Məhkəmə qərarları › İş №2(103)-3800/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3800/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3800/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondu Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi və “iddianın həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh Bəhnam Osmanlı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış **********67219 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.390,26 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.026,52 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.034,67 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin – 894,52 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 93,46 manat məbləğində pulun borclu olan cavabdeh Behman Osmanlıdan və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2, onunla Bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 8.200 manat məbləğində kredit götürmüşdür. İş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 “Kredit müqaviləsi” üzrə X3rşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı Bank ilə cavabdehlər arasında xx.xx.2019-cü il tarixdə **********67219/ZM1 №-li və **********67219/ZM2 №-li “Zaminlik müqavilələri” bağlanmışdır. “Zaminlik müqavilələrinin” şərtinə əsasən, zaminlər, kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Bunlara baxmayaraq cavabdehlər Banka olan borcu lazımi qaydada ödəməmiş və nəticədə onların iddiaçı Banka yuxarıda qeyd edilən məbləğlərdə borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Buna görə Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 93,46 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, iddia tələbinin yalnız əsas borc hissəsində qəbul edir. Belə ki, təxminən 2021-ci ildən borcalan Cavabdeh2 işsiz olduğuna görə, krediti ödəmək iqtidarında olmamış və bu barədə Banka məlumat vermişdir. Bundan başqa, borcalan Cavabdeh2 himayəsində iki xəstə uşağı var və maddi çətinliklər çəkdiyi üçün ona sinif yoldaşları, o cümlədən də o özü borcalana köməklik göstərirlər.

4. İş üzrə digər cavabdehlərin iddiaya qarşı etirazları daxil olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 4.363,67 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 807,95 manat, borcun ödənilməsinini gecikdirilməsinə görə tətbiq edilmiş dəbbə pulunun ödənilməsi məqsədilə 200 manat, cəmi isə 5.371,62 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,71 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin 100 manat hissəsinin Cavabdeh2, 100 manat hissəsinin isə iddiaçı Bankından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan və zaminlər onlar ilə Bank arasında bağlanmış müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazimi qaydada icra etməmiş, Banka olan kredit borcunu tam deyil, qismən ödəmişlər. Onların iddiaçı Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəy sübut kimi qəbul edilməli, rəyi ilə müəyyən edilmiş 4.363.67 manat əsas borc, 807.95 manat faiz borcu cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı Bankın tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olduğuna görə, dəbbə pulu azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Əldən çıxmış faydanın tutulması hissəsində iddianı rədd edən Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələb edilən pulun cavabdeh tərəfin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunduğuna görə, iddianın verilməsi üçün ödənilmiş 93,46 manat dövlət rüsumu, habelə 200 manat ekspertiza tədqiqatının xərci iddiaçı Bank və Cavabdeh2 arasında bölüşdürülməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı Bank ləğv edicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi mübahisələndirilən hissədə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi tələb olunan cərimə borcunun məbləğini azaldarkən Bankın əmlak mənafelərini nəzərə almamışdır. Rayon Məhkəməsi həmçinin iddianı “əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən tutulması” hissəsində rədd etməklə haqlı olmamış və bununla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. İş üzrə iddiaçı Bankın ləğv edicisi olan Fondun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. İş üzrə cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri ilə bağlı məlumat

11. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin etsə də, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, onlar qətnamə ilə razılaşmışlar. Bunu, habelə iddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətinin məzmununu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni iddianın bir qisminin təmin edilməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Cavabdeh2, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə borcunun yaranması işin mübahisəsiz halıdır. Bu hal Bank tərəfindən təqdim edilmiş “Hesabdan çıxarışla”, habelə işdə olan ekspert rəyləri ilə təsdiq edilir. Bununla da müəyyən edilir ki, borclu olan Cavabdeh2, habelə borcalanın öhdəliklərinin icrasına təminat verən zaminlər Cavabdeh1 və Vüqar Səlimovun kreditor olan Bank qarşısında “Kredit müqaviləsi” və “Zaminlik müqavilələri” ilə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər.

14. Göstərilənləri nəzərə alan Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən 4.363,67 manat əsas borc, 807,95 manat faiz borcu cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, Banka olan borcun qaytarıliması gecikdirildiyinə görə, Bank tərəfindən cavabdehlərə cərimə (dəbbə) tətbiq olunması əsaslıdır. Eyni zamanda Rayon Məhkəməsi sözügedən borcu tənasübsüz surətdə yüksək hesab edərək, Mülki Məcəllənin 467-ci maddəsinə təsbit olunmuş səlahiyyətindən istifadə etməklə bu borcu azaltmış və 200 manat məbləğində müəyyən etmişdir.

15. Apellyasiya şikayəti vermiş iddiaçı Bank isə Rayon Məhkəməsinin bu mövqeyinə etiraz edərək, məhkəmənin cərimə borcunun 200 manatadək azaltmaqla Bankın mənafeyinin nəzərə alınmadığını bildirir.

16. Məhkəmə Bankın apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız sayır. Belə ki, qətnamənin mübahisələndirilməyən hissəsi ilə cavabdehdən tutulmuş əsas borc məbləğinin 4.363,67 manat təşkil etməsi nəzərə alınarsa, tələb olunan 1.034,67 manat məbləğində cərimə borcunun əsas borca nisbətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gəlməyə əsas verir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi 1.034,67 manat məbləğində cərimə borcunu azaldaraq 200 manat məbləğində müəyyən etməklə, həm iddiaçı Bankın əmlak mənafelərini, həm də cavabdehlərin mənafelərini nəzərə almışdır.

19. İddiaçı Bankın iddia tələbinə həm də xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 894,52 manat məbləğində əldən çıxmış faydanın əvəzinin də cavabdehdən tutulması daxildir.

20. İddianın bu hissədə təmin edilməməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəyə etiraz edən Bank bu nəticənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə ziddiyyət təşkil etdiyini bildirir.

21. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.).

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə 5 məsuliyyət müəyyən edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Göstərilən maddi və prosessual hüququ normasının tələblərindən, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqedən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, tələb sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi əldən çıxmış faydanın tutulması barədə tələbi rədd etməkdə haqlı olmuşdur. İddiaçı Bankın apelyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsasızdır. h) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

28. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar