Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3811/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Hyundai Elantra” markalı, ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir.
2. İddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları barədə" arayışla da müəyyən edilir ki, o, həqiqətən də həmin yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən şəxs olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı təqsiri müəyyən edilən və avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olan şəxs isə Cavabdehdur.
3. Ödəniş tapşırığından görünür ki, iddiaçıya 2554,29 manat məbləğində pul köçürülmüşdür
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2335,71 manatın, ödədiyi 43,36 manat dövlət rüsumunun, cəmi 2379,07 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Məhkəmə tərəfindən kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.)
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 39cu km-də ona məxsus “Hyundai Elantra” markalı, ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən cavabdehin təqsiri ucbatından yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində onun avtomobilinə ziyan dəymiş, hadisə yerinə DYP əməkdaşları gələrək, rəsmiləşdirmə aparmış və nəticədə hadisənin təqsirkarı cavabdeh müəyyən edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən onun avtomobilinə dəyən zərər 4890 manat qiymətləndirilərək, ona 2554,29 manat ödənilmişdir. Hazırda isə cavabdehdən qalan məbləği tələb edir. Məhkəməyə müraciət etməmişdən əvvəl həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehin özünə müraciət etsə də, cavabdeh ona hər hansı məbləğ ödəməmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 1486,71 manat və dövlət rüsumunun əvəzi olaraq 43,36 manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ekspert rəyində göstərildiyi kimi 4041 manat təşkil edir. Həmin məbləğin 2554,29 manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənildiyindən hazırda yerdə qalan məbləğ-1486,71 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddia əsassız olduğundan təmin edilməməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 107, 115, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – (iddia tələbi qalan hissədə - 849 manat vəsaitin tutulması hissəsində) ləğv edilərək yenidən qiymətləndirmə ekspertizasının təmin edilməsini və iddia tələbinin həmin hissəsində də, tam təmin edilməsi barədə qətnamə qabul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azsığorta tərəfindən iddiaçının və Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş faylda iddiaçının avtomobilən dəymiş zərərin cəmi məbləği, zərərəin aradan qaldırılması ilə bağlı işçilik xidmət haqqı, avtomobilin yararsız halda olmasını təsdiq edən foto şəkillər vəhansı detalların zədə alması haqqında yekun zərər aktı qeyd edilmişdir. Azsığorta tərəfindən avtomobilə dəymiş yekun zərərin məbləği 4890 manat məbləğində qiymətləndirilmişdir. Lakin, iş materiallarında olan Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 4041 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyini onunla əsasıandırmışdır ki, avtomobilin istehsal ili köhnə olduğundan və illik aşınma faizi olaraq 3 % hesablandığından dəymiş zərərin iddia məbləğinə nisbətdə 849 manat az təşkil etdiyi qənaətinə gəlmişdir. Ekspert tərəfindən ümumi olaraq real bazarda qiymətlərin hansı məbləğdə olması müəyyən edilmiş, lakin yerli bazarda avto ehtiyyat hissələrin hansı firma və ya hansı avto bazarda qeyd edilən qiymətə satılması haqqında açıq-aydın qeyd edilməmişdir. Ədliyyə Nazirliyi Ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində müəyyən edilmiş məbləğ ilə avtomobilin qəzadan sonrakı vəziyyətini bərpa etmək, nəinki həm avtomobilin təmiri üçün lazım olan detalların tapılması və işçilik xidmət haqqının ödənilməsi mümkün deyildir. Ekspert rəyində qeyd edilmiş illik 3% aşınma faizi real bazar qiymətlərində öz təsirini itirmiş, əksinə olaraq hər il avtomobil ehtiyyat hissələrində və işçilik xidmət haqqında artımlar müşahidə olunur. Ekspert rəyinə əsasən iddia tələbinin 849 manat az müəyyən edilməsi avtomobilin təmirinin yarımçıq qalmasına səbəb olacaqdır. Mülki Prosesual Məcəlləsinin tələbinə əsasən ekspertiza tərəfindən ekspert rəyi kfayət qədər açıq aydın və tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin etmə səlahiyyəti olduğu halda işin qısa vaxtda yekunlaşmasında maraqlı olmuş və əlavə ekspertiza təyin etməmişdir. Bundan əlavə ekspert öz rəyində hər hansı sübütları yetərincə istifadə etməmiş, müəyyən etdiyi qiymətlərin əsaslandığı normalar və müəyyən edilmiş bazar qiymətlərinə toxunmamışdır. Bakı Şəhər Nərimanov Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(005)-259/2023 №-li qətnaməsi ilə iddia tələbi qalan hissədə (849 manat vəsaitin tutulması hissəsində) təmin edilməməsi qənaətinə gəlinən zaman prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq tərəflərin təqdim etdiyi sübutlar obyektiv, müfəssəl və müqayisəli şəkildə araşdırılmadan, tərəflərin aralarında olan müqavilə və həmin müqavilə şərtləri düzgün qiymətləndirilmədən, tələbkarın tələbinin əsaslandığı mötəbər sübutlar, borcluların isə tələbkar qarşısında hansı forma, məzmun və ölçüdə icra edilməmiş qanundan və müqavilədən irəli gələn öhdəliklərinin olması üzrə qeyri obyektiv araşdırılma və qiymətləndirilmə aparıldığından iddia tələbinin bir hissəsi üzrə sonda qanunsuz qərar qəbul edilmişdir. Hazırki mülki iş üzrə iddia tələbi üzrə qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərtlərinə əsasən iddiaçı cavabdehdən dəymış maddi ziyanın tələb edilməsində haqlı olduğu təqdirdə, işə baxmış hakim qanunsuz olaraq iddianı bu hissədə təmin etməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında çıxış edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, qətnamə ilə razı deyil. "xxxx" şirkəti tərəfindən avtomobilə dəymiş yekun zərərin məbləği 4890 manat məbləğində qiymətləndirilmişdir. Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinin nə səbəbə daha aşağı məbləğdə qiymətləndirdiyini başa düşə bilmir. Ekspertiza Mərkəzi tərəfindən Dəymiş zərər 4041 manat məbləğində müəyyən ediımişdir. "xxxx" şirkəti qiymətləndirmə zamanı tərəfindən aşınma nəzərə alınmışdır. Maşınınmotor hissəsində də problemlər olub, amma heç o hissədə iddia qaldırmır. Maşının xərci ondan da artıqdı. Ekspert rəyin iddia tələbindən 849 manat az müəyyən etmişdir. Qiymətləndirməni hansısa avtomobil servisi həyata keçirməyib, sığorta şirkətinin servisi həyata keçirmişdir və aşınma nəzərə alınmışdır. Onun xərci 4890 manat deyil, daha çoxdur. Ona sığrota şirkəti tərəfindən yazılan qiymət bazar qiyməti əsas götürülüb yazılmışdır. Buna görə də yenidən ekspertiza keçirilməlidir.
13. Məhkəmə iclasında çıxış edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, rayon məhkəməsinin qətnaməsi qanunidir. İddiaçı ondan haqsız yerə pul tələb edir. 5000 manata yaxın xərc çıxa bilməz. Şüşə qırılmayıb, nə də ki, hava yastıqları açılmayıb. Şişirdilmiş rəqəmlərdir. Ekspertiza keçirilməsinə etiraz edir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı iddia tələbində baş vermiş sığorta hadisəsi nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı, ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 4890 manat məbləğində maddi zərərdən ödənilməmiş qalan 2335,71 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək cavabdehdən iddiaçının xeyrinə 1486,71 manat tutulmalı olduğu qənaətinə gəlmişdir.
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər düzgün müəyyən edilməmişdir və bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət vardır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmış və ona istinad edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspertiza rəyinin əsassızlığına dair sübut təqdim edilməmişdir.
26. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 9/9122 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus sözügedən avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4041 manatdır.
27. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı 2554,29 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə sığorta şirkəti tərəfindən ödənilməmiş 4041 - 2554,29 = 1486,71 manat məbləğində pul tutulmalıdır.
32. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında köhnəlmə faizinin nəzərə alınması müəyyən olunmur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev