Məhkəmə qərarları › İş №2(103)-3790/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3790/2020

19.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3790/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3196/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə 160 manat məbləğində aliment tutulması, özünün saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx xxx 2013- cü il tarixli qətnaməsi ilə “nikahin pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia qismən təmin edilərək, onun cavabdeh, X7 ilə aralarında xx.xx.2011-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən xx xxxxxx 2013-ci il tarixdə doğulmuş, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 93 manat və özünün saxlanılması üçün 40 manat məbləğin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hesab etmişdir ki, hal-hazırda işsiz qadın kimi 1 övladının saxlanılması üçün məbləğ həddindən artıq azdır və gündəlik xərclər üçün yetərli deyildir. xx xxxxxx 2013-ci il təvəllüdlü, X3 böyrəklərində duzlaşma vardır, problemlər var. Bundan başqa özü ağır xəstədir. Dövlətdən heç bir yardim almır. Cavabdeh, Cavabdeh övladı ilə maraqlanmır. Qızı orta məktəbə gedir qeyim və yemək xərcləri vardır. Təyin edilən aliment məbləği azdır. Hesab etmişdir ki aliment məbləği yuxarıda qeyd edilən əsaslara görə artırılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3196/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1158/2013 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-3196/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərin nikahı pozulduqdan sonra cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxxx 2015-ci il təvəllüdlü Qəribli Fərid və xx xxxxxx 2018-ci il təvəllüdlü Qəribli Dilək adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2771/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsini də, gizlətmişdir.Həmin qətnamədən görünür kı, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1158/2013 saylı, xx xxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişərək özünün xeyrinə xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün 155 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə baxılan zaman cavabdeh xx xxxx 2018-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət etmişdir. Ərizədə qeyd etmişdir ki, o, hal-hazırda müəllim işləyir və 152 manat əmək haqqı alır. Bundan başqa ikinci dəfə X2 ilə ailə qurmuş və həmin nikahdan xx xxxxxxxx 2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Həmin vaxt isə arvadı 8 aylıq hamilə olmuşdur. İddiaçının maddi vəziyətində heç bir dəyişiklik olmadığı halda cavabdeh ikinci dəfə ailə qurmuş, ailə vəziyyətində dəyişiklik olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçının iddiasını qismən təmin edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1158/2013 saylı, xx xxx 2013-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarını dəyişərək xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsini qət etmişdir. Hazırda iki uşağı saxlamaqda çətinlik çəkdiyi halda iddiaçının tələbi tam təmin olunmuşdur. Ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməmişdir.Alimentin məbləğinin artırılması üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalı, həmçinin ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməlidir. Bundan başqa qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanmasını əsas meyar kimi müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da, nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Uşaqların sayı artdıqca hər uşaq başına minimum yaşayış həddində aliment tutulması təcrübəsi özünü doğrulda bilməz. Uşaqların sayı artdıqca müəyyən dolanışıq xərclərinə qənaət etmək olur. Ailə sayı artdıqca ailə büdcəsini idarə edənlər bu qayğıları qənaət etməklə qarşılayırlar. Cavabdehin ikinci nikahdan iki uşağı var və əmək haqqı 250 manat həcmindədir, belə olan halda onun tərəfindən hər ay birinci nikahdan olan uşaq üçün 160 manat alimentin tələb olunması tamamilə absurddur. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 061852 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli 2(003)-1158/2013 saylı qətnaməsinin surətindən görünür ki,Cavabdeh ilə Qəribova (Şahpələngova) İlahə Rasim qızı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 anası X4 yanında saxlanılması, Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 93 manat və özünün saxlanılması üçün 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartlarının və istehlak qiymətlərinin və.s dəyişməsi, həmçinin, uşağın böyüməyə davam etməklə onun müvafiq tələbatlarnın artmasının iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməsi səbəbindən iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya hesab edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla Kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1158/2013 saylı iş üzrə xx.xx.2013-cü tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 160 manatadək artırılmalıdır. Cavabdehin sonrakı nikahından dünyaya gəlmiş xx xxxxxxxx 2015-ci il təvəllüdlü Qəribli Fərid və xx xxxxxx 2018-ci il təvəllüdlü Qəribli Dilək adlı uşaqlarının olmasının maddi vəziyyətini çətinləşdirməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan müddəaların tələbinə görə bu hal alimentin məbləğinin artırılması və ya cavabdehi alimentdən azad etmək üçün əsas deyildir. Beləliklə, Kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1158/2013 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsinə dair qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3196/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar