Məhkəmə qərarları › İş №2(103)-3810/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3810/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3810/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin artırılması, yaşayış minumumu, valideynin əlavə xərclərdə iştirakı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə X1 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Əliyeva” soyadı verilmiş, nikahdan sonra İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə gəlin köçüb orada yaşamağa başlamış, onların nikahlarından xx.xx.2021-ci il tarixdə Dəniz adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi qət olunmuşdur (həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən qanuni qüvvəyə minməmişdir).

4. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 tərəfindən xx.xx.2021-ci il təvəllüdlü Dəniz Əliyevaya sağtərəfli anadangəlmə əzələ əyriboyunluğu diaqnozu qoyulmuşdur.

5. Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 615 manat təşkil edir.

6. İddiaçı işləmir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 11 noyabr 2021-ci il tarixdə anadan olmuş X3 təyin edilmiş alimentin məbləğinin artırılması, uşaq yetkinlik yaşına çatanadək 235 manat sabit pul məbləğində alimentin və uşağının müalicəsi üçün 200 manatın cavabdehdən tutulub ona verilməsi, mediasiya prosesində iştirak üçün ödəmiş olduğu 60 manat xərcin 50%-nin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü azyaşlı qızları Dəniz onun himayəsindədir. Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə qızlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Övladları xəstədir və daim müalicəyə ehtiyacı vardır. Cavabdeh də bunun məhz ondan keçmə irsı xəstəliklər olduğunu bildirmişdir. Ona görə də hər ay azyaşlı övladının saxlanılması üçün 235 manat sabit pul məbləğində və 200 manat uşaqlarının müalicəsi üçün əlavə aliment ödənilməsi təklifi ilə ona müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirakdan imtina edərək gəlməmişdir. Bu barədə ona Bakı şəhəri 6 saylı mediasiya təşkilatından 15 yanvar 2024-cü il tarixdə "mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir.

9. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

10. Birinci instansiya məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat pul məbləğində alimentin, X2 müalicəsi üçün hər ay 50 manat əlavə pul məbləğinin və 30 manat mediasiya xərcinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 48,2 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, cari ildə uşaqlar üçün yaşayış minimumu artdığından, uşağın saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

12. Məhkəmə vurğulamışdır ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları qanunvericiliklə konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması və digər halları daxildir. İddiaçı övladının xəstəliyi ilə əlaqədar "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6 arayışını məhkəməyə təqdim etmişdir. X4 sağtərəfli anadangəlmə əzələ əyriboyunluğu diaqnozu qoyulmuşdur. Bu xəstəliklə əlaqədar yaranmış xərclərin ödənilməsinə cavabdeh məhkəmə tərəfindən cəlb oluna bilər. Lakin iddia edilən məbləği təsdiq edən sübut iş materiallarına əlavə olunmadığından, tərəflərin diqqətəlayiq olan maraqları nəzərə alınmaqla əlavə xərclərdə iştirak etməsi üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, 60 manat məbləğində mediasiya xərcinin 50%-i cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü, Ailə Məcəlləsinin 75-ci, 78-ci, 81-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü və 19-cu, “Mediasiya haqqında” Qanunun 36-cı maddələrinə, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasının tələbini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, 50 manat əlavə xərciin uşağın müalicəsinin bir seansına belə yetmədiyini nəzərə almadığını irəli sürmüşdür.

16. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun “X2 müalicəsi üçün hər ay 50 manat əlavə pul məbləğinin ondan tutulub İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun maddi vəziyyətini, uşağın xəstəliyi ilə bağlı xərclər çəkildiyinə dair sübutlar olmamasını nəzərə almamışdır.

Apellyasiya şikayətlərinə etiraz

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

18. Məhkəmə iclasında iştirak edən iddiaçı özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

22. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanun

25. Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız “X2 müalicəsi üçün hər ay 50 manat əlavə pul məbləğinin Cavabdeh tutulub İddiaçı ödənilməsi” və “iddia tələbinin qalan hissədə təmin olunmaması” hissələrində yoxlanılması təşkil edir. Çünkü qətnamə iddiaçı və cavabdeh tərəfindən yalnız həmin hissələrdə mübahisələndirilmişdir.

38. Başqa sözlə, qətnamənin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat pul məbləğində alimentin, 30 manat mediasiya xərcinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, 48,2 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Qətnamənin mübahisələndirilən hissəsində iddiaçının müvafiq iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan Ailə Məcəlləsinin 81-ci maddəsinin (§ 22) məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun.

40. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur.

41. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun da mövqeyi belə olmuşdur ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində ...valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun”.

42. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il təvəllüdlü Dəniz Əliyevanın sağtərəfli anadangəlmə əzələ əyriboyunluğu xəstəliyindən əziyyət çəkdiyini müəyyən etməklə müvafiq nəticəyə gəlmişdir və kollegiyanın qənaətinə görə məhkəmənin həmin nəticəsi əsaslıdır.

43. Belə ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti nəzərə alınmalıdır və cavabdehin daha artıq məbləğdə əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi bu məbləği ayda 50 manat müəyyənləşdirməkdə haqlı olmuşdur.

44. Xüsusilə nəzərə alınmalıdır ki, 615 manat əmək haqqı aldığı müəyyən olunan cavabdeh iddiaçıya 235 manat aliment də ödəməlidir.

45. İddiaçının tələb etdiyi, habelə cavabdehdən tutulmasına qərar verilmiş əlavə xərcin illik məcmusu 5000 manatdan artıq olmadığından, qanunvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1247/2024 saylı iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar