Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3808/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh1 arasında bağlanmış 20.11.2014-cü il tarixli, ********* saylı “Kredit müqaviləsinin” ləğv edilməsini, “Kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.654,65 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 103,67 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 138,59 ABŞ dolları məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onunla Bank arasında bağlanmış 20.11.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsi” üzrə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 20.11.2014-cü il tarixdə Bank ilə “Zaminlik müqaviləsi” bağlamışlar. Göstərilənlərə baxmayaraq borclu Cavabdeh1 və zamin olan digər cavabdehlər qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan kredit borcunu qismən ödəmişlər. Nəticədə, qeyd edilən “Kredit müqaviləsi” üzrə 14.10.2016-ci il tarixinə onların iddiaçı Banka 5.654,65 ABŞ dolları məbləğində əsas, 103,67 ABŞ dolları məbləğində faiz borcları yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən cavabdehlərə, “Kredit müqaviləsinin” şərtinə əsasən 138,59 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablanmışdır. Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.654,65 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 103,67 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 20 ABŞ dollarının, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, borc məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankın ödənilməsini tələb etdiyi əsas kredit borcunun və əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğləri şişirdilmişdir. İşə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini Məhkəmədən xahiş etmişdir. Bundan başqa o, “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verərək, iddiaçı Bank tərəfindən 3 illik iddia müddətinin ötürüldüyü bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 və onun nümayəndəsi işə apellyasiya qaydasında baxılmasının sonrakı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsalar da, həmin iclasa gəlməmişlər. İş üzrə digər cavabdehlər habelə iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya baxışının iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı Bankın ləğvedicisi və iş üzrə digər cavabdehlər qətnamədən apellyasiya şikayət verməmişlər. Bunu və Cavabdeh1 iş üzrə digər cavabdehlərin adından çıxış etmək üçün səlahiyyətli olmamasını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız Cavabdeh1 mübahisələndirdiyi, yəni tələb olunan borc məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlamışdır. Bununla da, müəyyən edilir ki, “Kredit müqaviləsinin” ləğv edilməsi, cərimə (dəbbə) borcunun tutulması barədə tələblər və digər cavabdehlərin zaminliklə bağlı mülki məsuliyyətləri hazırki apellyasiya baxışının predmeti deyil. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2014-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərindən və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəlindən” görünür ki, Cavabdeh1 iddiaçı Banka olan borcunu aybaay, hissə-hissə Banka ödəməli idi. İş materiallarından görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunu qismən ödəmişdir. Nəticədə, qeyd edilən “Kredit müqaviləsi” üzrə 14.10.2016-ci il tarixinə 5.654,65 ABŞ dolları məbləğində əsas, 103,67 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən həmin “Kredit müqaviləsinin” şərtinə əsasən 138,59 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablanmışdır. Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlardan və işin hallarından görünür ki, Bank borcun ödənilməsini tələb etmiş, lakin borc ödənilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin – hazırki halda borcalan Cavabdeh1 üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə bu halı mübahisələndirmir. Cavabdeh1 mövqeyi ondan ibarətdir ki, Bankın ödənilməsini tələb etdiyi əsas kredit borcunun və əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğləri şişirdilmişdir, lakin işə baxmış Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan borcun məbləğinin əsaslı olub-olmamasını yoxlamaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Odur ki, Məhkəmənin 11.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2021-ci il tarixli 9/5620 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydən görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə 14.10.2016-ci il tarixinə yaranmış əsas kredit borcu 5.654,65 ABŞ dolları, əsas kredit məbləğinə hesablanmış faiz borcu isə 103,67 ABŞ dolları məbləğindədir. Beləliklə də apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Bank tərəfindən borcun məbləği ilə bağlı aparılmış hesablamalar şişirdilmiş deyil. Başqa sözlə, apellyasiya şikayətinin dəlili əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddənə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda Cavabdeh1 vəkilinin (nümayəndəsinin) apellyasiya icraatında verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizə ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından müəyyən edilmir və Cavabdeh1 tərəfindən iddia edilmir ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman o, üzürlü səbəbdən və ya məhkəmə baxışı iclası barədə ona lazımi qaydada məlumat verilməməsi səbəbindən məhkəmə baxışı iclasında iştirak edə bilməmişdir. Odur ki, bunları nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya icraatı zamanı verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizə apellyasiya araşdırılmasının predmeti ola bilməz. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci Cavabdeh1 aid edilsin və bu məqsədlə ondan dövlət nəfinə 145 (yüz qırx beş) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3808/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3808/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver