Məhkəmə qərarları › İş №2(103)-3809/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3809/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3809/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh onun xeyrinə kredit müqaviləsi üzrə 97,90 manat əsas, 24,74 manat cərimə borcu olmaqla, cəmi 122,64 manat borcun, 20,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə çıxarılarkən məhkəmə olan dövrlərdə onun ödənişləri nəzərə alınmamış və borcu azaldılmadan qətnamə qəbul etmişdir. Bank məhkəməyə qədər ona xəbərdarlıq barədə bildirişlər göndərməmişdir. Xəbərdarlıq məktubuna diqqət yetirilsə görünər ki, ipoteka müqaviləsindəki imza ilə bildirişin alınmasını təsdiq edən poçt qəbzi arasında ziddiyyət var. Yəni, ümumiyyətlə Bank həmin bildirişi ona göndərməmişdir. Poçt qəbzində çatdırılma və ya geri qaytarma və ya imtina barədə heç bir ştamp yoxdur. Məhkəmədən prosesə mütəxəssis cəlb edilməsini və ya təkrar mühasibatlıq ekspertizası təyin edilməklə borcun dəqiq müəyyən edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Cavabdeh 13.05.2019-cu il tarixdə “Smilekart” kredit xəttinin ayrılması üçün İddiaçı ASC-yə ərizə ilə müraciət etmiş və İddiaçı ASC ilə arasında 16.05.2019-cu il tarixli, 100892-PC********** nömrəli Smile kredit xətti müqaviləsinə əsasən, 36 ay müddətinə 100 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. 07.05.2020-ci il tarixli 006/006/0543/2020 saylı xəbərdarlığa əsasən, 12.05.2020-ci il tarixədək 87,3 manat əsas, 1,09 manat cərimə olmaqla, cəmi 88,39 manat borcun ödənilməsi tələb edilmişdir. 16.010.2020-ci il tarixli maliyyə arayışına əsasən, 16.10.2020-ci il tarixə 97,9 manat əsas, 24,74 manat cərimə borcu olmaqla, cəmi 122,64 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 189 gün təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh, apellyasiya şikayətində, tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmadığını və borcun düzgün hesablanmadığını bildirsə də, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-429/2021 saylı iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar