Məhkəmə qərarları › İş №2(103)-380/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-380/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-380/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2021 saylı işi üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5674,28 manat - bundan 1908,59 manat əsas, 2122,32 manat faiz, 1365,95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 277,42 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "Texnikabank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı ləğv prosesində olan İddiaçı ASC-nin 14 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1908,59 manat əsas, 2122,32 manat faiz, 1365,95 manat cərimə, 277,42 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 5674,28 manat məbləğində borcu vardır (iş.səh.7). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2021 saylı işi üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiası təmin edilməmiş, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən sənədlər, o cümlədən tərəflər arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi əlavə edilməmişdir, iddia tələbinin əsasını təşkil edən sənədlərin məhkəməyə təqdim edilməsi ilə ilə bağlı iddiaçı ləğv prosesində olan İddiaçı ASC- yə təklif verilmiş, buna baxmayaraq iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1368/2021 saylı işi üzrə 20.05.2021 -ci il tarixli qətnaməsini ləğv və Fondun iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 324.5, 354.1, 390.3, 439.4, 442, 445.2.1, 739.1, 739.2, 1091.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan da (şikayətə əlavə edilir) göründüyü kimi, cavabdehə Bank tərəfindən 21 yanvar 2015-ci il tarixdə 3300 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləsi üzrə kredit məbləği cavabdehin kart hesabına köçürüldüyündən kassa-məxaric orderi yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-1368/2021 nömrəli, 20.05.2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ”Lakin, qətnamədən göründüyü kimi məhkəmə qeyd etdiyi normaya əsaslansa da, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarına düzgün münasibət bildirməmişdir.Belə ki, hesabdan çıxarışdan görünür ki, 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2015-ci ilin fevral ayından iyul ayına kimi mütəmadi olaraq ödənişlər olmuşdur. Bu ödənişlər isə Bank ilə cavabdehlər arasındakı öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. Məhkəmə müqavilənin olmadığı qənaətinə gələrək iddianı rədd edərək, cavabdehin hər hansı qanuni əsas olmadan əmək haqqı kartına kredit məbləği kimi köçürülən məbləği mənimsəməsinə və iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Həmçinin, o da qeyd edilmişdir ki, kreditlər annuitet hesablaması əsasında müəyyənləşdirilmiş qaydada verilir. Həmin annuitet əsasında kredit üzrə ödənişlərin tarixlərini və məbləğlərini özündə əks etdirən ödəniş cədvəli tərtib edilir.Hazırki şikayətə əlavə edilmiş annuitet cədvəli nümunəsindən də görünür ki, cavabdehə kreditin yalnız 3300 manat məbləğində, 29 faiz dərəcəsi ilə və 36 ay müddətinə verildiyi təqdirdə cavabdeh hər ay 138,29 manat məbləğində ödəniş etməlidir. Bu göstəricilər 1 ay az ya çox, 1 faiz dərəcəsi az ya çox, 100 manat az ya çox olduğu təqdirdə aylar üzrə fərqli ödəniş məbləği alınır. Hazırki iş materiallarında olan cavabdehə məxsus 06.02.2015- 07.07.2015-ci il tarixləri əhatə edən ödənişlər ilə bağlı hesabdan çıxarışda ayların əksəriyyəti üzrə ödənilmiş məbləğ qrafikə əsasən icra edilmişdir. Bu ödənişlər məbləğ və tarix olaraq hazırki kredit üzrə aylar üzrə ödənilməli məbləğ və tarixlərlə üst-üstə düşür. Fərqli tarixlərdə və məbləğlərdə aparılmış ödənişlər isə cavabdeh ödəniş qrafikindən kənara çıxdığı tarixlərdə gecikmə ilə hissə-hissə aparılmış ödənişlərdi. Göründüyü kimi, cavabdeh qeyd edilənlərin heç birini mübahisləndirməmiş əksinə ödənişlər etməyə başlamış və bununla da müqavilə şərtlərini bəyənmişdir. Şərh olunanlara əsasən öz təsdiqini tapır ki, Cavabdeh ilə iddiaçı bank arasında 3300 manat məbləğində, 29 faiz dərəcəsi ilə və 36 ay müddətinə 21.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır.Cavabdehdən ödənişlər tutulmasına baxmayaraq o, buna etiraz etməyərək borcun olmasını qəbul etmişdir. Hazırda da bunun üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Hesab etmişdirlər ki, məhkəmə mübahisə olduğu təqdirdə mühasibatlıq ekspertizası təyin etməliydi. Ekspertiza təyin olduğu təqdirdə 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin mövcud olması və mübahisə olunan kredit müqaviləsi üzrə həyata keçirilmiş ödənişlər ekspert rəyi ilə də təsdiq ediləcəkdir. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi Ölkə başçısının Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmüş və iddiaçının tələb etdiyi əsas borc məbləği, yəni 1908,59 manat Mərkəzi Bankın internet portalından (pk.cbar.az) çıxarışda da öz əksini tapmışdır(şikayətə əlavə edilir).Bank sisteminin proqramından çıxarışda borclunun etdiyi bütün ödəniş öz əksini tapır. “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması Qaydalarına” əsasən bank proqramından edilən çıxarışların mötəbər sübut əhəmiyyəti daşıyır. Belə ki, bank proqramına və sisteminə hər hansı bir həqiqəti əks etdirməyən məlumatları daxil etmək mümkün deyil, istənilən dövlət orqanı, AR Vergilər Nazirliyi, AR MBNP, Mərkəzi Bank və digərləri banklarda istənilən əməliyyatın aparılmasını və ya uçot qaydalarını həmin sistemlə müəyyən edir və yoxlayır. Belə olan halda, faktiki mübahisələndirilən ödənişlər reallıqda ödənilməsə idi və sistemə qeyri-qanuni yol ilə daxil edilsəydi elə həmin günun sonunda bankın kassasına edilən ödənişlərlə sistemdə öz əksini tapan ödənişlərdə fərq biruzə verərdi və uyğunsuzluq yaranardı. Bundan əlavə aylıq, rüblük və digər hesabatlar istər nəzarət orqanına, istər digər qurumlara bank proqramından çıxarışlar əsasında verilir. ”Texnikabank” ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmuşdur. Belə ki, Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir, məhkəmə bu iş üzrə Banka qarşı qərəzli mövqe tutur, belə ki, Məhkəmə işi araşdırmamış, sübutlara qeyri-obyektiv baxaraq, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir, ümumiyyətlə qətnamədə heç bir qanun normasına istinad etməmişdir, sadəcə qanunun maddələrini sadalamaqla kifayətlənmişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/2016 qərarı ilə "xxxx" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Qərar dərhal icraya yönəldilib. Qərara əsasən bugünə kimi İddiaçı ASC-nin ləğv prosesi davam edir. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. İddiaçı ASC-nin bu öhdəlikləri yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, məhkəmələr bankın mənafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yalnış, qeyri-obyektiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmələr tərəfindən bu şəkildə gözardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alınsa ki, İddiaçı ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri-obyektiv və qərəzlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7991/2021 saylı işi üzrə 20.09.2021-ci il tarixli qərardadı ilə, "xxxx" MMC-yə sorğu edilməklə və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməklə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Sorğuya "xxxx" MMC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, ”nəzərinizə çatdırırıq ki, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müdətləri göstərilməklə nümünəvi Siyahı”ya əsasən banklarda cari hesabların açılması və hesablar üzrə pul haqq-hesab əməliyyatlarının aparılmasına səlahiyyətlərin rəsmiləşdirilməsi haqqında sənədlərin saxlama müddətləri 3 il təşkil edir, bu səbəbdən aparılmış əməliyyatlar haqqında məlumatları sizə tədqim etməyimiz mümkün deyildir”. Məhkəmə-Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli, №9/7410 nömrəli ekspert rəyi ilə, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21.01.2015-ci il tarixli, 201CNNW150210004 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 21.01.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 5008,09 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: 21.01.2018-ci il tarixə əsas borc üzrə 2884,39 manat, faiz borcu üzrə 2123,71 manat; ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 21.01.2018-ci il tarixdən 08.01.2021-ci il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarixədək) olan dövrdə ümumilikdə 983,55 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş əsas borcdan silinir. Belə olan halda Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21.01.2015-ci il tarixli, 201CNNW150210004 saylı kredit müqaviləsi üzrə 21.01.2018-ci il tarixdən 08.01.2021-ci il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarixədək) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC -yə olan borcu 4367,44 manat məbləğində müəyyən olunur, o cümlədən: 08.01.2021-ci il tarixə əsas borc üzrə 1900,84 manat; faiz borcu üzrə 2466,60 manat; iş materiallarında 21.01.2015-ci il tarixli, 201CNNW150210004 nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, problemli kreditlərin kompensasiyasına dair çıxarış təqdim edib yalnız cavabdehin əsas borcu tam şəkildə birdəfəlik ödəyəcəyi halda faizin hesablanmaması ilə razı olduqlarını, əks halda bununla razılaşmadıqlarını, kompensasiya olunan məbləğin əsas borcdan silindiyini, faiz və cəriməyə aid olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh 2019-cu il 01 mart tarixində Prezident sərancamı ilə 983 manat borcun kompensasiya olunduğunu, 1908.59 manat və 193,13 manat olmaqla iki kredit borcunun olduğunu, faiz hesablanmadan həmin borcu ödəməyə hazir olduğunu, iki dəfə Əmanətlərin Siğortalanması fonduna borcun ödənilməsi üçün müraciət etdiyini, lakin məhkəmə qərarından sonra ona ödəniş üçün xüsusi kod veriləcəyini bildirdiklərini, hazırki kredit borcu üzrə 1908.59 manatı qısa zaman ərzində ödəyəcəyini, birdəfəlik ödəməyə imkanın olmadığını bildirmişdir. Problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən, 01 mart 2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC üzrə əsas borc 2892.14 manat, borcun azaldılmasına yönəldilən məbləğ 983.55 manat, qalıq borcun məbləği 1908.59 manat müəyyən edilmişdir(iş.səh.102). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının müddəalarına əsasən: 4.1. Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. 4.2. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. 5.1. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. 5.2. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; 5.2.2. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; 5.2.3. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: 1.kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; 2.kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda – kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. 5.3. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, kompensasiya edilən zaman faiz borcunun olmaması, ondan sonrakı dövrə tələb hüquqlarını məhdudlaşdıran amil kimi, habelə restrukturizasiya tələblərinə riayət etməməyin nəticəsi olaraq, faizin və cərimənin tutulmasını yolverilməz edir. Ona görə bu hissədə iddia tələbi təmin edilə bilməz və yalnız əsas borca münasibətdə cavabdehin mülki məsuliyyəti müəyyən edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci bərabər hissədə tərəflərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2021 saylı işi üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 21 yanvar 2015-cü il tarixli kredit müqaviləsi üzrə 1908,59 manat əsas borc Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 145 ( bir yüz qırx beş) manat məbləğdə pul vəsaiti tərəflərdən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar