Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3799/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə Cavabdeh vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə övladlarının – xx.xx.2008-ci il təvəllüdlü Şeylanın, xx.xx.2012-ci il təvəllüdlü Şəmsin və xx.xx.2014-ci il təvəllüdlü Məhəmmədin yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə tutulan 193 manat, cəmi isə 579 manat sabit pul məbləğində alimentin artırılması və hər uşağa görə 220 manat, cəmi isə 660 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh aliment öhdəliklərini vaxtında icra etmir. Uşaqların bütün maddi qayğısı hazırda iddiaçının üzərindədir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi uşaqların maddi vəziyyətinin yaxşılaşdırılmasına deyil, iddiaçının əlavə gəlir əldə edilməsinə yönəldilmişdir. Belə ki, iddiaçı hazırda yüksək miqdarda əmək haqqı almaqla, şəhərin mərkəzində 4 otaqlı yüksək şəraitli evə sahibdir. Cavabdeh işləməsə də, onun maddi durumu çətin olsa da, övladının saxlanılması üçün əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğdə alimenti vaxtında ödəyir və bununla da övladının tələbatlarının təmin olunmasında maksimum səviyyədə iştirak edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipini, iş üzrə tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də işin konkret halları nəzərə alındıqda müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin qiyməti 50.000 manat olan avtomobil var və cavabdeh, qiyməti 18.000 manat olan “211” rəqəmləri ilə başlanan mobil telefon nömrəsində istifadə edir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişdir. O, Məhkəmə ilə telefon əlaqəsi yaradaraq rayonda olduğunu bildirdi və işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və “iddia tələbinə qarşı etirazın” məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh, apellyasiya şikayətində qeyd edilən telefon nömrəsini almayıb, həmin nömrə cavabdehə hədiyə olaraq verilib. Avtomobil isə cavabdehə məxsus deyil, cavabdeh avtomobildən etibarnamə əsasında istifadə edib. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(005)-3415/2022) ilə İddiaçı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasının təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və hər uşağa görə 220 manat, cəmi isə 660 manat məbləğində müəyyən edilməsini xahiş edir.
12. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləğinin artırılması üçün əsas yoxdur, çünki məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iş üzrə tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməmişdir.
13. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələbini, yəni 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil etməsini nəzərə almamşdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, həqiqətən də, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
16. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi isə 579 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, iş üzrə tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməmişdir. İşin bu halına Ailə Məcəlləsinin yuxarıda qeyd edilmiş 112.1-ci maddəsinin tələbi baxımından yanaşdıqda isə müəyyən edilir ki, alimentin məbləğinin artırılması üçün əsas yoxdur.
17. Bununla da müəyyən edilir ki, Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
18. Apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, cavabdehin maddi vəziyyəti imkan verir ki, o, hər uşağa görə 220 manat məbləğində aliment ödəsin. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
19. Məhkəmə hesab edir ki, bu dəlil də əsassızıdır. Çünki Ailə Məcəlləsinin tələblərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin məbləğinin qeyd edilən hala görə artırılması qaydası nəzərdə tutulmamışdır.
20. İddiaçının daha bir dəlili ondan ibarətdir ki, cavabdeh, əvvəlki qətnamə ilə təyin edilmiş alimenti vaxtında ödəmir.
21. Bununla bağlı Məhkəmə bildirir ki, Sumqayıt Şəhər İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırki iş üzrə cavabdehin 2023-cü ilin yanvar ayına aliment borcu yoxdur.
22. İş materiallarından isə görünür ki, iddiaçı hazırki iddia ərizəsini xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinə vermişdir.
23. Bununla da müəyyən edilir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bu baxımdan MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 112.1.3-cü maddəsinin mənasına görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə ((660 – 579 =) 81 manat x 12 ay = 972 manat) 5.000 manatdan azdır.
28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.