Məhkəmə qərarları › İş №2(103)-3808/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3808/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3808/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı 22.01.2020-ci il tarixdə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən məhkəmə qətnaməsinə əsasən tutulan alimentin miqdarının artırılmasını və hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsi, Məhəmməd adlı uşağın xəstəliyi ilə əlaqədar 300 manat əlavə xərcin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1068/20) iddia qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 01.07.2011-ci il təvəllüdlü X2, 15.11.2012-ci il təvəllüdlü X1 və 27.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin və 15.11.2012-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay sabit pul məbləğində 100 manat əlavə xərclərə görə pulun iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, alimentin hər ay hər uşaq üçün 120 manat olmaqla, aylıq 360 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiasını uşaqlar böyüdüklərinə görə tələbatlarının artması, cavabdehin yaxşı qazanca malik olması, azyaşlı Məhəmmədin boyun vətərinin əyriliyinə görə iki dəfə cərrahi əməliyyat keçirməsi və yenidən əməliyyata ehtiyacının olması, əlavə olaraq müalicələrə cəlb olunması və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğlə bu tələbatı ödəmədiyi ilə əsaslandırmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həm uşaqlara görə aiment alır, həm də ona məxsus mənzili qanunsuz kirayə verməklə maddi gəlir əldə edir. Uşağın saxlanması təkcə atanın vəzifəsi deyil. Bu günədək qət edilmiş alimenti qardaşının yardımı ilə vaxtında ödəyib. Hazırda heç yerdə işləmir. Hər ay 610 manat alimentin ödənilməsi ona maddi baxımdan çox sıxıntılar yaradır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnaməni qismən – alimentin miqdarının hər uşağa görə 170 manat müəyyən olunması hissəsində mübahisələndirmiş və hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamənin qalan hissəsi apellyasiya qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayır və qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin rəsmi nikahından 3 uşaqları - 01.07.2011-ci il təvəllüdlü Mərvin, 15.11.2012-ci il təvəllüdlü Məhəmməd və 27.01.2016-cı il təvəllüdlü Nihad adlı uşaqları var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2017-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment və X3 doğulduğu vaxtdan 3 il ərzində, yəni 27 yanvar 2019-cu il tarixə kimi hər ay 50 manat tutulmuşdur. İddiaçının hazırkı tələbi məhkəmə qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 136 manat məbləğində alimentin miqdarının artırılaraq 200 manat müəyyən edilməsi və 15.11.2012-ci il təvəllüdlü Məhəmmədin xəstəliyi ilə əlaqədar 300 manat əlavə xərcin tutulması barədədir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmamış uşaqların mənafeyini, onların maddi cəhətdən təmin olunmasını, ölkə üzrə bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iş üzrə cavabdehin daimi iş yerinin olması və onun qazancının miqdarı barədə sübutların təqdim edilməməsini nəzərə alaraq iddianı qismən təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81, 112-ci, eləcə də “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Qanunla əsaslandırmışdır. Cavabdeh bundan narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni qismən – alimentin miqdarının hər uşağa görə 170 manat müəyyən olunması hissəsində mübahisələndirmiş və hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni, cavabdeh faktiki olaraq hər uşağa görə tutulan alimentin miqdarını yalnız 50 manat hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 170 manata qədər artırmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halların mövcudluğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Eyni zamanda həmin hallar öz təsdiqini tapmış olsa belə, alimentin artırılmasını istisna etmir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin işləməməsi, maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Uşaqların bütün xərclərinin ödənilməsi yükünün ancaq cavabdehin üzərinə qoyulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaqlar iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür. Həmçinin iş materiallarında olan sübutlar əsasında həqiqətən azyaşlı Məhəmmədin əyriboyunluq diaqnozu ilə müalicə olunduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, tibbi xidmət, uşağın xəstəliyi ilə əlaqədar zəruri dərman preparatlarının alınması, nəqliyyat və digər əlavə xərclərin çəkilməsi labüddür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar