Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3786/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. 05 may 2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 “Toyota Prius (hibrid) minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmışdır.
2. “Grand Avto” Servis tərəfindən verilmiş 18 fevral 2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilə 3000 manat zərər dəymişdir.
3. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında İXP ******* nömrəli protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.
4. “Grand Avto” Servis tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri 7020 manat zərər dəymişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 18/0926 nömrəli 25 iyul 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən iş materiallarında olan X6 tərəfindən tərtib edilmiş 18 fevral 2023-cü il tarixli qüsur aktı ilə Lexus 570 markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və göstərilən xidmətin müəyyən edilmiş dəyəri mövcud orta bazar qiymətinə qismən uyğun olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 10020 (on min iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat, ümumilikdə 10140 (on min yüz qırx) manatın tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2023-cü il tarixdə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsinin tələblərini pozaraq, idarə etdiyi ona məxsus “Toyota Prius (hibrid) minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks yola çıxaraq, iddiaçıya məxsus “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla bağlı 17 fevral 2023-cü il tarixdə cavabdehin təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin qabaq buferinə, qabaq sol qanadına, qabaq sol işıq cihazına, qabaq alt panelinə və bir sıra digər hissələrinə ciddi zərər dəymişdir. “Grand Avto” servis tərəfindən verilmiş qüsur aktına əsasən avtomobilin ehtiyyat hissələrinin alınması üçün 7020 manat, xidmət haqqı üçün isə 3000 manat, ümumilikdə 10020 manat vəsait tələb olunur. İddiaçı bu vəsaiti ödəyərək, avtomobilini təmir etdirmiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində 10020 manat həcmində zərərə uğramışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərər 10020 manat və ödənilmiş dövlət rüsumu 120 manat İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 241.1, 244, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi Şamaxı rayonunda olmuşdur. Hadisədən sonra əraziyə YPX əməkdaşları gəlmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Bildirir ki, "Grand Avto" servis həddindən artıq şişirdilmiş rəqəm yazmışdir. Faktiki olaraq həmin maşına bu qədər maddi zərər dəyə bilməz. Məhkəmədə iştirak edə bilmədiyi ücün maddi sübutları təqdim edə bilməmişdir. Məhkəmə işə birtərəfli qaydada baxaraq ədalətsiz qətnamə qəbul etmişdir. Qətnaməni xx.xx.2025-ci ildə rəsmi qaydada əldə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, “Yuxarı instansiya məhkəməsinin əsas vəzifələrindən biri, işin yenidən baxılması deyil, yol verilmiş məhkəmə səhvlərinin düzəldilməsidir”. Məhkəmə maddi ziyanın əvəzinin ödənilməsi zamanı qüsur aktına əsaslanmışdır. Qüsur aktında həddindən artıq şişirdilmiş rəqəmlər yazılıb. Bu məbləğlə ümumiyyətlə razı deyil. İş üzrə təkrar ekpertiza təyin olunmasını istəyir. Qüsur aktında həddindən artıq şişirdilmış rəqəm göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuş işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə “Toyota Prius (hibrid) minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəticədə “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı 10020 manat məbləğində zərərin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. “Toyota Prius (hibrid) minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır.
32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.
33. Dəymiş maddi zərərin həcmi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Grand Avto” servis tərəfindən verilmiş qüsur aktına əsasən “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilə 10020 manat zərər dəymişdir.
34. Kollegiya işin obyektiv həlli üçün xx.xx.2025-ci il tarixli qərardad ilə mübahisə predmeti olan “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri və göstərilən xidmətin dəyərinin mövcud orta bazar qiyməti barədə mütəxəssis rəyinin alınmasını, iş materiallarında olan “Grand Avto” Servis tərəfindən tərtib edilmiş 18 fevral 2023-cü il tarixli qüsur aktı ilə “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və göstərilən xidmətin müəyyən edilmiş dəyərinin mövcud orta bazar qiymətinə uyğun olub-olmamasını müəyyənləşdirməyi qərara almışdır.
35. Buna əsasən iş materiallarında olan Azərbaycan Respublikası MBA LTD MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 18/0926 nömrəli 25 iyul 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən iş materiallarında olan X6 tərəfindən tərtib edilmiş 18 fevral 2023-cü il tarixli qüsur aktı ilə Lexus 570 markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və göstərilən xidmətin müəyyən edilmiş dəyəri mövcud orta bazar qiymətinə qismən uyğun olduğu müəyyən edilmişdir.
36. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə iclası zamanı cavabdeh tərəfindən avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin ciddi zədələnməsi nəticəsində maddi zərər vurulması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. “Toyota Prius (hibrid) minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Lexus 570” markalı, T 9** YM *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin ciddi zədələnməsi nəticəsində qeyd olunan məbləğdə maddi zərər vurulması iş materiallarında olan “Grand Avto” servis tərəfindən verilmiş qüsur aktı ilə təsdiq edilir. Həmçinin, Azərbaycan Respublikası MBA LTD MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 18/0926 nömrəli 25 iyul 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə ötən dövr ərzində mövcud qiymətlər arasında kəskin fərq müşahidə edilmədiyindən kollegiya hesab edir ki, qətnamənin ləğvi üçün əsaslar mövcud deyil.
37. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. “Mahmudovun Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
39. “Qavazovun Bolqarıstana” qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 mart 2008-ci il tarixli qərarında bir daha vurğulamışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul Cavabdeh tutularaq VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2206/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul Cavabdeh tutularaq VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.