Məhkəmə qərarları › İş №2(103)-3786/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3786/2024

12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3786/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-223/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205,9 kv.m olan qeyriyaşayış sahəsi ilə bağlıdır (bundan sonra – qeyri-yaşayış sahəsi). Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindidir, sahə xx.xx.2016-ci il tarixli icarə müqaviləsi əsasında cavabdehin icarəsində olub, xx.xx.2023-cü ildə iddiaçıya təhvil verilib Tələb və onun həlli: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) cavabdeh qeyri-yaşayış sahəsini xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək qanunsuz sahibliyində saxladığına görə əldən çıxmış faydanın əvəzi kimi 51.110 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun; 2) qeyri-yaşayış sahəsində yerləşən, iddiaçıya məxsus əmlakların cavabdehin dövlət orqanlarının qarşısında yaranmış borcuna görə satılması barədə məhkəmə qərarı qəbul olunduğu üçün real zərərin əvəzi (əmlakların dəyəri) kimi 5.300 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia ərzəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də xahiş olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, qeyri-yaşayış sahəsinin qanunsuz saxlanmasına görə 42.000 manat kompensasiya cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İcarə müqaviləsi xx.xx.2016-cı ildə bağlanıb, icarə müddəti xx.xx.2017-ci ilədək, aylıq icarə haqqı isə 500 manat müəyyən edilib. Müqavilədə qeyd olunub ki, icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzsə icarə müddəti daha 1 il uzadılmış hesab olunur. İcarə müddəti bir neçə dəfə uzadılıb, xx.xx.2022-ci ildə icarə müddəti bitib. Cavabdeh qeyri-yaşayış sahəsini təhvil vermədiyinə görə iddiaçı bundan əvvəl başqa iddia ilə məhkəməyə müraciət edib. Həmin iddianın əsasında Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə qət olunub ki, cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılsın, 11.250 manat icarə haqqı borcu və 843,75 manat əldən çıxmış fayda cavabdehdən tutularaq iddiaçıya verilsin. Bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. Qətnamə icra olunaraq qeyri-yaşayış sahəsi xx.xx.2023-cü ildə iddiaçıya təhvil verilib. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək (sahə təhvil verilənədək) qanunsuz sahiblikdə saxlanıldığına görə əldən çıxmış faydanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi düzgün olaraq əldən çıxmış faydanın xx.xx.2022-ci ildən deyil, 2022-ci il aprel ayının ikinci yarısından başlayaraq xx.xx.2023-cü ilədək olan dövr üçün tutulmasını qət edib. Belə ki, əvvəlki iddia üzrə qəbul olunmuş qətnamə ilə qət olunub ki, icarə müddəti bitdikdən sonra qeyri-yaşayış sahəsi qaytarılmadığı üçün icarə müddətinin bitdiyi xx.xx.2022-ci ildən sonrakı dövrə - 2022-ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə 843,75 manat əldən çıxmış fayda tutulsun. Ona görə də iddiaçı 2022-ci ilin aprel ayının ikinci yarısından sonrakı dövrə görə belə tələb irəli sürə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin dövrə görə 42.000 manat əldən çıxmış faydanın tutulmasını qət edib. Belə ki, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 3.000 manat təşkil edir. 2022-ci il aprel ayının ikinci yarısından xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün bu məbləğin cəmi 42.000 manat təşkil edir (14 ay x 3.000 manat = 42.000 manat). Bir neçə günlük fərqin əhəmiyyəti yoxdur, çünki 3.000 manat təxmini orta bazar qiymətdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində bu qiymətin təxmini orta bazar qiyməti olduğu qeyd edilib, "xxxx" MMC-nin rəyində isə orta bazar qiymətinin daha yüksək - 3.400 manat olduğu qeyd edilib. Beləliklə, iddianın təmin edilməsinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 və 705-ci maddələrinin göstərişlərinə uyğundur. Qətnamə iddianın rədd edilməsin aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 223/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar