Məhkəmə qərarları › İş №2(103)-3789/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3789/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3789/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 755/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi tam pay əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12555 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh və İddiaçı arasında bağlanmış 18 mart 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi 5 il müddətinə aylıq 100 manat məbləğində icarə haqqı ödəmək şərti ilə İddiaçı icarəyə verilmişdir.

3. Cavabdeh ilə X17 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi X18 tərəfindən X12 bağışlanmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X13 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi X18 tərəfindən Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-519 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 və onun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNKnın 4Ə-1270 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-da təsdiqlənmiş xx.xx.2022 nömrəli, 8İ-733 reyestr nömrəli təhvil-təslim aktının və "xxxx" MMC-nin 0028/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən qeyri-yaşayış sahəsi X15 adına qeydiyyatdan keçmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli kitabın 12555 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

6. X10 ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi 390.000 (üç yüz doxsan min) manata X10 tərəfindən X1.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 18 mart 2024-cü il tarixə qədər Cavabdeh xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində müxtəlif yerlərdə kirayə əsaslarla qeyri-yaşayış sahələri götürərək, gözəllik salonları işlətmişdir. Növbəti dəfə 2019-cu ilin ortalarında Cavabdeh xüsusi mülkiyyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsini götürərək, gözəllik salonu kimi işlətmək qərarına gəlmişdir. Hətta 18 mart 2019-cu il tarixdə 5 il müddətinə hər ay 100 manat ödəmə şərti ilə aralarında icarə müqaviləsi bağlanmışdır. O vaxtdan etibarən, həmin salonu işlətməyə başlamışdır. Bir neçə il keçdikdən sonra, cavabdehlə belə bir razılaşmaya gəlmişdilər ki, o, salonun təmirini həyata keçirir və köhnə avadanlıqları yenisi ilə əvəz edir Cavabdeh isə dəyişdirdiyi avadanlıqların və təmirin pulunu ödəyir. Salonu kosmetik təmir etdirmiş, hətta kanalizasiya sistemini yenisi ilə əvəz etmişdir. Müqavilə üzrə öhdəlikləri layiqincə yerinə yetirmiş, vaxtlı-vaxtında icarə ödənişlərini etmişdir. İcarə müqaviləsinin pulunu cavabdehə ödədikdən 15 gün sonra, cavabdehin oğlu ondan həmin qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmişdir. Bir müddət keçdikdən sonra, gözəllik salonuna şəxsiyyəti ona məlum olmayan şəxslər gələrək, həmin əmlakın mülkiyyətçisi olduqlarını bildirmişlər və həmin yerin dərhal boşaldılmasını ondan tələb etmişdilər. Onları tanımadığına görə, aralarında mübahisə yaranmış və o, dərhal 102 xidmətinə zəng vurmuşdur. 10-15 dəqiqəyə hadisə yerinə polis əməkdaşları gəlib, qarşı tərəfə onun 18 mart 2019-cu il tarixdən 5 il müddətinə icarə müqaviləsinin olduğunu, həmin müqavilənin müddətinin 18 mart 2024-cü il tarixdə bitdiyini bildirmişlər və iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bununla belə, cavabdeh müqavilədən irəli gələn şərtləri yerinə yetirmir. Belə ki, 18 mart 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin 2.2-ci bəndində müqavilənin 5 il müddətinə bağlandığı qeyd edilmişdir. Həmin icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən isə icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi Sahə bu Müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Müqavilənin 8.1-ci bəndinə əasən isə bu müqavilənin müddətinin pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 18 mart 2019-cu il tarixli icarə müqaviləsinin qabaqcadan xitamı, həmin müqavilənin 10.2.1-ci bəndinə əsasən ancaq hər iki tərəfin razılı ilə mümkündür. Bununla da cavabdeh icarə müqaviləsinin 8.1-ci bəndinin tələbini pozmuşdur. Belə ki, onunla bağlanmış icarə müqaviləsi 18 mart 2024-cü il tarixdə bitir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-755/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X16)

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Bu o deməkdir ki, əmlakın hazırkı mülkiyyətçisinə qarşı (X9 qarşı) tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı kontekstində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll etməlidir. Bu səbəbdən hazırki mülki iş üzrə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsində qalması barədə tələbinin araşdırması zəruri hesab edilmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 50-ci, 51.3-cü, 54.1-ci, 54.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-755/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə səhv nəticəyə gəlmiş, bunula da, qeyd olunan maddi-hüquq normalarını pozmuşdur. Təqdim edilən sənədlər qətnamədə ümumiyyətlə əksini tapmamış və araşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi mülkiyyətçini əsl cavabdehlə dəyişməsini tövsiyə etsə belə, bununla səhv nəticəyə gəlmişdir. Belə ki, həmin şəxsin onun qarşısında hər hansı bir öhdəliyi yoxdur. Qanunla obyekt satılıbsa, o, cavabdeh tərəfindən mütləq qaydada məlumatlandırılmalı idi. Belə ki, cavabdehlə onun arasında icarə müqaviləsi mövcuddur. Həmin müqaviləyə xitam verildikdən sonra qeyri-yaşayış sahəsi satılmalı, ya da, sadəcə olaraq qeyri-yaşayış sahəsinin başqa şəxsə satılması barədə xəbərdar edilməli idi. Məhkəmə isə bütün bu faktları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsində eyni zamanda Cavabdeh xüsusi mülkiyyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsini və müqavilənin mövcudluğunu heç müzakirə belə etmədən və iş materiallarında təqdim etdiyi sübut və dəlillərə konkret olaraq, məhkəmə tərəfindən qiymət verilməmişdir. Nəticədə MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaranmışdır. Beləliklə, məhkəmə nəzərə almamışdır ki, o, müqavilə ilə bağlı Cavabdeh ilə arasında olan öhdəlikləri və müqavilədə göstərilən müddətə qədər həmin sözügedən qeyri-yaşayış yahəsində qalmağını mübahisələndirir. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq iddia rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin tələblərinə istinadən ilk növbədə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında başlanan icraatdır və bu icraat çərçivəsində iddia üzrə irəli sürülmüş tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaya cavab verməli olan subyekti müəyyənləşdirmək, habelə sonradan bu subyektin iddiaya cavab verməli olmayan şəxs olduğu müəyyən edildikdə onu əsl cavabdeh ilə əvəz etmək isə bilavasitə iddiaçının müstəsna hüququ kimi təsbit edilmişdir.

22. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk adım kimi həmin tələbin qanuni əsasının dizpozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bununla belə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dozposisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır və irəli sürülən dəlillərin əlavə olaraq araşdırılmasına ehtiyac qalmır.

23. Hazırki işin halları və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi üzərində cavabdeh X13 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və onunla İddiaçı arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanan zaman bu əmlak onun mülkiyyətində olmuşdur. Lakin sonradan həmin əmlakın mülkiyyətçisi bir neçə dəfə dəyişmişdir. Belə ki, bu əmlak üzərində xx.xx.2021-ci il tarixdə X11, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin, xx.xx.2022-ci il tarixdə X15, xx.xx.2022-ci il tarixdə X5 mülkiyyət hüququ tanınmış, xx.xx.2022-ci il tarixdən hazıradək isə əmlak X7 mülkiyyətindədir.

24. İddiaçının tələbi də hüquqi nəticə etibarı ilə cavabdehin xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrasının, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsindən istifadə və ona sahiblik etmək hüququnun təmin edilməsindən ibarətdir. Lakin hazırki iddianın məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixdə bu qeyri-yaşayış sahəsi artıq cavabdehin deyil, X7 mülkiyyətində olmuşdur (X7 iddiaçıya qarşı həmin qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi barədə iddiası artıq qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-804/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edildiyindən məhkəmə kollegiyası onun hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini zəruri hesab etməmişdir). Başqa sözlə, iddiaçı hazırki tələbini həmin qeyriyaşayış sahəsinin artıq mülkiyyətçisi olmayan Cavabdeh qarşı irəli sürmüş və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərə istinadən həmin əmlakdan istifadə və ona sahiblik etmək (orada fəaliyyətinin davam etdirmək) hüququnun reallaşmasını ondan tələb etmişdir.

25. Cavabdeh mübahisəli əmlakın mülkiyyətçisi olmadığından mövcud vəziyyətdə həmin əmlaka münasibətdə iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərini icra edə bilməz.

26. Bununla belə, iddiaçı hazırki tələbi üzrə cavabdehdən mübahisəli sahədən istifadə və sahiblik etməklə bağlı hüquqlarının təmin edilməsini tələb edir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin tərəfi olsa da, hazırda həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmadığından bu məsələni həll etmək, o cümlədən iddiaçının həmin sahədə fəaliyyətini davam etdirməyə icazə (razılıq) vermək səlahiyyətinə malik deyildir. Hüquqi nəticə etibarı ilə cavabdeh mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Bu da öz növbəsində iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə hər hansı hüququnun olmasını (yaranmasını) araşdırmadan məhz qeyd edilən əsasla iddianın rədd edilməsini şərtləndirir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-755/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar