Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3808/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 96/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya aid olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, Ləhiş bağlar massivində yerləşən evdə (abonent kodu: **********0001) təbii qazdan istifadə ilə bağlı hesablanmış 8.382,83 manat borc silinsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının istifadəsində olan **********0001 saylı abonent koduna əsassız hesablanmış 7.132 manat borcun silinməsi cavabdehə həvalə edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Cavabdeh İB-nin əməkdaşları abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı müxtəlif tarixlərdə aktlar tərtib edib, həmin aktlara əsasən dəymiş zərərin məbləği (itirilmiş qazın dəyəri) müəyyən edilib. İş materiallarından görünür ki, həmin aktlar aşağıdakılardır: 1) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt; 2) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt; 4) tarixsiz ******* nömrəli akt; 5) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt; 6) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; 7) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; 8) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; 9) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; 10) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; 11) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 12) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 13) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt. Bu aktların heç birində abonentin imzası yoxdur. O cümlədən bu aktların heç birində hal şahidinin imzası yoxdur. Aktlar Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilib və imzalanıb, onlar aktı tərtib edərkən qeyd ediblər ki, abonent aktı imzalamaqdan imtina edib. İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Birinci, Cavabdeh İB-nin imkanı olub ki, qazdan sayğacdankənar istifadə faktını (qanunsuz çəkilən qaz xəttini və s.) videoaudioyazı ilə qeydə alsın, lakin bunu etməyib. Təqdim edilən fotoşəkillər qazdan sayğacdankənar istifadənin mövcud olduğunu müəyyənləşdirməyə imkan vermir, iddiaçı bu fotşəkillərin onun evinə aid olmadığını bildirir. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Ekspertin qarşısında göstərilən suallar qoyulub: 1) iddiaçıya aid evi təbii qazla təmin edən küçə qazpaylayıcı qaz xəttinin üzərində qazdan qanunsuz istifadəyə xarakterik əlamətlər (qaynaq yeri, borucuq və s.) mövcuddurmu? 2) Əgər mövcuddursa, borunun demontaj olunub-olunmadığı müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1688 nömrəli rəyinə görə, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Bundan başqa, əgər hesab olunsa ki, təbii qazdan sayğacdankənar istifadə edilib, belə halda həmin fakt ilk dəfə aşkar edilərkən Cavabdeh İB öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qalırmaq. Lakin Cavabdeh İB uzun müddət ərzində bunları etməyib, öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Hətta sayğac üzrə istifadə edilən qazın dəyəri tam həcmdə ödənilməmiş, buna baxmayraq Cavabdeh İB qaz təchizatını dayandırmamışdır. Borcun məbləği artdıqda abonentin ödəmə qabiliyyəti olmadığına görə istehlak edilmiş qazın dəyərinin alınması mümkün olmur, borcun tutulması barədə məhkəmə qətnamələri isə icrasız qalır. Ona görə də təbii qazdan sayğacdan kənar istifadə faktı ilk dəfə aşkar edilən kimi Cavabdeh İB zərərin həcminin atmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə borcludur. Əgər Cavabdeh İB belə tədbirlər görməzsə, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinin göstərişi tətbiq olunmalıdır. Həmin maddəyə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi 8.382,83 manatlıq borcun 7.132 manat hissəsini silib, 1.250,83 manat borc qalıb. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 96/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3808/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3808/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver