Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3806/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızın katibliyi ilə, İddiaçı “xxxx” İKB-nin (hazırkı adı İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 may 2012-ci il tarixli 2(011)-1851/2012 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 may 2012-ci il tarixli, 2(011)-1851/2012 saylı qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək 12.02.2008-ci il tarixli 157(Z)2008 saylı kredit müqaviləsi üzrə 2290 manat əsas, 2349 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 4939 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub «Nikoyl» İKB-na ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 may 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2013-cü il tarixli, 2(102)-1163/2013 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iş üzrə cavabdeh olan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 may 2012-ci il tarixli, 2(011)-1851/2012 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətində işə onun iştirakı olmadan baxıldığını, bu səbəbdən də onun qanunla qorunan hüquqlarının pozulduğunu bildirmiş, bu səbəbdən də işə yenidən baxılaraq mübahisəbatlıq ekspertizasının təyin edilməsini və borcun yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həmin mülki iş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin iclaslarına dəvət olunsalar da, iştirak etməmiş, məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Həmin qətnamədən iş üzrə digər Cavabdeh1 apellyasiya şikayəti vermiş, işə apellyasiya baxışı mərhələsində hər iki cavabdehin, o cümlədən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclaslarında iştirak etmiş və onları təmsil etmişdir. İş materiallarından və Ali Məhkəmənin 09 aprel 2013-cü il tarixli Qərarının məzmunundan görünür ki, Cavabdeh2 iş üzrə digər Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan zaman da nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Göründüyü kimi, Cavabdeh2 digər Cavabdeh1 tərəfindən mübahisələndirilən məsələlərə apellyasiya və kassasiya qaydasında baxılması zamanı nümayəndəsi vasitəsilə təmsil olunmuş, eyni zamanda həmin apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən tam yoxlanılaraq qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh2 hazırda apellyasiya qaydasında baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara qiymət verməmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 may 2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3806/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3806/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver