Məhkəmə qərarları › İş №2(103)-381/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-381/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-381/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020ci il tarixli 2(009)-142/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs: Cavabdeh4 MMC) kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 08.08.2017-ci il tarixli **********16517/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 86 kv.m ümumi, 63,3 kv.m, yaşayış, 22,7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 39 nömrəli mənzilə tutma yönəldilməsi və 08.08.2017-ci il tarixli **********16517 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 MMC-nin iddiaçı ASC “Xalq” Bankı qarşısında 41000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditin verilməsi müddətinin bitdiyi 08.02.2019-cu il tarixinədək kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış 917,36 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 26.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5654,92 ABŞ dolları məbləğində penya, 08.02.2019-cu il tarixdən 26.12.2019-cu il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 1836,08 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 49408,36 ABŞ dolları məbləğində pul vəsaiti və 26.12.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymətinin) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ilə Cavabdeh4 MMC arasında bağlanmış 08.08.2017-ci il tarixli **********16517 №-li Kredit müqaviləsinə əsasən 18 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh4 MMC və Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 86.0 kv.m ümumi, 63.3 kv.m. yaşayış, 22.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 39 nömrəli mənzilin ipoteka qoyulması barədə 08.08.2017-ci il tarixli **********16517/İM №-li müqavilə bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.08.2017-ci il tarixli RX seriyalı ******* N°-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4cü bəndinə və onun 1 N°-li Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh4 MMC kredit üzrə hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Borc alan bu öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kreditin verilməsi müddətinin bitməsinə (08.02.2019-cu il) baxmayaraq, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin (08.02.2019-cu il) tarixə Kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 MMC-nin Bank qarşısında gecikdirilmiş ümumi borcu 45606,39 ABŞ dolları məbləğindən ibarət olmuşdur. Bunun da 42259,85 ABŞ dollarını vaxtı keçmiş əsas borc məbləği, 3346,54 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Qeyd edilən tarixdən sonra borc alan tərəfindən ümumilkdə 6000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir ki, bunun da 1259,85 ABŞ dolları vaxtı keçmiş əsas borc məbləğindən, 2429,18 ABŞ dolları hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcdan, 2310,97 ABŞ doları isə penyadan silinmişdir. İddia ərizəsinin verildiyi 02.08.2019-cu il tarixinə borc alan Cavabdeh4 MMC-nin Kreditor qarşısında gecikdirilmiş borcu isə 41917,36 ABŞ dolları təşkil edir ki, bunun da 41000 ABŞ dolları vaxtı keçmiş əsas borc məbləğini, 917,36 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil edir. Bundan əlavə borc alan Cavabdeh4 MMC kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, 02.08.2019-cu il tarixinə qədər bu məbləğ 3194,93 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 MMC tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 13.02.2019-cı il tarixli 360 N°-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 13.02.2019-cı il tarixli 360 nömrəli bildirişin qeydiyyata alınması barədə 15.02.2019-cu il tarixli 402 nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə Banka həmin İdarə tərəfindən müvafiq olaraq 26.02.2019-cu il tarixli **********40 N°-li məktub vasitəsilə məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan Cavabdeh4 MMC arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında da öz əksini tapmışdır. Qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 02.08.2019-cu il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(009)- 142/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələblərinin bu formada qoyulmasının, yəni borc alan Cavabdeh4 MMC-yə qarşı ayrıca iddia qaldırılmadan, habelə hazırkı iddia çərçivəsində borcun ondan tutulması tələbi irəli sürülmədən kredit müqaviləsi üzrə borc məbləğinin bilavasitə ipoteka predmetinin dəyərindən tutulmasına dair iddia ilə məhkəməyə müraciət olunmasının mümkünlüyünü əsaslandıran qüvvədə olan qanunvericilik normaları vardır. Belə ki, Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələrində, eyni zamanda “İpoteka haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulub ki, kreditor əvvəlcə öz tələbini ipoteka predmetinə yönəldə, müvafiq əmlakın satışından götürülən məbləğ ipoteka saxlayanın tələbini ödənilməsi üçün kifayət etmədikdə isə bilavasitə əsas öhdəlik üzrə borclu qismində çıxış edən şəxsə qarşı iddia qaldıra bilər. Məhkəmə isə öz qətnaməsində gəldiyi nəticəni əsaslandıran hər hansı qanunvericilik normasına istinad etməmişdir. İstənilən halda tələbi kimə qarşı və hansı ardıcıllıqla irəli sürmək hüququ kreditora məxsusdur və onun bu hüququ heç bir normaya əsaslanmayan hər hansı bir subyektiv mülahizələrə görə məhdudlaşdırıla bilməz. Buna görə də hesab edirlər ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 və üçüncü şəxs Cavabdeh4 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(009)-142/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, ASC “Xalq” Bankı ilə Cavabdeh4 MMC arasında bağlanmış 08.08.2017-ci il tarixli **********16517 №-li kredit müqaviləsinə əsasən 18 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 50000 ABŞ dolları məbləğində kredit verilməsi, bu müqavilə üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə isə iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh4 MMC və Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 86.0 kv.m ümumi, 63.3 kv.m. yaşayış, 22.7 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 39 nömrəli mənzilin ipoteka qoyulması barədə 08.08.2017-ci il tarixli **********16517/İM №-li ipoteka müqaviləsi bağlanması, borc alanın bu öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması, kreditin verilməsi müddətinin bitməsinə (08.02.2019-cu il) baxmayaraq bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmaması və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməməsi, bununla da borc alanın kredit müqaviləsinin 2.4-cü bəndinin tələblərinə riayət etməməsi işin mübahisəsiz hallarındandır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin, Bakı şəhəri Səbail rayonu Bünyad Sərdarov küçəsi 12 saylı evin 39 nömrəli mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 09 dekabr 2019cu il tarixli G-12/19-349 saylı rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 170000 manat, likvid dəyəri 161500 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnaməni belə əsaslandırmışdır ki, iddiaçı tərəfin borc alanın öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması faktının mövcud olmasına baxmayaraq ona qarşı deyil, ona məxsus olmayan, lakin digər şəxsin mülkiyyətinə ipoteka müqaviləsinin şərtlərinə əsasən tutma yönəldilməsi ilə bağlı hüquqi prosedura başlamalarının onların hüquqlarının olmasına dair izahatlarına tənqidi yanaşır və hesab edir ki, tutma birbaşa deyil, öhdəliklərini yerinə yetirməyən şəxsə (borc alana) onunla bağlanmış kredit müqaviləsinin şərtləri və mülki qanunvericiliyin tələblərinə əsasən birlikdə qaldırılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi qanunverici heç bir halda ipoteka predmetinə tutma yönəldilməsi imkanını ilk növbədə əsas öhdəlik üzrə borcluya qarşı tələbin irəli sürülməsi ilə şərtləndirməmişdir. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 oktyabr 2020-ci il tarixli 9/3614 saylı rəyindən görünür ki, Cavabdeh4 MMC-nin 08.02.2019-cu il tarixə (müqavilənin bitmə tarixi) banka olan əsas borcu 41866,38 ABŞ dolları, faiz borcu isə 1093,19 ABŞ dolları, 08.02.2019-cu il tarixə illik 5%-lə hesablanmaqla banka olan əsas borcu 37866, faiz borcu isə 789,31 ABŞ dolları məbləğində müəyyən olunur. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli 9/2381 saylı rəyindən görünür ki, Cavabdeh4 MMC-nin 08.02.2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan əsas borcu 41886,38 ABŞ dolları, faiz borcu isə 1093,19 ABŞ dolları olmaqla, cəmi borcu ******* ABŞ dolları təşkil edir. 26.12.2019-cu il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitmə tarixi) illik 5%-lə hesablanmaqla banka olan əsas borcu 37886, faiz borcu 789,31 ABŞ dolları olmaqla, cəmi borcu 38676,09 ABŞ dolları məbləğində müəyyən olunur. İş materiallarından və məhkəmə mühasibatlıq ekspertizasının rəylərindən görünür ki, kredit müqaviləsinin müddəti 08 fevral 2019-cu il tarixdə başa çatmış və həmin dövrə Cavabdeh4 MMC-nin ASC “Xalq” Bankına 41866,38 ABŞ dolları məbləğində əsas borcu və 1093,18 ABŞ dolları məbləğində müqavilə üzrə faiz borcu olmuşdur. Müqavilə müddəti başa çatdıqdan sonra 26 dekabr 2019-cu il tarixədək, yəni iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi günədək kredit müqaviləsi üzrə 6000 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 3979,6 ABŞ dolları məbləğində hissəsi əsas kredit borcuna, 2020,4 manat hissəsi faiz borcuna silinmiş, əsas borcdan 37886,78 ABŞ dolları, faiz borcundan isə 789,31 ABŞ dolları məbləğində borc qalmışdır. Ödəniş cədvəlindən görünür ki, müqavilə müddəti başa çatandan sonra 26 dekabr 2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə, cəmi 1716,54 ABŞ dolları məbləğində borc hesablanmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından, məhkəmə kollegiyası ekspert rəyini sübut növü kimi qəbul edir. Kollegiya hesab edir ki, Cavabdeh4 MMC-nin ASC “Xalq” Bankına əsas borcunun məbləği 37886,78 ABŞ dolları, müqavilə müddətinə 12 faizlə hesablanmış borcunun məbləği 0 manat, müqavilə müddəti başa çatandan iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 26 dekabr 2019-cu il tarixə 5 faiz dərəcəsi ilə hesablanmış borc 789,31 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Penyanın məbləğində gəldikdə, kollegiya hesab edir ki, 5654,92 ABŞ dolları məbləğində penya kifayət qədər yüksək olduğundan, penyanın məbləği azaldılaraq əsas borcun 5 faizi məbləğində, yəni 1894,34 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, 26.12.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması kimi tələb qeyri-müəyyən olmaqla təmin oluna bilməz. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi yolu ilə kredit borcunun ödənilməsi tələbi qanuni olduğundan təmin edilməlidir. Odur ki, 08.08.2017-ci il tarixli **********16517/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 86 kv.m ümumi, 63,3 kv.m, yaşayış, 22,7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 39 nömrəli mənzilə tutma yönəldilməli və 08.08.2017-ci il tarixli **********16517 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 MMC-nin iddiaçı ASC “Xalq” Bankı qarşısında 37886,78 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 26.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1894,34 ABŞ dolları məbləğində penya, 08.02.2019-cu il tarixdən 26.12.2019-cu il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 789,31 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 40570,43 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manat hesabı ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin əvəzi cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmalı, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti (likvid qiymət) 161500 manat məbləğində müəyyən edilməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcələnin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(009)- 142/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. 08.08.2017-ci il tarixli ipoteka müqaviləsi üzrə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 86.0 kv.m ümumi, 63.3 kv.m. yaşayış, 22.7 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 39 saylı mənzilə tutma yönəldilsin və 08.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin “Xalq Bank” qarşısında 37886,78 ABŞ dolları məbləğində əsas kredit borcu, 08.02.2019-cu il tarixdən 26.12.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kimi 789,31 ABŞ dolları və 1894,34 ABŞ dolları məbləğində penya olmaqla cəmi 40570,42 ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), dövlət rüsumunun əvəzi kimi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində pul iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 161500 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 200 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar