) manat əsas borc, 2495,14 (iki min dörd yüz doxsan beş manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 30015,36 (otuz min on beş manat otuz altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181 (yüz səksən bir) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/70122/89/35 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə bank tərəfindən 30.000 manat məbləğində istehlak krediti və eyni müqaviləyə əsasən 36 ay müddətinə 800 manat məbləğındə kredit kartı verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh3 müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh1 və Cavabdeh2 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icra etməlidirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(004) 593/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27520,22 (iyirmi yeddi min beş yüz iyirmi manat iyirmi iki qəpik) manat əsas borc, 2495,14 (iki min dörd yüz doxsan beş manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 30015,36 (otuz min on beş manat otuz altı qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181 (yüz səksən bir) manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər-hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə 22 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə 27520,22 (iyirmi yeddi min beş yüz iyirmi manat iyirmi iki qəpik) manat əsas borc, 2495,14 (iki min dörd yüz doxsan beş manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 30015,36 manat borcu yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və qətnamədə qeyd edildiyi kimi heç də öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu faktı təsdiq edə biləcək sübutlar təqdim olunacaqdır. Bundan başqa tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Əgər təqdim olunsa idi, onda yəqin ki, məhkəmə də öz qətnaməsinin əsaslandırıcı hissəsində müqaviləyə, maliyyə arayışına və s. sübutlara istinad etmiş olardı. Bundan əlavə qətnamə məhkəmə iclasında cavabdehlərin iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Cavabdehin müqaviləyə imza etməsi əsas gətirilərək tələb təmin edilmişdir. Eyni zamanda borc məhkəməyə verilənədək tərəfindən xeyli məbləğdə ödənişlər həyata keçirilmişdir. Onda belə çıxır ki, bu qədər ödənişləri nəzərə alınmayıb. Onsuz da bank keçən müddət ərzində ödənişlərindən əlavə faizlərini də belə artıqlaması ilə götürmüşdür. İndi isə haqsız olaraq ondan əlavə pullar da tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən isə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və bu sahədə xüsusi biliyə malik olan ekspert rəyi əsasında əsas və faiz borcunun hansı əsaslarla hesablanmasını müəyyənləşdirməli idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin borc məbləğinin tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/70122/89/35 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 36 ay müddətinə 30.000 manat məbləğində istehlak krediti verilmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğu halda kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etmək hüququndan istifadə etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməməsini, eyni zamanda borc məhkəməyə verilənədək tərəfindən xeyli məbləğdə ödənişlər həyata keçirilməsini, bu qədər ödənişlərinin nəzərə alınmamasını, bankın keçən müddət ərzində ödənişlərindən əlavə faizlərini də belə artıqlaması ilə götürməsini və haqsız olaraq ondan əlavə pullar da tələb etməsini göstərmiş bu dəlillərini həmçinin, birinci instansiya məhkəməsi tərəfindən isə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və bu sahədə xüsusi biliyə malik olan ekspert rəyi əsasında əsas və faiz borcunun hansı əsaslarla hesablanmasını müəyyənləşdirməli olması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş 22 noyabr 2023-cü il tarixə olan maliyyə arayışına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan, borcun məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yaranmış və buna görə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5387 nömrəli rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, MK/70122/89/35 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 22 noyabr 2023-cü il tarixə (maliyyə arayışı tərtib edilən tarixə): əsas borc üzrə - 28.169.02 manat, faiz borcu üzrə - 3.619.01 manat. 18 aprel 2024-cü il tarixə (qətnamə çıxarılan günə): əsas borc üzrə - 28.169.02 manat, faiz borcu üzrə - 6.360.80 manat. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, qeyd olunan rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa həmin rəylə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini bir daha tapmışdır. Göründüyü kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini borc məbləğinin tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən xeyli ödənişlər edildiyini bildirərək, borcun məbləği ilə razı olmadığına dair apellyasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə hesablanmış borcun məbləği, yəni ayrı-ayrılıqda əsas və faiz borcu iddiaçının tələbindən də yüksək olması müəyyən edilmişdir. Bununla belə məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsini (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği düzgün müəyyən edilmişdir. Digər tərəfdən cavabdeh iddiaçı tərəfin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsini bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir, həmin hallar isə iş materialları ilə müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də, sms formasında cavabdehə göndərilmiş və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etmişdir (iş vərəqə 28, 34, 53). Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Göründüyü kimi işin faktiki halları ilə cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(004)- 593/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov