Məhkəmə qərarları › İş №2(103)-3796/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3796/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3796/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-482/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1594.08 manat məbləğində əsas borcu və 236.93 manat faiz borcu olmaqla, ümumilikdə 1831.01 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı 36 ay müddətinə, 27 faiz dərəcəsi ilə, 2000 manat məbləğində kredit xətti açır, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürməsi haqqında 16.05.2019-cu il tarixli 100804-703647/1 nömrəli kredit müqavilə (səh.10), 16.05.2019 tarixdə kredit məbləği Cavabdeh tərəfindən təhvil alınması haqqında sübut TT19136LH2QQ nömrəli məxaric orderi (səh.8), Cavabdeh Yelo Banka olan əsas və faiz borcunu 5 gündən gec olmayaraq ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilməsi haqqında 23.11.2020-ci il tarixli xəbərdarlıq məktubu (səh.7), Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc üzrə 1594,08 AZN əsas, 236,93 AZN faiz borcu olmaqla, cəmi 1831,01 manat məbləğində borcu mövcud olması haqqında maliyyə arayış (səh.6) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-482/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 29-1, 77.1, 107, 284-5.3, 284-6.1, 284- 5.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 427.4, 428.4, 442, 443.1, 739.1, 739.2, 743-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında kredit müqaviləsinə əsasən iddiaçı 36 ay müddətinə, 27 faiz dərəcəsi ilə, 2000 manat məbləğində kredit xətti açılmış, iddiaçı bank həmin kredit xətti üzrə kredit məbləğini borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97, 259, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 385.2, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bütün cavabdehlərə Bank məhkəməyə qədər xəbərdarlıq barədə bildirişlər göndərməli idi. Lakin bunları etməmişdir. Ola bilər iş materiallarında bu barədə nəsə sənəd qoyulsun ancaq bu sənədlər hamısı saxtadır.Məhkəmə ümumiyyətlə bu halı araşdırmayıb və bu sənədlərin kim tərəfindən necə təqdim edildiyini nəzərə almamış, məhkəmə barədə də bildirişlər göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, xəbərdarlıq məktubunun cavabdeh tərəfindən alındığını, bunun sübutu olaraq iş materialında qaimənin mövcud olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-477, 522, 551-554, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadə və buna cəhd kimi qiymətləndirilməli, Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-482/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar