Məhkəmə qərarları › İş №2(103)-3801/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3801/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3801/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabehlər Cavabdeh2, X1 və Cavabdeh3 və qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ASC kredit verən, Cavabdeh2 kredit alan, cavabdehlər Ənvər Baxşıyev və Cavabdeh3 zamindir. Kredit verən ilə kredit alanın arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən 9.900 ABŞ dolları məbləğində kredit verilib. Kredit 24 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 21,5 faiz müəyyən edilib. Sonradan bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə kredit müqaviləsinə dəyişiklik edilib və kredit göstərilən şərtlərlə restrukturizasiya edilib: qalıq əsas borcun məbləği 5.544,73 ABŞ dolları, faiz borcu 2.079,77 ABŞ dolları, cərimə borcu 495,58 ABŞ dolları təşkil edir, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2019-cu il tarixi müəyyən edilib. Kredit verən ilə zaminlərin arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsi bağlanıb və zaminlər kredit alanın öhdəliyini tamamilə icra etməsinə görə məsuliyyəti öz üzərlərinə götürüblər. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.504,11 ABŞ dolları, faiz borcu kimi 943,82 ABŞ dolları, cərimə kimi 3.388,21 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 516,95 ABŞ dolları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,60 manat kredit alan və zaminlərdən müştərək qaydada kredit verənin xeyrinə tutulsun. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib. Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, apellyasiya şikayəti təmin edilməsin, Xəzər Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsi ona əsaslanıb ki, iddia müddəti keçib, ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməyib. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilib və iş yeni apellyasiya baxışına qaytarılıb. Ali Məhkəmə ona əsaslanıb ki, iddia müddəti keçməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (kredit alan) apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh izahatını onunla əsaslandırdı ki, birinci, iddia müddəti keçib, ikinci, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın onun kredit borcuna tətbiqi ilə bağlı bank tərəfindən heç bir tədbir görməyib. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçıASC-nin nümayəndələri Nümayəndə və Hikmət Həsənli bildirdilər ki, iddia müddəti keçməyib və həmin Fərmanın iddiaçının kredit borcuna tətbiq edilməsi üçün əsas yoxdur. İddiaçının nümayəndələri sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh3 (zamin) məhkəmə iclasında iştirak etməmişdir. Digər cavabdeh Ənvər Baxşıyev (zamin) iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl – xx.xx.2019-cu ildə ölüb. Bu barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd olunub. Odur ki, işin cavabdeh Ənvər Baxşıyevə aid hissəsində Xəzər Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilib. Qətnamənin yoxlanılması: İddia ərizəsində irəli sürülən tələblərə uyğun olaraq məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Əsas və faiz borcu barədə: Əsas və faiz borcuna aid hissədə iddia təmin olunmalıdır. Belə ki, kredit verənin təqdim etdiyi maliyyə arayışına (iş v. 39) görə, xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcun məbləği 3.504,11 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (kredit müddətinin sonuna) faiz borcunun məbləği 943,82 ABŞ dolları təşkil edir. Kredit verən həmin məbləğdə icra edilməmiş borcun mövcud olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edib, kredit alan isə borcun məbləğinin səhv hesablandığını iddia etməyib, bu barədə məhkəməyə heç bir sübut (ödəniş sənədi və s.) təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin məbləğdə əsas və faiz borcu kredit alandan kredit verənin xeyrinə tutulmalıdır. Cərimə barədə: Cəriməyə aid hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, kredit verənin təqdim etdiyi maliyyə arayışına görə, müqavilə üzrə borc öhdəliyinin icrasının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) cərimə borcunun məbləği 3.388,21 ABŞ dolları təşkil edir. Məhkəmə Mülki Məcəllənin 462-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, kredit alan borc öhdəliyinin icrasını gecikdirdiyinə görə ondan dəbbə pulu (cərimə) tutulmalıdır. Lakin kredit verənin tələb etdiyi 3.388,21 ABŞ dolları cərimə tənasübsüz surətdə yüksəkdir, ona görə də məhkəmə Mülki Məcəlləni 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimənin məbləği azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Kredit müddəti bitdikdən sonra gecikməyə görə faiz barədə: Kredit müqaviləsinin müddəti bitdikdən sonra borc öhdəliyinin icrasının gecikdirildiyi müddətə görə 516,95 ABŞ dolları tutulması barədə tələb rədd olunmalıdır. Belə ki, kredit verənin təqdim etdiyi maliyyə arayışından görünür ki, həmin məbləğ gecikdirilmiş 1.055 günə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə hesablanıb. 445.7-ci maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, 445.7-ci maddə o halda tətbiq oluna bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Kredit verən digər əsaslardan çıxış edərək daha böyük məbləğ - 3.388,21 ABŞ dolları cərimə tələb edib, məhkəmə həmin məbləği tənasübsüz surətdə yüksək hesab etdiyinə görə azaldıb. Ona görə də 445.7-ci maddə hazırkı işdə tətbiq oluna bilməz. Zaminlik barədə: İş üzrə 2 zamin var. Zaminlərdən biri - Ənvər Baxşıyev iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl – xx.xx.2019-cu ildə öldüyünə görə, qətnamənin ona aid hissəsi ayrıca qərardadla ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilib. Digər zamin Cavabdeh3 münasibətdə iddia rədd olunmalıdır. Belə ki, Cavabdeh3 zaminliyinə xitam verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Öhdəliyin icrası vaxtı xx.xx.2019-cu ildə başa çatıb, iddia isə 3 il sonra - xx.xx.2022-ci ildə verilib. Kredit alanın etirazları barədə: Kredit alan iddiaya etirazını onunla əsaslandırır ki, iddia müddəti keçib. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia müddəti keçməyib. İddia müddətinin keçmədiyi hazırkı iş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyənləşdirilib. Daha sonra, kredit alan iddiaya etirazını onunla əsaslandırır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın tətbiqi ilə bağlı bank tərəfindən heç bir tədbir görməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, kredit verən Bakı Apellyasiya Məhkıəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə bu məsələyə münasibət bildirib. Müəyyən olunur ki, həmin Fərmanın qeyd olunan kreditə tətbiq edilməsi üçün Fərmanda müəyyən edilmiş şərtlər mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Əsas borc kimi 3.504,11 ABŞ dolları, faiz borcu kimi 943,82 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, cəmi 4.747,93 (dörd min yeddi yüz qırx yeddi tam yüzdə doxsan üç) ABŞ dolları Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,6 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66,3 manat, cəmi 198,9 (yüz doxsan səkkiz tam onda doqquz) manat Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar