Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-379/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(011)-1831/2021 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 27 aprel 2017-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə görə Cavabdeh1 və Cavabdeh2 108000 manat pulu borc kimi İddiaçı verir, İddiaçı isə hər ayın 25-i Cavabdeh1 5000 manat, Cavabdeh2 4000 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilə formal olaraq onun adına bağlanmışdır. Belə ki, hər iki cavabdeh iddiaçının nümayəndəsi olduğu X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşlar. X3 həbsdə olduğu üçün onun azadlıqdan məhrum etmə cəzası almaması və zərərçəkənlərin pulunu ödəyə bilməsi üçün qeyd olunan kredit müqaviləsi formal olaraq İddiaçı adına bağlanmışdır. Hər iki cavabdeh razı olmuşdur ki, bu vasitə ilə X3 həbs olunmasın və azadlığa çıxdıqdan sonra onların pulunu hissə-hissə ödəsin. Nəzərə alınsa ki, borc müqaviləsi real müqavilələrə aiddir, bu zaman müqavilənin bağlandığına baxmayaraq, pul vəsaiti verilmədiyinə görə həmin pulun tələb edilməsi də əsaslı və qanuni hesab edilməməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(011)-1831/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-7979/2021 saylı qərardadı ilə həmin iş üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə 2(060)-1483/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Xırda Cəlalova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1831/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(105)-557/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(060)-1483/2020 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbi təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 55500 manat, Cavabdeh2 xeyrinə isə 40550 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(105)-557/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(105)- 557/2021 saylı qərardadı ilə İddiaçı kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və qərardad qanuni qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli birgə qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(060)-1483/2020 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 27 aprel 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarlılığı müəyyən olunmuş, İddiaçı Cavabdeh1 və Cavabdeh2 xeyrinə həmin kredit müqaviləsi üzrə pul tutulması qət edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tələb edilməsinə dair mülki işlə eyni tərəflər, eyni predmet və eyni əsasla bağlı olduğundan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 384.0.5-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261.0.2, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1831/2021 saylı mülki iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutulub cavabdehlərə ödənilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-379/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-379/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver