Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3792/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı "vurulmuş maddi ziyanın əvəzinin və sığorta haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş maddi ziyanın əvəzinin və sığorta haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5136/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı "vurulmuş maddi ziyanın əvəzinin və sığorta haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona vurulmuş maddi ziyana görə 12000 (on iki min) manat məbləğdə pulun, sığorta ödənişi olan 5000 (beş min) manat pulun və yanmış “Qaz3302111 Yük” markalı, 90GU639 dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində olan paltarının cibindəki 8000 (səkkiz min) manat məbləğdə pulun alınıb onlara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 avqust 2019-cu il tarixdə, saat 23 radələrində özünə məxsus '‘Qaz 33021 11 Yük” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax avtomobil yolunun 230-cu km-də hərəkətdə olduğu zaman avtomobilində nasazlıq yaranmışdır və buna görə də avtomobilini yolun kənarında saxladı. Həmin vaxt avtomobildən enərək avtomobilin kapotunu açanda mühərrikin alovlanaraq yandığını gördü. Dərhal avtomobilin salonunda olan od söndürən balonla yanğının qarşısını almağa cəhd etdi. Lakin, yanğını söndürə bilmədi. Elə buna görə də yanğınsöndürmə briqadasına zəng edib hadisə barədə məlumat verdi. Bundan sonra hadisə yerinə yanğınsöndürmə briqadası gələrək yanğının qarşısını almışdır. Avtomobilinin tam yanması nəticəsində ona 12000 (on iki inin) manat məbləğdə maddi ziyan dəymişdir. Eyi zamanda da avtomobilinin salonunda olan paltarının cibində olan 8000 (səkkiz min) manat da yanmışdır. Bildirir ki. hadisə baş verən zaman avtomobili "Paşa Sığorta” ASC-də sığorta olunmuşdur. Belə ki, cavabdehlə onun arasında xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmış və müqavilənin bitmə tarixi xx.xx.2020-ci il tarix olmlışdur. Onun avtomobili 20 avqust 2019-cu il tarixdə yanmış və avtomobili "Paşa Sığorta” ASC-də sığorta olunan müddətdə baş vermişdir. Lakin, buna baxmayaraq cavabdehə avtomobilinin sığorta pulunun və vurulmuş ziyanın ödənilməsini dəfələrlə müraciət etsə də, cavabdeh "xxxx" ASC ona vurulmuş ziyanı hazırki vaxtadək ödəməmişdir. Halbuki, sığorta şərtlərində də əmlaka vurulan zərərə görə sığorta ödənişi nəzərdə tutumuşdur.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5136/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, PPA********** saylı, xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Qaz3302111 Yük” markalı, 90GU639 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli rəydən görünür ki, İddiaçı1 məxsus olan Qaz 3302 markali 90GU639 dövlət nömrə nişanlı, ban-**********2762, mühərrik- **********7710 buraxiliş ili-2005-ci il olan Bortlu Tentli yük avtomobili Bakı-Qazax avtomobil yolunun 230-cu kilometirliyində hərəkətdə olduğu zaman naməlum səbəbdən yanğın baş vermişdir. Mühərrik yerləşən yerdə elektrik naqillərindən başlayan yanğın ani olaraq bütün avtomobili bürümüşdür. Vaxtında müdaxilə etmək mümkün olmadığı üçün avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür. Yanğın zamanı avtomobilin kuzovu və kabina hissəsi tamamilə deformasiyaya uğradığı üçün bərpası mümkün deyil. Avtomobilin istismarda olduğu vaxtdan bu günkü tarixə qədər olan müddətdə 35800 km yol qət etdiyini və buraxılış ili nəzərə alınsa nəqliyyat vasitəsinə dəyən ziyan 12000 (on iki min) civarında müəyyən olunur. Yol nəqliyyat hadisəsi zamanı 20 avqust 2019-cu il tarixdə, saat 23 radələrində özünə məxsus '“Qaz 33021 11 Yük” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax avtomobil yolunun 230-cu km-də hərəkətdə olduğu zaman avtomobilində nasazlıq yarandığı üçün avtomobili yolun kənarında saxlayıb, müvafiq dövlət orqanlarına xəbər verməklə, eyni zamanda lazımi qaydada sığorta şirkətini məlumatlandırılmaqla öz borcunu yerinə yetirmişdir. Lakin sığorta şirkəti qanun pozuntularına yol vermiş, son nəticədə hüquqları pozulmuşdur. Eyni zamanda Nəsimi rayon məhkəməsi də işin hallarını hərtərəfli təhlil etmədən, sübutları araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Buna görə də, Nəsimi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin aprel ayında almışdır və həmin tarixdən də avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır. Hadisə baş verən zaman isə Fövqəladə Hallar Nazirliyinə, Polisə eləcə də "xxxx" ASC-yə müvafiq qaydada məlumat vermişdir. Lakin nəticədə avtomobil tamamilə yanmışdır. Həmin ərəfədə başqa bir şəxsdən borca götürdüyü pul vəsaiti də avtomobildə yanmışdır. "xxxx" ASC isə aralarında olan müvafiq sığorta müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili M.Hüseyinov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi R.Quliyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə bağlanmış sığorta müqaviləsinə əsasən sığortaçı tərəf olaraq yalnız üçüncü şəxsə dəymiş ziyana görə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. Hazırda isə ziyan bir başa sığortaedənə dəymişdir. Belə olan halda isə iddiaçının tələbi icbari sığortanın mahiyyətinə zidd olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən salanılmasını xahiş etdi.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. PPA********** saylı, xx.xx.2019-cu il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Qaz3302111 Yük” markalı, 90GU639 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır.
11. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli rəydən görünür ki, İddiaçı1 məxsus olan Qaz 3302 markali 90GU639 dövlət nömrə nişanlı, ban- **********2762, mühərrik-**********7710 buraxılış ili-2005-ci il olan Bortlu Tentli yük avtomobili Bakı-Qazax avtomobil yolunun 230-cu kilometirliyində hərəkətdə olduğu zaman naməlum səbəbdən yanğın baş vermişdir. Mühərrik yerləşən yerdə elektrik naqilindən başlayan yanğın ani olaraq bütün avtomobili bürümüşdür. Vaxtında müdaxilə etmək mümkün olmadığı üçün avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür. Yanğın zamanı avtomobilin kuzovu və kabina hissəsi tamamilə deformasiyaya uğradığı üçün bərpası mümkün deyil. Avtomobilin istismarda olduğu vaxtdan bu günkü tarixə qədər olan müddətdə 35800 km yol qət etdiyini və buraxılış ilini nəzərə alınsa nəqliyyat vasitəsinə dəyən ziyan 12000 (on iki min) civarında müəyyən olunur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
15. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
16. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
17. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
18. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
19. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun:
20. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
21. 16.4-cü maddəsinə əsasən Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
22. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
23. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki işdə olan sənədlərdən görünür ki, iddiaçılardan İddiaçı1 məxsus olan Qaz 3302 markalı 90GU639 dövlət nömrə nişanlı, yük avtomobili Bakı-Qazax avtomobil yolunun 230-cu kilometrliyində hərəkətdə olduğu zaman naməlum səbəbdən yanğın baş vermiş və avtomobil yararsız hala düşmüşdür.
38. Hazırda iddiaçı sığorta şirkətinin qanun pozuntularına yol verdiyini və son nəticədə hüquqlarının pozulmasını bildirməklə cavabdeh "xxxx" ASC-dən ona vurulmuş maddi ziyana görə 12000 (on iki min) manat məbləğdə pulun, sığorta ödənişi olan 5000 (beş min) manat pulun və yanmış “Qaz3302111 Yük” markalı, 90GU639 dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində olan paltarının cibindəki 8000 (səkkiz min) manat məbləğdə pulun alınıb onlara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Lakin tərəflər arasında olan icbari sığorta müqaviləsi ilə iddiaçının mülki məsuliyyəti sığortalanmışdır və iddia ərizəsində qeyd edilən hadisə ilə mülki məsuliyyət yaranmamışdır, yəni üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı müəyyən edilməmişdir.
40. Belə ki, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
41. Göründüyü kimi hazırda baş vermiş hadisə zamanı isə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı iddiaçı tərəf “Qaz3302111 Yük” markalı, 90GU639 dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində paltarının cibində olan 8000 (səkkiz min) manat məbləğdə pul vəsaitinin avtomobil yanmamışdan öncə mövcud olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Nəticə:
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
44. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5136/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.