Məhkəmə qərarları › İş №2(103)-3784/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3784/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3784/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayonu 50 saylı Notariat ofisinə qarşı mülki iş (Açar sözlər: «icra qeydinin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-583/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: xx.xx.2024-cü il tarixli icra qeydi ilə borclu İddiaçı xx.xx.2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 10000 manat və 25 manat dövlət rüsumunun tələbkar X2 xeyrinə tutulması barədə icra qeydi aparılmışdır.

2. xx.xx.2024-cü il tarixli, 3M-337 reyestr nömrəli Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış, borc müqaviləsinə əsasən X5 ilə İddiaçı arasında 60000(altmış min) manatın borc verilməsi barədə müqavilə bağlanmış, borclu İddiaçı borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişə əsasən İddiaçı, ünvan 1 ünvanına poçt vasitəsilə və 055 377 68 77 saylı mobil telefona sms vasitəsilə 3M-337 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılması barədə bildiriş göndərilmişdir.( xx.xx.2024; Azərpoçt MMC, AZ 1002; dublikat çek əlavə edilmişdir).

4. İddiaçı tərəfindən tələbkara xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 35000 manat ödənilmişdir.

5. xx.xx.2024-cü il tarixli ərizə ilə X5 3M-337 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir.

6. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon İcra şöbəsinin qərarına əsasən 8İ-12683 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

7. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisinin 8İ-12683 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borcluya tələbin 10 gün ərzində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu 50 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 saylı Notariat Ofisində M-337 nömrəli reyestr qeydi ilə xx.xx.20224-cü il tarixli “Borc Müqaviləsi“ üzrə 10000 (on min) manat qalıq borcunun tələbkar X3 ödənilməsi barədə xx.xx.2024-cü il tarixli İcra Qeydinin ləğv edilməsi və ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiada göstərilib ki, vərəsəliklə ona düşən payın alınması üçün ona pul lazım olmuşdur. O zaman vərəsəliklə müəyyən edilmiş mənzilin qiyməti 91.500 manat müəyyən edilmişdir. Həmin mənzili öz adına qeydiyyatdan keçirmək istəsə də, lakin pulu olmadığı üçün buna imkanı olmamışdır. Mənzilinin olmadığından və həmin mənzili öz adına qeydiyyatdan keçirmək istəsə də, lakin pulu olmadığı üçün buna imkanı olmamışdır. Eyni zaman da onun başqa işləri ilə əlaqədar başqa şəxslərə borcu olmuşdur. Ona görə də o, tanışlar vasitəsi ilə borca pul götürmək istədiyini bildirmişdir. O zaman onun tanışı Namiq vasitəsi ilə Asif Abdullayev adlı şəxsi tanımımışdır. Asif Abdullayev mənzil-alqı-satqısı ilə məşğul olmuş və bir neçə maklerlə əlaqə saxlamış və həmin mənzili minimum 135 min manata satıla biləcəyini bildirmişdir. Ona görə onlar razılığa gələrək faizlə borca pul verəcəyini bildirmişdir. xx.xx.20224-cü ildə biz birlikdə 50 saylı Notariat Ofisində “60000 (altımış) manat məbləğində faizlə borca pul götürməyi barədə M-337 nömrəli reyestr qeydi ilə “Borc Müqaviləsi “ bağlamışlar. Lakin müqavilədə pulu faizə götürməyi barədə qeyd edilməmişdir. Qeyd edir ki, o zaman nəzərdə tutulmuş müddətdə mənzilin alqı-satqısını həyata keçirə bilməmişdir. Eyni zamanda borca götürdüyü pul kifayət etmədiyi üçün o, məcbur olub başqa adamdan əlavə olaraq borca pul almışdır. O zaman o, Asifin borcunu qaytarmaq üçün mənzili Asif tərəfindən satılmasını bildirsə də, lakin Asif bir ay ərzində mənzili sata bilməmişdir. Sonradan mənzili alqı-satqı etsə də, lakin başqa şəxsə böyük məbləğdə borcu olduğu üçün mənzili aldıqdan sonra, həmin şəxsə borcunu qaytaramışdır. Eyni zamanda X3 (Abdullayev Asif) olan borcunun üç dəfəyə 50.000 (əlli min) manat pul ödəmişdir. Digər qalıq məbləğini, yəni 10000 (on min) manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırda o, fərdi işlərlə məşğul olur və aylıq əmək haqqı 350,00 (üç yüz əlli) manat təşkil edir. O, tək yaşayır, aldığı əmək haqqı onun təminatını ödəmir. Hazırda onun maddi vəziyyəti çox aşağıdır və aldığı əmək haqqı onun yaşamağına güclə çatır. Lakin buna baxmayaraq o, hər ay aldığı cüzi miqdarda əmək haqqı borcunun ödəyəcəyini bildirmişdir. Tələbkar ondan borcunu tələb edilməsi ilə bağlı notariat qeydinin alacağı və işin icra edilməsi üçün İcra şöbəsinə verilməsi ilə əlaqdar heç bir məlumat verməmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru onunla icra şöbəsinə gəlməyi barədə mesaj göndərmiş və o, xx.xx.2024-cü il tarixində o, icra şöbəsində olmuşdur və həmin vaxtı icra məmuru ona xx.xx.2024-cü il tarixli Ne307886/2024-16-12-004 saylı bildiriş, xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərar və xx.xx.2024-cü il tarixli icra qeydi təqdim etmişdir. X3 olan borcunu tədricən qaytarmaq üçün dəfələrlə onun özünə bildirmişdir və hətta onların arasında olan mübahisə bir neçə dəfə öz aralarında müzakirə olunmuşdur. Lakin o zaman Abdullayev rəsmi olaraq icra qeydinin alınması üçün müraciət edib-etməyəcəyi barədə ona heç bir məlumat verməmişdir. Lakin hazırda məlum olmuşdur ki, Abdullayeva Aidə rəsmi olaraq 50 saylı Notariat Ofisinə müraciət etmiş və borcun qaytarılması barədə xx.xx.2024-cü il tarixində İcra Qeydi almışdır. Onunla tələbkar X5 arasında olan borcun qaytarılması üçün İcra Qeydinin alınması qüvvədə olan “Notariat Haqqında” Qanunun tələblərinə ziddir. Qanunun 76- cı maddəsini tələbinə görə icra qeydi barədə ona 20 gün əvvəlcədən məlumat verilməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5 borcun qaytarılması üçün rəsmi qayda ona heç bir bildiriş göndərməmiş və ya ona elektron qaydada bildirmədiyindən ləğv edilməlidir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-583/2025 saylı, 23 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə X5 arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 Maksim Vladimiroviçə 60000 manat pulu borc vermiş, borclu xx.xx.2024-cü il tarixədək həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu İddiaçı tərəfindən həmin borcdan xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 35000 manat geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə X5 tərəfindən İddiaçı borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən icra qeydi aparılmışdır. Hazırda iddiaçı 50 saylı Notariat Ofisində M- 337 nömrəli reyestr qeydi ilə xx.xx.20224-cü il tarixli “Borc Müqaviləsi“ üzrə 10000 (on min) manat qalıq borcunun tələbkar X3 ödənilməsi barədə xx.xx.2024-cü il tarixli İcra Qeydinin ləğv edilməsi və ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi göstərdiyi hal, icra qeydinin aparılacağı barədə bildirişin ona çatdırılmamasından ibarətdir. Lakin iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən poçt qəbzi ilə müəyyən edilir ki, icra qeydinin aparıldığı xx.xx.2024-cü il tarixdən 1 ay 8 gün qabaq bildiriş tərtib edilərək iddiaçının olduğu ünvan 1 ünvanına göndərilmişdir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, bildiriş iş materiallarında mövcud olsa da, onun tərəfindən qəbul edilməmişdir və bildirişin ona çatmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. Məhkəmə iddiaçının bu mövqeyinə münasibətdə qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir və Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılacağı barədə bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilərək, borcluya xx.xx.2024cü il tarixli icra qeydinin aparılmasından qabaq xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın, eləcə də iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının cavabdehdən tutulmasının təmin edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmənin istinad etdiyi “Bildirişin” ona təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, X5 onun rəsmi qeydiyyatda olduğu ünvanı və faktiki yaşadığı mənzilin ünvanını bilir. Lakin buna baxmayaraq onun faktiki yaşadığı ünvana deyil, yaşamadığı ünvana bildiriş göndərdiyini göstərir. X5 poçtla ona göndərdiyi məktubu o, almayıb və bu barədə X5 məktubu poçt tərəfindən onun özünə geri qaytarılmışdır. Bu faktı müəyyən etmək üçün poçt tərəfindən məktubun kimə təqdim edilməsini yoxlamaqla müəyyən etmək olar . Məhkəməyə təqdim edilən poçt qəbzi bildirişin göndərilməsini göstərsə də, lakin bildiriş ona təqdim edilməmişdir. Bu barədə məhkəmədə cavabdeh tərəfindən Bildirişin onun tərəfdən alınması barədə qəbzi məhkəməyə təqdim edilməsi barədə tələbi təmin olunmamışdır. İcra Bildirişində göstərilən telefon nömrəsi – 055 377 68 77 onun nömrəsi deyildir və bu barədə heç bir SMS göndərməmişdir. Lakin məhkəmə bu hala da düzgün və obyektiv qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:

İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, hər iki iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

29. Əvvəla, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilmişdir. Çünki tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. İddiaçı bildirişin ona təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyini, X2 onun rəsmi qeydiyyatda olduğu ünvanı və faktiki yaşadığı mənzilin ünvanını bildiyini, buna baxmayaraq onun faktiki yaşadığı ünvana deyil, yaşamadığı ünvana bildiriş göndərdiyini bildirsə də, əvvəla bildirişin ona təqdim edilməsini təsdiq edən hər hansı bir sənədin məhkəməyə təqdim edilməməsi iddianın və apellyasiya şikayətinin əsaslı olduğuna və qətnamənin avtomatik ləğv edilməli olmasına dəlalət etmir. Bundan əlavə, tələbkarın onun qeydiyyatda olduğu ünvanla yanaşı faktiki yaşadığı mənzilin ünvanını həqiqətən bildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. Ancaq o, bu barədə məhkəməyə sübut təqdim etməyib. Üstəlik iddiaçı borc müqaviləsində özünün faktiki yaşadığı mənzilin ünvanını da qeyd edə bilərdi, ancaq etməyib. Bu halda iddiaçının dəlilləri daha ciddi sayıla bilərdi. Demək tələbkarın bildirişi borclunun faktiki yaşadığı ünvana göndərməməsi onun təqsiri sayıla bilməz. Eyni zamanda, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra,... borclu şəxsə təqdim olunmuş sayılır.

30. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Təqdim edilmiş sənədlər mübahisəsiz olduqda və iddia müddəti keçmədikdə icra qeydi verilir. Göründüyü kimi, tələbkar tərəfindən həmin siyahıda göstərilən sənədlər notariusa təqdim olunmasaydı icra qeydi verilməsi üçün əsas da olmazdı, üstəlik borclu da kredit müqaviləsinin etibarlı və borcun mübahisəsiz olmasını inkar etmir. Demək ki, notarius icra qeydi verməmişdən əvvəl bu halları yoxlamışdır. Qanunvericiliyə əsasən bu tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsidir. Bununla yanaşı, iddiaçı açıq-aşkar hüquqdan sui-istifadə edərək tələbkara zərər vurmağa çalışır. Əks halda 1 ildən artıq müddətdə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini bugünədək tam icra edə bilərdi, ancaq etmir və bu davranışı ilə də icra etmək istəmədiyini büruzə vermiş olur. 31.Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında göstərildi ki:

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin. 2.Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin. 3.Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Bu qərarda formalaşdırılan hüquqi mövqeyə görə...borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü ildə icra qeydinin verilməsindən məlumatlı olsa da, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Demək iddiaçı ən geci 01 noyabr 2024-cü ilədək icra qeydini mübahisələndirməli idi. Düzdü Konstitusiya Məhkəməsinin qərarında bu müddətin iddia müddəti yaxud kəsici müddət olub-olmamasına dair hər hansı bir mövqe bildirilməyib. Buna baxmayaraq, bu halın özü də iddianın əsaslı olmadığına dəlalət edir.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-583/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-583/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar