Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3784/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 13.860,80 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh 13.860 (on üç min səkkiz yüz altmış) manat, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 188 saylı yükdaşmada 13.04.2019-cu ildən hadisə olan günə kimi orada işləmişdir. İşə qəbul olunandan sonra maşının nasaz olduğunu görüb yazılı surətdə İddiaçıMMC-nin direktoru Rəşad Mahmudova və qaraj müdiri Vidadi Abdulova maşının “tormoz”unun olmamasını bildirmişdir. Ona hər hansı bir müqavilə verilməmişdir. İşə qəbul olunan zaman onun hərbi biletini Rəşad Mahmudov aldı. İşdən çıxmaq istədikdə sənədlərini vermədi, məcbur olub bu işdə işləməli oldu. Hər gün etirazını bildirirdi, onlarda onu aldadaraq hər gün sabah ona başqa maşın verəcəklərini bildirirdilər. Hadisə olan zaman şok vəziyyətində olmuşdur. Ayağı sınıq özü şokda tibbi yardıma ehtiyacı olduğu halda onunla müdiriyyət maraqlanmadı və bütün xərclərini özü ödədi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Muxtarov bildirir ki, hadisə törədən zaman əlində telefon olub. Maşının sığortası həmin vaxtı yox idi. Çünki, hadisə baş verən zaman Abdulov Vidadiyə zəng edən zaman ona dediyi ilk söz bu oldu ki "qaç avtomobilin nakleykasını qopart“ o, isə cavabında dedi: heç olmasa onun sağlamlağını soruşsunlar nə yerdədir sonra isə avtomobili, onun ayağı sınıb pis gündədir qalxa bilmədiyi halda müdir ondan avtomobilin nakleykasını qopartmağa dair göstəriş verir, (polislər görməsin deyə). Hər gün onu aldadaraq qaraj müdiri Abdulov bugün get 1-2 günə başqa avtomobil veriləcəyi barədə kollektivdə bildirirdi. Bütün kollektiv avtomobilin nə vəziyyətdə oluğunu yəni sol qapı açılmır, ruçnoy (əl tormozu ) yox, şüşələr enmir qalxmır və ən əsası tormozu tutmurdu. Bunu faktlarla sübut edə bilər, telefon danışıqları hər gün vaxtından tez gəlirdi qaraja. Bu hallar hər gün təkrarlanıb, hanı Abdulov, hanı Rəşad indi, rəhbərliyin gözü qabağında baş verib bu hallar. Avtomobilin yol qəzasının törədilməsi ondan asılı olmayan halda baş verib. Yəni avtomobil saz vəziyyətdə olsaydı yol-nəqliyyat hadisəsi baş verməzdi. Avtomobilin aşmasında günahkar deyildir. Onun maddi imkanı yoxdur. İddiaçının əsas məqsədi ondan əlavə pullar qopartmaqdır. O, isə buna imkan verməyəcək. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, əyləc sistemi olmadan dəfələrlə getmişdi. Onun telefon danışıqları da durur. Bunlar hamısı onun sübutlarıdır. Hər dəfə deyilirdi ki, yeni avtomobil veriləcək. Avtomobilin texniki nasazlığı barədə dəfələrlə şirkətə məlumat vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, işin halları rayon məhkəməsində araşdırılıb. Avtomobilin texniki nasazlığı olduğu halda, cavabdeh maşından istifadə etməməli idi. Şirkətdə işə çıxmaq könüllüdür. Çünki, nə qədər işə çıxsalar, ondan işçilərə faiz gəlir. Cavabdehin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nifuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli, YX-2019-399 saylı sürücü xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçının tapşırığı əsasında və ona məxsus olan yük avtomobili ilə yüklərin daşınmasında sürücülük xidmətinin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin tələblərinə uyğun olaraq, 06.05.2019-cu il tarixdə Cavabdeh “xxxx” MMC-yə məxsus olmaqla, iddiaçının istifadə və sahibliyində olan və ona etibar edilmiş “Hyundai HD 65” yük markalı, **-JN-*** dövlət nömrə nişanlı avtomobillə sürücü qismində yük daşıyarkən Muğanlı-İsmayıllı yolunda idarəetməni itirmiş və nəticədə avtomobil aşmışdır. Hadisə ilə bağlı tərtib edilmiş 06.05.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh həmin hadisənin törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İddiaçının istifadə və sahibliyində olan həmin avtomobilə dəyən ziyanın həcmi “Auto Azərbaycan” şirkətinin Servis Mərkəzi tərəfindən 13.860,80 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkətləri, yəni avtomobili yüksək surətlə idarə etdiyindən idarə etməni itirməsi və aşırtması nəticəsində avtomobilə maddi ziyan vurulduğunu iddia edir və “Auto Azərbaycan” şirkətinin Servis Mərkəzi tərəfindən ziyan məbləği qismində müəyyən edilmiş 13.860,80 manat pulu ondan tələb edir. Cavabdeh iddianı qəbul etmir, avtomobilin əyləc sistemində nasazlığın olduğunu, o cümlədən əyləcin işləmədiyini, bu barədə şirkətin rəhbərliyinə, xüsusilə də Vidadi Abdulov adlı şəxsə dəfələrlə şifahi və yazılı məlumat verdiyini, lakin onun məlumatına məhəl qoyulmadığını və nəticədə avtomobillə muğanlı-ismayıllı yolu üzrə hərəkət edərəkən, əyləcin işləmədiyini və məhz bu səbəbdən idarə etməni itirdiyini və nəticədə avtomobilin aşdığını, həmin vaxt şok yaşadığını, ayağının sındığını, onun bu vəziyyətindən istifadə edilərək, xatırlamadığı müəyyən sənədlərin ona imzalatdırıldığını bildirir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi üzrə tərtib edilmiş 07.10.2020-ci il tarixli, 9/1617-8/744 nömrəli ekspert rəyinə əsasən “Auto Azərbaycan” şirkəti tərəfindən təqdim edilmiş 08.06.2019-cu il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2001-ci il buraxılışlı “Hyundai HD 65” yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13.860 manat müəyyən edilir, “Hyundai HD 65” yük markalı, 2011-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 20.000 manat təşkil edir, avtomobilin kabinası hadisədən sonra dəyişdirildiyindən həmin avtomobilin hadisə zamanı tormoz sistemində hər hansı nasazlığın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 12.04.2019-cu il tarixli sürücü xidmət müqaviləsinin 2.2.8-ci, 2.2.13-cü maddələrinə, habelə 4-cü bölməsinə (tərəflərin məsuliyyəti) əsasən cavabdeh təqsirli hərəkətləri/hərəkətsizliyi (avtomobildən istifadə zamanı texniki və təhlükəsizlik tələblərinə uyğun davranmaması) nəticəsində iddiaçıya məxsus əmlaka, o cümlədən idarə etdiyi avtomobilə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İddiaçının istifadə və sahibliyində olmaqla, 06.05.2019-cu il tarixdə cavabdeh tərəfindən idarə edilən “Hyundai HD 65” yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin məhz onun təqsirli, hüquqazidd əməli nəticəsində aşması və nəticədə iddiaçıya maddi ziyanın vurulması tam sübuta yetirilir. Bununla belə, məhkəmə hesab edir ki, cavabdeh 12.04.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, avtomobildən istifadə zamanı avtomobili texniki və təhlükəsizlik qaydalarına uyğun idarə etməmiş və nəticədə yol-nəqliyyat hadisəsi törədərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh yol nəqliyyat hadisəsinin onun təqsirli hərəkətləri nəticəsində deyil, avtomobilin nasaz vəziyyətdə olması, yəni əyləc sisteminin işləməməsi nəticəsində baş verdiyini, bu barədə iddiaçı tərəfə dəfələrlə şifahi və yazılı məlumat verdiyini, lakin onun məlumatına məhəl qoyulmadığını bildirir. Buna baxmayaraq, bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Avtomobilin kabinası hadisədən sonra dəyişdirildiyindən ekspert tədqiqatı zamanı da həmin avtomobilin hadisə zamanı tormoz sistemində hər hansı nasazlığın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hər bir halda, müqavilə tərəfi olan cavabdeh iddiaçıya məxsus əmlaka vurduğu maddi zərərin əvəzinin tam həcmdə ödənilməsi barədə öhdəliyinə söykənərək, bu məsələ ilə bağlı iddiaçıya rəsmi qaydada müraciət etməklə, avtomobilin texniki baxışdan keçirilməsi, o cümlədən əyləc sisteminin sazlıq vəziyyətinin yoxlanılması təmin edilənədək, yükün daşınması üzrə tapşırığı yerinə yetirməkdən imtina edə bilərdi. Müqavilənin 5-ci bölməsində baş verə biləcək fors major hallarla bağlı yazılı formada xəbərdaretmə qaydası müəyyən edilmişdir və cavabdehin qeyd edilən məsələ ilə də bağlı eyni yazılı qaydaya riayət etməsinə hər hansı qadağa yox idi. Lakin cavabdeh nəticə etibarı ilə bunu etməmiş və üzərində 2,5 ton yük olan avtomobillə 10-dan artıq işıqfor keçdikdən və 170 km-rə yaxın yol qət etdikdən sonra yol nəqliyyat hadisəsinin məhz əyləc sisteminin nasaz olması səbəbindən baş verdiyini bildirir. Hətta artıq yolda gedərkən avtomobili əyləməkdə çətinlik çəkdiyini qeyd edir. Buna baxmayaraq, avtomobili idarə etməyə davam etmişdir. Bu baxımdan da, yəni avtomobilin nasaz olduğunu bilə-bilə onu idarə etməyə davam etməsi halında da, bu avtomobilə vurulmuş maddi ziyanın əvəzini məhz cavabdeh ödəməlidir. Bu səbəbdən onun dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2020-ci il tarixli, 9/1617-8/744 nömrəli ekspert rəyini müqayisəli şəkildə təhlil edib, ziyan məbləğinin əhəmiyyətsiz dərəcədə (qəpik fərqi ilə) fərqli olmağına baxmayaraq, hər bir halda ekspert rəyini mötəbər sübutu kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, vurulmuş zərər məbləğinin əvəzi qismində cavabdehdən iddiaçının xeyrinə məhz bu rəydə göstərilmiş 13.860 manat məbləğində pul tutulmalıdır Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən ona vurulan zərərin ödənilməsini tələb edir, cavabdeh isə iddianı qəbul etmir, əsas kimi şikayətində göstərdiklərini qeyd edir. İkincisi, cavabdehin şikayətində göstərdikləri onun mülki hüquqi məsuliyyət daşımaqdan azad edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin şikayətinin məzmunundan və izahatından aydın olur ki, o, ümumən zərərin məbləğini mübahisələndirmir, yalınz zərərin onun təqsiri olmadan yarandığını bəyan edir, başqa sözlə iddiaya bu cür etiraz edir. Ancaq etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü artıq onun üzərinə düşür, lakin o, bu halları sübut edə bilmir. Yol nəqliyyat hadisəsinin baş verməsində iddiaçı tərəfi təqsirləndirir, səbəb kimi, avtomobilin texniki cəhətdən nasaz olduğunu, o cümlədən əyləc sisteminin işləmədiyini göstərir. Bu dəlilin həqiqi olması belə nəinki cavabdehin məsuliyyətini istisna edir, əksinə bu cür vəziyyəti bilə-bilə avtomobili idarə etməsi onun iddiaya etirazının nə dərəcədə əsassız olduğunu şərtləndirir. Çünki, avtomobil texniki cəhətdən nasaz olduğu təqdirdə, ən azından cavabdeh həmin avtomobili daha ağır hüquq pozuntusunun, yəni cinayətin baş verməməsi üçün idarə etməməli idi. Başqa sözlə texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi nəticəsində üçüncü şəxslərin əmlakına, sağlamlığına, həyatına zərər vuran, cinayət məsuliyyəti yaradan hadisə də baş verə bilər. Bu zaman hər bir halda cavabdehin daha ağır məsuliyyət daşıyacağı qaçılmaz ola bilərdi. Ona görə də şikayətin məzmunundakı bu dəlillər baş vermiş hadisədə açıq-aşkar cavabdehin təqsirsizliyini deyil, təqsirli olduğuna dəlalət edir. Bu səbəbdən bu cür dəlillər heç bir halda iddianın rədd edilməsi üçün əsas ola bilməz. Üçüncüsü, cavabdehin iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması və bununla əlaqədar hansı həcmdə mülki hüquqi məsuliyyət daşımalı olması iddiaçı tərəfindən təqdim olunan işdə olan mötəbər sübutlarla, o cümlədən ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin qeyd olunan rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Cavabdehin vurduğu zərəri ödəmək üçün maddi imkanının olmadığını bəyan etməsi isə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3784/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3784/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver