Məhkəmə qərarları › İş №2(103)-3798/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3798/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3798/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh4 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış BAKU31022-16108 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcluya illik 50% olmaqla 240 ay müddətinə qaytarmaq şərti ilə 150000 AZN məbləğində kredit verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili qanunvericiliklə müəyyən edilmiş qaydada bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 37.534,34 manat əsas borc, 21.931,75 manat faiz borcu və 781,76 manat cərimə borcu olmaqla, cəmi 60.247,85 manat məbləğində borcu yaranmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6780 nömrəli 15 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli BAKU1- 31022-16108 saylı, BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və 26.010.2021-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə əsas borcunun 36.949,73 manat, faiz borcunun 22.536,19 manat; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tarixə) əsas borcunun 36.949,73 manat, faiz borcunun 21.766,40 manat təşkil etdiyi müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5740 nömrəli 8 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli BAKU1- 31022-16108 saylı, BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və 26.010.2021-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə (pretenziya göndərildiyi tarixə) əsas borcunun 36.949,73 manat, faiz borcunun 22.243,98 manat; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tarixə) əsas borcunun 36.949,73 manat, faiz borcunun 21.766,40 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1- 31022-16108/2 saylı razılaşmaların ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 37. 534,34 manat əsas borc, 21.931,75 manat cari faiz borcu və 781,76 manat cari dəbbə borcu olmaqla, cəmi 60.247,85 manat kredit borcunun, tutma yönəldilməsinə dair bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 45 manat, məhkəmədə baxılması üçün ödənilmiş 271,40 manat dövlət rüsumunun alınması, tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarına xitam verilərək həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında 25 fevral 2019-cu il tarixdə 150.000 (bir yüz əlli min) manat kredit verilməsinin mümkünlüyünü nəzərdə tutan BAKU1-31022-16108 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı razılaşmalarla illik 25 faizlə, 48 ay müddətinə ümumilikdə 40.000 (qırx min) manat kredit verilmiş və kreditin aylıq 1.335 (bir min üç yüz otuz beş) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Bu müqavilələrdən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 2989 nömrəli reyestr kitabının 279089 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı ipoteka müqaviləsi bağlanmış; eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 fevral 2019-cu il tarixli BAKU1- 31022-16108 + BAKU1-36377 saylı zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2021-ci il tarixli Sazişə əsasən verilmiş kreditin ödənilməmiş əsas borcun 39.149,33 (otuz doqquz min bir yüz qırx doqquz manat otuz üç qəpik) manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 25 faizlə hesablanmaqla 18 ay uzadılmış və kreditin ödənilməmiş faiz borcunun 18.985,22 (on səkkiz min doqquz yüz səksən beş manat iyirmi iki qəpik) manat təşkil edən hissəsinin qaytarılması müddəti xx.xx.2025-ci il tarixindən 15 ay uzadılaraq ümumi ödənilməmiş ayların sayı 63 (altmış üç) ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi 21 yanvar 2027-ci il müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 oktyabr 2021-ci il tarixli BAKU1-31022- 16108+BAKU1-36377 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 02 avqust 2022-ci il tarixədək verilmiş kredit üzrə 37.534,34 manat əsas, 21.931,75 manat faiz və 781,76 manat dəbbə pulu borcu olmaqla, cəmi 60.247,85 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1- 31022-16108/1 və BAKU1- 31022-16108/2 saylı Razılaşmalar ləğv edilməli, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində qismən təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 14 nömrəli, ümumi sahəsi 29,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 387.2, 390.1, 399.3, 433.1, 442, 448.1, 421.1, 421.2, 423.1, 423.2, 470.1, 472.1, 739.1, 739.2, 462.1, 463.1, 465.2, 467, 269.1, 269.7, 269.4, 317.1, 319.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faiz borcunun yenidən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər o, istərsə də digər Cavabdeh1 tərəfindən kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış olan razılaşmalarda qeyd edilən borc məbləğləri ilə bağlı ödənişlər iddiaçı kredit təşkilatına ödənildiyi halda, birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı keçirilən məhkəmə mühasibatlıq ekspertizası zamanı nəzərə alınmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022- 16108/2 saylı Razılaşmalar üzrə 39.949,73 manat əsas borc hesablandığı halda 21.931,75 manat faiz borcunun ödənilməsi qət edilmişdir. Hesablanmış olan faiz borcunun məbləği əsas borc məbləğinin 60%-ni təşkil etməkdədir. Bu isə cavabdehlər tərəfindən kredit müqaviləsi və razılaşmalar üzrə hər hansı bir ödənişin aparılmaması kimi tövsif olunmaqdadır ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehlər tərəfindən mütəmadi olaraq bu ödənişlərin aparılması iddiaçı kredit təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışlarında da görülməkdədir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə müəyyən edilmiş əsas borc və faiz borcu əslində məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair qərardad əsasında AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş olan ekspert rəyi əsasında formalaşmaqdadır. Yəni kredit müqaviləsi və həmin müqavilələr əsasında tərtib edilmiş razılaşmalar, o cümlədən kredit sazişləri əsasında borc öhdəlikləri ilə bağlı məhkəmə mübahisələri zamanı məhkəmələr əksər hallarda AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş olan rəylər əsasında hüquqi qənaətlərini formalaşdıraraq qətnamə qəbul edirlər ki, hazırki mübahisənin həlli də bundan fərqli olmamışdır. Hər nə qədər birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı onun iddia tələbini qəbul etdiyini, borc məbləğini ağlabatan müddətdə və həcmdə verilməsi üçün vaxta ehtiyac olduğunu bildirsə də, bununla yanaşı o, ekspertlər tərəfindən borc məbləğinin də düzgün hesablanmadığını, cavabdehlər tərəfindən ödənişlər aparıldığı halda artıq vəsatinin borc məbləği kimi yenidən hesablandığını, o cümlədən ipoteka predmeti olan əmlakın bazar dəyərindən aşağı dəyərlə qiymətləndirildiyini, bu səbəbdən təkrar məhkəmə mühasibatlıq ekspertizasının və əmlakın qiymətləndirilməsinin aparılmasına ehtiyac olduğunu bildirsə də, birinci instansiya məhkəməsi bu vəsatətə məhəl qoymamış, sadəcə cavabdeh onun iddia tələbini qəbul etdiyini və tələb edilən məbləği ödəmək üçün vaxta ehtiyac olduğuna dair hissələri qətnaməyə köçürtməklə yetinmişdir. Bundan başqa bildirir ki, kredit müqaviləsi və razılaşmalar üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka predmeti olan daşınmaz əmlak da qiymətləndirici tərəfindən bazar qiymətindən xeyli aşağı qiymətə qiymətləndirilmişdir. Belə ki, qeyd edilən mənzilin likvid satış qiyməti məhkəmə tərəfindən 67.500 manat olaraq qiymətləndirilsə də hesab edir ki, hal-hazırda həmin mənzilin likvid satış qiyməti məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən xeyli artıqdır. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda bu məsələlər lazımi qaydada araşdırılmamış, sadəcə iddiaçı tərəfindən irəli sürülən bütün tələblər demək olar ki, tam qaydada təmin edilmişdir. Ən azından məhkəmə iddia tələbi üzrə üzrə araşdırma apararkən müəyən etməli idi ki, iddiaçı bank niyə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını yerinə yetirmədiyinə görə vaxtında məhkəməyə müraciət etməyərək faiz borcunun bu qədər artmasına səbəbiyyət vermiş, ödənilən vəsaitin demək olar ki, tamamını faiz borcuna ödənilməsini təmin etmiş, əsas borcun məbləğini hansı əsasla bu qədər yüksək məbləğdə hesablamışdır? Bu səbəbdən hesab edir ki, iddiaçı bank tərəfindən hesablanaraq məhkəməyə təqdim olunan və məhkəmə qətnaməsi ilə təmin olunan faiz borcu daha əvvəlcədən ödənilmiş faiz borcu ilə toplanıldığında əsas borca yaxın bir məbləğ təşkil etməkdədir. Halbuki, iddia tələbi süni şəkildə uzadılmayaraq vaxtında verilsəydi, hesablanmış faiz borcunun məbləği daha az ola bilərdi. Göstərilənlər Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş 07 mart 2023-cü iltarixli 2(005)- 219/2023 saylı qətnamənin qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi üçün hüquqi əsas təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin mahiyyətinin lazımi qaydada araşdırılmaması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və qiymətləndirmənin rəyləri əsaslı olmadığı halda həmin rəylərin əsasında qətnamə qəbul edilməsi, kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun iddia tələbinin iddiaçı tərəfindən süni şəkildə uzadılaraq şişirdilməsinə səbəb olan hərəkətlərinə lazımi hüquqi qiymət verilməməsi həmin qətnamənin ləğv edilməsinə dəlalət edir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirmişdir ki, o, evi banka girov vermişdir. O, zərərçəkəndir, bir otaqlı evdə gəlini, oğlu və özü yaşayır. Bank onları süründürdü, ödədikləri pulu əsas borca deyil, faizə hesabladı. Daha sonra pandemiya dövründə banka yaxınlaşıblar ki, onlar dedikləri kimi hesablamayıblar. Kürəkəninin 3 övladı vardır, hazırda işləmir, ödəyə bilmir. Onlar əvvəl istədilər ki, aybaay ödəniş olsun, lakin bank razılaşmadı. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə məbləğlərin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 27.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 28.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 29.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, Cavabdeh3 verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə kredit müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış faiz borcunun yenidən hesablanmasını xahiş etmişdir.

35. İşin hallarını apellyasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaq məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq təkrar ekspertiza təyin edilmiş, ekspert qarşısında Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış BAKU1- 31022-16108 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi (onun tərkib hissəsi olan BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı, xx.xx.2019-cu il tarixli razılaşmalar və bu razılaşmalara əsasən bağlanmış 26.010.2021-ci il tarixli saziş) üzrə xx.xx.2022-ci il tarixinə (pretenziya göndərildiyi tarixə) və xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tarixə) Cavabdeh1 rəy verilən günə qədər edilən bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5740 nömrəli 8 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli BAKU1- 31022-16108 saylı, BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və 26.010.2021-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə (pretenziya göndərildiyi tarixə) əsas borcunun 36.949,73 manat, faiz borcunun 22.243,98 manat; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tarixə) əsas borcunun 36.949,73 manat, faiz borcunun 21.766,40 manat təşkil etdiyi müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

38. Məhkəmə kollegiyası baxmayaraq ki, ekspert rəyi ilə bankın-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə müqavilə müddəti üçün hesablanmış faiz borcunun məbləği (22.243,98 manat) iddia ərizəsində qeyd ediləndən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, birinci instansiya məkəməsi cavabdehlərdən faiz borcu üzrə 21.931,75 manat məbləğində pul tutmaqla haqlı olmuşdur. Həmçinin ekspert rəyi ilə borclunun əsas borcu 37.534,34 manat deyil, 36.949,73 manat məbləğində müəyyən edildiyindən, məhkəmə ekspert rəyi ilə müəyyən olunan məbləği borclulardan müştərək qaydada tutmaqla düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar