Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3786/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs olmaqla) “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3344/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 50.000 manat məbləğində maddi və 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən narazı qalaraq apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(103)- 1519/2017 saylı qərarı ilə şikayəti təmin edilməmiş, sözügedən hökm dəyişdirilmədən saxlanılmış və qərar dərhal qanuni qüvvəsini almış və o, cəzasının icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Lakin, sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə vəkilləri tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-558/2019 saylı xx xxx 2019-cu il tarixli hökmü ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmağına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş və barəsində bəraət hökmü çıxarılmışdır. xx xxxxxx 2017-ci il tarixdən azadlığı qanunsuz məhdudlaşdırılmaqla Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təziqlərə məruz qalmışdır. Barəsində aparılan cinayət təqibinin ibtidai araşdırılması qeyri-obyektiv, qərəzli keçirilmiş, məhkəmə istintaqı zamanı isə məhkəmə ədalətli və hərtərəfli araşdırma aparılmadan, həqiqəti əks etdirməyən, mötəbər olmayan cinayət işinin materiallarında olan sübutlara əsaslanmaqla ona cinayətkar statusu vermişdir. Ona görə də o, qanun pozuntuları ilə həyata keçirilən ədalət mühakiməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək olan 2 il 4 ay ərzində onun azadlığı qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qanunsuz həbsdə olduğu müddətdə gəlir əldə etmək imkanından məhrum olunmuş, sağlamlığında bir sıra mənfi dəyişikliklər baş vermiş, immuniteti olduqca zəifləmişdir, hazırda vərəm və hepatit C virusundan əziyyət çəkir. Pozulmuş hüquqlarının peşəkar müdafiəsi üçün ailəsi tərəfindən bütün məhkəmə instansiyalarında vəkillə təmin olunmuş və ona görə də ona göstərilən keyfiyyətli hüquqi xidmət üçün maddi vəsait xərcləmək məcburiyyətində qalmışdır. Həmin müddət ərzində nəinki o, eləcə də ailəsi sair maddi çətinliklər çəkmiş, həmçinin mənəvi iztirablara məruz qalmış, yaşadığı ərazidə və əvvəllər işlədiyi kollektivdə haqsız yerə narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar kimi tanınmışdır. Ona görə də hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3344/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun dövlət büdcəsi vasaitinə hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişlər. İddiaçı qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, şikayəti belə əsaslandırmışdır ki, iddiaçı onun cinayət işi ilə aidiyyatı olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Qətnamədə Mülki Məcəllənin 1114-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda məhkəmə yalnış olaraq Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirmişdir. Məhkəmə baxışı zamanı mənəvi ziyanın müəyyən edilməsi üçün hər hansı faktlar göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-558/2019 nömrəli xx.xx.2019-cu il tarixli Hökmünə əsasən, müdafiəçilər tərəfindən verilmiş apelyasiya şikayətinin (apelyasiya şikayətinə əlavə ilə birlikdə) təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir. Hökmdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Hökmdə qeyd edilmişdir ki, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, İddiaçı bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinə, nə də ki (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil; Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs İddiaçı ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə bütün halları etiraf etməsi, lakin hazırki məhkəmə baxışındakı ifadələrdə verilmiş ittihamı qəbul etməməsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.5.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan sübutlar İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Hazırda iddiaçı cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi 5000 manat məbləğində mənəvi zərər tutmuş, maddi zərər hissəsində isə iddianı həmin tələbi iddiaçı sübuta yetirə bilməməsi əsası ilə təmin etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti doğrudur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan qərardakı mənəvi zərərin əmələ gəlməsinə səbəb olmuş hərəkətlərin qiymətləndirmə meyarlarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mənəvi zərər olaraq 5000 manat tutmaqda haqlı olmuşdur. Həmin məbləğ ağlabatan və ədalətlidir. Maddi zərərlə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3344/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3786/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3786/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver