Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3809/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit xətti üzrə götürdüyü 5000 manat, pul köçürmələri vasitəsi ilə göndərdiyi 11295,94 manat və evin tikintisi üçün xərclədiyi 4349,0 manat pulun, ümumilikdə 20644,94 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 hələ "xxxx" ASC-də işləyərkən tanımış, uzun müddət birlikdə işləmişlər, münasibətləri yaxşı olmuş, tez-tez onun yaşadığı evə gedib-gəlmişdir. Cavabdeh Elmlər Akademiyası metrosunun yaxınlığında olan evini satıldıqdan sonra, Şüvəlanda ev alaraq ora köçmüş, bundan sonra da münasibətləri kəsilməmiş, yeni evlərinə gedib-gəlmişdir. 2007-ci ildə Cavabdeh2 digər Cavabdeh1 ilə ailə həyatı qurmuş, bundan sonra da əlaqələri kəsilməmişdir. Onun özünə məxsus evi olmadığından Cavabdeh2 hər dəfəsində ona torpaq və ya ev almağı, sonra pulu onlara hissə-hissə qaytarmağı təklifini edirdi. Lakin iddiaçı hər dəfəsində qorxduğu üçün bu formada olan təklifləri geri çevirirdi. Bu təkliflərdən biri də 2013-cü ilə təsadüf etdi. Belə ki, Eleonora yoldaşı Fuadla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində ona torpaq sahəsi alacaqlarını bildirmiş, Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.L.İmanov tərəfindən xx.xx.2013-cü il tarixində, 4Ə/391 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 0,1 ha torpaq sahəsinin 0,03 ha hissəsini almışdır. Hətta, Cavabdeh2 həmin torpağı aldıqdan sonra iddiaçını ora aparmış, iddiaçı ərazini gördükdən sonra bəyəndiyini bildirmişdir. Cavabdehlərlə aralarında olan şifahi razılaşmaya (şifahi alqı-satqı) əsasən, torpaq sahəsinin qiymətini 13000 manata razılaşmışlar. Razılaşmaları əsnasında Cavabdeh1 ona torpaq sahəsinin alqı-satqı müqaviləsinin, torpaq sahəsinin plan və ölçüsünün, həmçinin torpağın çıxarışının surətini ona təqdim etmişdir (hər üç sənəd qoşma kimi əlavə olunub). Həmçinin, Cavabdeh1 bildirmişdir ki, 13000 manat tam ödənildikdən sonra, etibarnamə əsasında torpağı iddiaçının adına rəsmiləşdirəcək. Sonradan, həmin ərazidə ev (yarım-zirzəmi tipli) tikməyə başladığından müəyyən xərclər çəkməli olmuş, evin tikilməsi ilə bağlı bütün işlərə Cavabdeh1 atası Nəriman Quliyev nəzarət etmişdir. Belə ki, evin tikintisi ilə bağlı bütün işləri (ustaların dəvət olunması və tikinti üçün avadanlıqların alınması) o özü həll edirdi. Hətta, Nəriman Quliyevin özü də evin tikintisi üçün müəyyən işlər görmüşdür. Gətirdiyi bütün ustaların zəhmət haqqını, eləcə də tikinti üçün alınan avadanlıqların xərcini iddiaçı özü şəxsən ödəmişdir. Hətta, sağlığında onun Quliyev Nərimana borcunun olmaması ilə bağlı özünün oğlu Fuada yazdığı qeyd də vardır (qoşma kimi əlavə olunub). Qeyd edir ki, yarım-zirzəmi tipli evin tikintisi 13 may 2014-cü il tarixindən başlamış və 30 avqust 2014-cü il tarixinədək davam etmişdir. Ümumilikdə, evin tikintisinə 4349 manat pul xərclənmişdir. 2014-cü il tarixində Cavabdeh1 yoldaşı Cavabdeh2 ilə Rusiyaya gedəcəyini və bu səbəbdən torpağa görə ödəməli olacağı 13000 manat puldan 5000 manatı əvvəlcədən istəmiş, qalan 8000 manat məbləği isə hissə-hissə ödəniləcəyini bildirmişdir. İddiaçı öz növbəsində əvvəlcədən istənilən pulu ancaq bankdan kredit götürməklə verə biləcəyini bildirmiş, bu məqsədlə 09 sentyabr 2014cü il tarixində "xxxx" ASC-nin “Abşeron” filialı ilə onun arasında 7-xx.xx.2014-SM16 nömrəli kredit müqaviləsi bağlanmış (qoşma kimi əlavə olunub), ona 5000 manat pul verilmişdir. Kredit müqaviləsi üzrə zamin olaraq Cavabdeh2 çıxış etmişdir. Qeyd olunan kredit 60 ay müddətinə, ayda 141 manat olmaqla 09 sentybar 2019-cu il tarixinə qədər verilmiş, bu səbəbdən də Cavabdeh1lə aralarındaki şifahi razılaşmaya əsasən ona çətinlik yaranmasın deyə kreditin müəyyən hissəsini ödədikdən sonra torpaqdan qalan 8000 manatı ödəməyə başlayacaqdı. Bir müddət kredit ödənişlərini həyata keçirdikdən sonra, 20 iyun 2017-ci il tarixdən başlayaraq Cavabdeh1 müxtəlif banklardan “Western Union” və “Zolotaya Korona” vasitəsi ilə pul göndərməyə başlamışdır. Onu da qeyd edir ki, göndərişlər əsasən ABŞ dolları, bir neçə dəfə isə Rusiya rublu ilə göndərilmişdir. 2021-ci ilin iyul ayına qədər cavabdehlərə Azərbaycan manatı ilə ümumilikdə 11295,94 pul göndərmişdir (bark qəbzləri qoşma kimi əlavə olunub). Pulu artıqlaması ilə ödədikdən sonra dəfələrlə telefon zəngləri, eləcə də “whatsapp” mobil tətbiqi vasitəsi ilə Cavabdeh1, həmçinin Cavabdeh2 zəng edərək etibarnamənin göndərilməsini istəmişdir (“watsapp” səs qeydləri daşıyıcı vasitədə (flashcard) qoşma kimi əlavə olunub), lakin hər dəfəsində müxtəlif bəhanələr gətirərək, etibarnaməni göndərməkdən boyun qaçırmışlar. Hətta, sözügedən etibarnamənin göndərilməsi ilə əlaqədar cavabdehlərə əlavə olaraq 100 ABŞ dolları da (170 manat) göndərmişdir. Qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində tikilən evdə 2014-cü ildən qeydiyyatsız olaraq yaşayır. Bununla bağlı Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 oktyabr 2022-ci il tarixli 1182 saylı arayış verilmişdir. Onun həmin bağda yaşadığını qonşuları, X5 və X9 öz ərizələri ilə təsdiq etmişlər (arayış və ərizə qoşma kimi əlavə olunur). Hazırda cavbadehlər həmin 0,03 ha torpaq sahəsi üzərində tikilən evi onun adına rəsmiləşdirmirlər, nə də ki, torpağa görə ödədiyi pulu ona geri qaytarmırlar. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmn olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia verərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən, Cavabdeh1 tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdeh İddiaçı məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 bağ sahəsinin bir hissəsi 0, 03 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə keçmiş arvadının yaxın münasibətləri olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının torpağın satılmasından məlumatı olmamışdır. Həmçinin qeyd edir ki, onda olan məlumata görə İddiaçı ona məxsus bağ sahəsində 2019-cu ildən yaşamışdır. İddiaçı doğrudan da ona 600 ABŞ dolları civarında pul göndərmişdir, lakin o, pulun nəyə görə göndərildiyini bilmədiyindən hazırki dövrə qədər həmin pulları zərfilə birlikdə saxlayır və onu geri qaytarmağa hazırdır. Əlavə olaraq qeyd edir ki, Eleonarla Mətanət arasında hər hansısa danışıqların olmasından xəbəri olmamışdır. Qeyd edir ki, Cavabdeh1 ilə X4 arasında olan nikah 21 may 2019-cu il tarixdə məhkəmə qərarı əsasında pozulmuş, 05 iyun 2019-cu il tarixdə nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və onun üzrərində tikilmiş fərdi yaşayış evindən cixarilmasını tələb edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzrli) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1 1084,6 manat borcun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 1053,06 manat borcun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 9158,28 manat məbləğində borcun və tikinti-təmir işlərinə xərclənən 4349,0 manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, həmçinin qarşılıqlı iddianın təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsindən və bağ evindən çıxarılması, qətnamə üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin eyni vaxtda icra edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddia tələbinin ona aid hissəsində ləğv olunmasını, iddianın qismən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə bütün faktiki halların aydınlaşdırılmaması, iddiaçı və Cavabdeh2 uşaqlıqdan birgə böyüməsi, rəfiqə olması, iddiaçı tərəfindən pulların məhz Eleonoraya göndərilməsi, onun bunlardan xəbəbrsiz olması, Eleonora ilə münasibətlərinə 21 may 2019-cu il tarixindən etibarən faktiki xitam verilməsi, bu səbəbdən iddiaçı tərəfindən göndərilmiş pullardan xəbərinin olmaması, bundan başqa torpaq üzərindəki tikilinin əvvəlcədən mövcüd olması, iddiaçı tərəfindən tikilidə yalnız malyar işinin (divar kağızı) aparılması, digər çəkilmiş xərclərin əsassız olması, bütün bu halların iş materialları ilə təsdiq olunması və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğunun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlər arasında nikah pozulmuş, bu barədə Rusiya Federsasiyasında müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Lakin həmin qərarı hazırda məhkəməyə təqdim edə bilmir. Ümumiyyətlə, iddiaçı ilə Cavabdeh1 oğu arasında torpaq sahəsinin alqı-satqı və s. bu kimi münasibətlər yaranmamış, belə razılaşma olmamışdır. Torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş, iddiaçının orada olan evdə təqribən 2019-cu ildən müvəqqəti yaşamasına razılıq vermişdir. İddiaçı tərəfindən Cavabdeh1 oğuna poçt vasitəsilə 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir, lakin həmin pulun nəyə görə göndərildiyini bilmədiyindən onu saxlamışdır. 600 ABŞ dolları vəsaitin təxmini 1084,6 manata yaxın məbləğ etdiyindən, qətnamənin həmin hissəsini (cavabdehdən iddiaçının xeyrinə 1084,6 manat pul vəsaitinin tutulmasını) mübahisələndirmirlər. Cavabdehin narazılığı iddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş 9158,28 manat pul vəsaitinin müştərək qaydada tutulması, habelə tikinti-təmir işlərinə xərclənən 4349,0 manat pulun tutulması hissədədir. Cavabdeh1 oğunun ümumiyyətlə məlumatı olmamışdır ki, iddiaçı tərəfindən Cavabdeh2 9158,28 manat pul vəsaiti göndərilmişdir. Çünki, cavabdehlər arasında olan nikah Rusiya Federasiyasında pozulmuş, onlar faktiki ayrı yaşamışlar. Bununla yanaşı, cavabdehin mülkiyyətində olan torpaq sahəsində iddiaçı tərəfindən ev inşa olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, o cavabdehlərlə arasında olan razılıq əsasında pulları tərəflərdən birinə göndərmiş, cavabdehlərin faktiki münasibətlərinin pozulması barədə ona heç vaxt məlumat verilməmiş, bu müddət ərzində isə cavabdehlərdən heç birini bu hala etiraz etməmişdir. Cavabdeh1 oğunun başdan bəri bütün münasibətlərdən məlumatı olmuşdur. Cavabdeh1 hətta torpaq sahəsinin sənədlərini (çıxarış və torpaq sahəsinin planı və ölçüsü) də ona vermişdir. Əgər torpaq sahəsi ona satılmamışsa, onda həmin sənədlərin əsli niyə ona verilirdi? Eyni zamanda əgər o, həmin evdə qanunsuz yaşayırdısa niyə keçən uzun müddət ərzində evdən çıxarılmasını tələb etməmişdir? Cavabdeh dedikləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, qonşuları olan şahidlər də təsdiq etmişlər ki, o, torpaq sahəsini cavabdehlərdən almış, orada təmir-tikinti işləri apararaq, yarımzirzəmi balaca bir evdə uzun müddətdir yaşayır. Cavabdeh apellyasiya şikayətində bildirib ki, guya ona göndərilmiş 600 ABŞ dollarının səbəbini bilməmişdir. Necə ola bilər ki, cavabdeh hələ 2020-2021-ci illərdə göndərilmiş pulun səbəbini bilmədən onları qəbul etmiş və uzun müddət özündə saxlamış, səbəbini öyrənməmişdir. O, cavabdehlər tərəfindən aldadılmış, maddi vəziyyətinin pis olmasına baxmayaraq çətinliklə torpaq sahəsinin pulunu ödəmiş, əlavə xərc çəkərək orada tikinti işləri aparmış, lakin cavabdeh vədinə əməl etməmiş, torpaq sahəsini onun adına keçirməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia qismən, qarşılıqlı iddia tam təmin olunmuş, iddiaçı və Cavabdeh2 qətnaməni mübahisələndirməmişlər. Cavabdeh1 oğu isə qətnaməni ilk iddia hissədə qismən mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli AN-İ №0352285 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətlərindən görünür ki, X10 Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsinin 0,03 ha hissəsini Cavabdeh1 satmış, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İşdə olan 1182 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsində tikilmiş evdə qeydiyyatsız yaşayır. İşdə olan X1 və X6 notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ evində qeydiyyatsız yaşayır. İşdə olan “Zolotaya korona” və “Western Union” ilə pul köçürmələri barədə cədvəldən, ödəniş qəbzləri və tranzaksiyaların sürətlərindən görünür ki, 2017-2021-ci il tarixlərdə Cavabdeh1 və Quliyeva Eleonaraya ümumilikdə 11295,94 manat məbləğində pul köçürülmüşdür. İşdə olan kassa məxaric orderlərinin sürətindən görünür ki, 2020-ci il tarixdə Cavabdeh1 cəmi 600,0 ABŞ Dolları məbləğində pul köçürülmüşdür. İşdə olan əlyazmalarının sürətindən görünür ki, tikintiyə 4349,0 manat məbləğində xərc çəkilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqavləsinə əsasən bank tərəfindən borcluya 5000 manat məbləğində kredit verilmiş və kreditin təminatı kimi X4 zamin olmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4916 nömrəli rəyinə əsasən ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 11140,0 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, o, 30-32 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yaşayır, Mətanət xanım isə təqribən 2014-cü ildən mübahisəli bağ sahəsində yaşayır, evlərinin arasında təqribən 100 metr məsafə vardır, yaxın qonşudurlar. Mətanət xanim həmin torpaq sahəsində çox pis, yararsız vəziyyətdə olan yarımzirzəmi tiklidə əsaslı təmir-tikinti işləri aparmış, əlavə artırmalar (hamam, tualet və s.) inşa etmiş, tikintiyə isə Cavabdeh1 atası Nəriman kişi nəzarət etmişdir. O, Nərimandan eşitmişdir ki, Mətanət xanım oranı almış, pulunu Fuada və gəlininə hissə-hissə ödəmişdir. Bildiyinə görə Mətanət xanım Fuada ümumilikdə 20000 manata yaxın pul ödəmiş, hətta bir hissəsini bankdan kredit götürüb vermişdir. Mətanət xanım uzun müddətdir ki, həmin evdə yaşayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 göstərmişdir ki, o, 30 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yaşayır, Mətanət xanım təqribən 8 ildir ki, mübahisəli bağ sahəsinə köçmüş, yaxın qonşudurlar. Mətanət xanim həmin torpaq sahəsində yararsız vəziyyətdə olan, yaşanılması mümkün olmayan yarımzirzəmi tiklidə əsaslı təmir-tikinti işləri aparmış, əlavə tikililər inşa etmiş, eləcə də həyəti təmir etmiş, həyətə qapı qoydurmuşdur. Cavabdeh1 isə köhnə ev sahibi kimi tanıyır, onun atası Nəriman kimi olmuş, təqribən iki il olar vəfat etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər aralarında Cavabdeh1 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşma olmuş, torpağın dəyəri 13000 manat müəyyən olunmuş, iddiaçı həmin pul vəsaitini hissə-hissə ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, bu səbəbdən də həmin dövrə (2017-ci il tarixdən 2019cu ilin may ayına kimi) göndərilmiş 9158,28 manat pul vəsaiti cavabdehlərdən birgə qaydada tutulmalıdır. 2019-cu ilin iyun ayından 2020-ci ilin fevral ayınadək olan göndərilmiş 1053,06 manat pul vəsaiti Cavabdeh2, 2020-ci ilin may ayından 2021-ci ilin iyul ayınadək olan köcürmələr (1084,6 manat) isə Cavabdeh1 adına olduğundan tutulmalıdır. Ekspertiza rəyi ilə mübahisəli torpaq sahəsində aparılmış təmir-tikinti işlərinin məbləği iddia tələbi həddində olduğundan iddia həmin hissədə də əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin qeyd edir ki, işin müəyyən olunmuş faktiki halları və toplanmış sübutlarla müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin satış dəyərinin 13000 manat olmaqla hissə-hissə ödənilməsi barədə şifahi razılıq əldə olunmuş, sonuncu “Zolotaya korona” və “Western Union” ilə pul köçürmələri ilə 2017-2021-ci il tarixlərdə cavabdeh tərəfə ümumilikdə 11295,94 manat məbləğində pul köçürmüşdür. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında torpaq sahəsinin satılması istiqamətində ümumiyyətlə hər hansı formada razılığın olmamasını bildirsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 və X9 ifadələrində göstərmişlər ki, onlar təqribən 30-32 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yaşayırlar, iddiaçının yaşadığı mübahisəli torpaq sahəsi onların yaşadıqları evin yaxınlığında yerləşməklə qonşudurlar. İddiaçı təqribən 2014-cü ildən mübahisəli bağ sahəsində yaşayır, həmin torpaq sahəsində çox pis, yararsız vəziyyətdə olan yarımzirzəmi tiklidə əsaslı təmir-tikinti işləri aparmış, əlavə artırmalar (hamam, tualet və s.) inşa etmiş, eləcə də həyətdə tikinti işləri aparmış, tikintiyə isə Cavabdeh1 atası Nəriman kişi nəzarət etmişdir. Şahidlər iddiaçının həmin torpaq sahəsinin və onun üzərində inşa etdiyi yaşayış sahəsinin sahibi kimi, Cavabdeh1a isə keçmiş sahib kimi tanımış, eşitmişlər ki, Mətanət xanım oranı almış, pulunu Fuada və gəlininə hissə-hissə ödəmişdir. Bununla yanaşı, işdə olan tərəflər arasında olan çoxsaylı votsapp yazışmalarından açıq-aşkar görünür ki, iddiaçı mübahisə torpaq sahəsinin pulunu ödədiyini (köçürdüyünü), bu səbəbdən də adına etibarnamənin göndərilməsini tələb etmiş, cavabdeh tərəf isə əvvəl etibarnamənin hazırlandığını (tərcümə olunduğunu və s.) bildirmiş, sonra isə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qeyd edilən razılaşmanın olmaması durumunda iddiaçının bir neçə il müddət kəsiyində cavabdeh tərəfin adına Rusiya Federasiyasına pul vəsaitləri göndərməsi, cavabdeh tərəfin isə bunun səbəbini aydınlaşdırmadan həmin pul vəsaitlərini qəbul etməsi sadə məntiqə sığmamaqla, ağlabatan deyildir. Cavabdeh apellyasiya şikayətində həyat yoldaşı Cavabdeh2 ilə uzun müddət əvvəl faktiki ayrılmasını, bu səbəbdən də sonuncuya göndərilən pul vəsaitlərindən məlumatlı olmamasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi işdə olan 2020-2022-ci illəri əhatə edən votsapp yazışmalarından da cavabdeh tərəfin uzun müddət əvvəldən faktiki ayrılmaları, pul vəsaitlərinin göndrilməsindən məlumatlı olmamaları və s. bu kimi halların mövcudluğu görünmür. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehlərin rəsmi nikahlarının pozulması anınadək iddiaçı tərəfindən Cavabdeh2 adına göndərilmiş pulların birgə öhdəlik olaraq həmçinin Cavabdeh1 tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Göründüyü kimi, cavabdeh vədinə əməl etməmiş, iddiaçıdan müvafiq pul vəsaitlərini əldə etməsinə baxmayaraq, torpaq sahəsini onun adına rəsmiləşdirməmiş (bunun üçün etibarnamə verməmiş), əksinə iddiaçının həmin torpaq sahəsində tikinti-təmir işləri apararaq inşa etdiyi və uzun müddət ərzində yaşadığı evdən çıxarılması barədə tələb irəli sürmüşdür. Həmçinin qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 tutulması qət olunmuş 1084,6 manat manatın elə 600 ABŞ dolları civarında olduğunu, qətnamənin həmin hissəsindən şikayətlərinin olmadığı, həmin hissədə qətnamə ilə razılaşdıqlarını bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnamənin qanuniliyini həmin hissədə əlavə olaraq yoxlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası iddia tələblərinin hüquqi əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. MM-nin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məjəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlak sayılan 0,03 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi formada razılıq əldə olunmuş, məhz bu məqsədlə iddiaçı tərəfindən müvafiq pul vəsaitləri ödənilmişdir. Lakin, daşınmaz əşyaların alqı-satqısı şifahi formada həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, həmin razılaşma özü-özlüyündə əhəmiyyətsiz olmuşdur. MM-nin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. MM-nin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurma və əsassız varlanmadır. MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi torpaq sahəsinə görə iddiaçının ödədiyi müvafiq pul vəsaitlərini cavbadehdən tutumaqla haqlı olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza rəyini də nəzərə alaraq, cavabdehə məxsus müvafiq torpaq sahəsində iddiaçının iddia etdiyi, tikintitəmir işlərinə xərclədiyi 4349 manat pulun da cavabdehdən tutulması qənaətinə gəlmişdir. Belə ki, MM-nin 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. MM-nin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 1094-cü maddəsinə görə əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunvericiliyində yuxarıda qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, vicdanlı sahib əmlaka sərf etdiyi zəruri xərclərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Bundan əlavə, vicdanlı sahib əmlakdan istifadə müddəti ərzində ona əlavə etmiş olduğu yaxşılaşdırmaları əmlaka zərər vurmadan ayırmaq mümkün olmadıqda onlara sərf etdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Əks halda, mülkiyyətçi əsassız varlanmış hesab olunur ki, əsassız varlanmış şəxsin də heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cavabdeh apellyasiya şikayətində iddiaçının müvafiq təmir-tikinti işlərini görməməsini göstərsə də, bu hal işdə olan sübutlarla (yuxarıda qeyd edildiyi kimi, şahid ifadələri, ekspertiza rəyi və s.) tam təkzib olunur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş həqiqi halları fonunda cavabdehin hərəkətləri hüquqdan sui-istifadəyə yönəlməklə, vicdanlılıq prinsipi ilə də uzlaşmır. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar və qanunvericiliyin qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra, həmçinin etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəmə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin özünün izahatı isə iddianın əsassız olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3809/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3809/2024
13.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver