Məhkəmə qərarları › İş №2(103)-3811/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3811/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3811/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 3.980 manat məbləğində kredit verilmişdir 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu 29 noyabr 2021-ci il tarixdən başlayaraq, 28 oktyabr 2023-cü il tarixə kimi ödəməlidir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kredit borcunun qalıq hissəsi 1.205 (min iki yüz beş) manat 63 (altmış üç) qəpik əsas borc olmaqla, cəmi 1205,63 (min iki yüz beş manat 63 qəpik) "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında borcu mövcuddur. Hazırda iddiaçı borcun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə 1205,63 manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 1205,63 (min iki yüz beş manat altmış üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair pretenziya (bildiriş) göndərilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM- 21saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 44%lə hesablanır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəmə müaciət edərək, iddianı qəbul etmədiyini, onun lombarddakı qızıllarının satıldığını və həmin qızılların borcun bağlanmasına kifayət etdiyi halda dəyər-dəyməzinə satıldığını, satışın onun iştirakı olmadan keçirildiyini, işsiz və göstərilən məbləği ödəmək niyyətində olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 nömrəli kredit müqaviləsi üzrə 147,25 (yüz qırx yeddi manat, 25 qəpik) manat məbləğində əsas borc və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manatın 100 (yüz) manatı Cavabdeh, 200 (iki yüz) manatı isə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kredit borcunun qalıq hissəsinə görə 1205,63 manat olmaqla, cəmi 1205,63 manat məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu xx.xx.2025-ci il tarixli 9/8916 nömrəli ekspertizanın rəyi ilə Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 147,25 manat əsas borc və 14,76 manat faiz borcu olmaqla, ümumilikdə 162,01 manat məbləğində borcunun müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının “1205,63 manat əsas borcun tutulması” barədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən 28 oktyabr 2021-ci il tarixli 984/SM- 21 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 147,25 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, Cavabdeh “X9 X5” MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə 1114.40 manat məbləğində kredit borcun, həmçinin ödənilmiş birinci instansiya məhkəməsi üzrə 33 manat, apellyasiya məhkəməsi üzrə isə 17 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1164.40 manat məbləğin "xxxx" MMC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqi aparılmamış, bunun üçün lazımi şərait yaradılmamışdır. Habelə məhkəmə tərəfindən prosesual hüquq və vəzifələrin həyata keçirilməsi üçün lazımi şərait də yaradılmamışdır. İşə məhkəmə tərəfindən qeyri-obyektiv və qərəzli baxılmışdır. Belə ki, məhkəmə nəticəyə gələrkən istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8916 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsaslanaraq borcun iddiaçının tələb etdiyi 1205.63 maant, həmçinin 33 manat dövlət rüsumu olmaqla 1238.63 manat məbləğində deyil, 147.25 manat miqdarında qismən təmin etmişdir. Halbuki, ekspert rəyi təhlil edilərkən iddiaçı tərəfindən əsaslanmış hesabdan çıxarış düzgün analiz edilməmiş və nəticədə cavabdehin başqa müqavilələr üzrə etmiş olduğu kredit ödənişlərini də 984/SM 21 saylı, 28 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə aid edilmişdir. Lakin hazırki işin halları birinci instansiya məhkəməsi tərəfindən aydın şəkildə əsaslandırılmamışdır. Belə ki, məhkəmə əvvəlki iki ekspertiza rəyinin eyni olmasını, axırıncı ekspertiza rəyinin isə ağlabatan dərəcədə olmayan bir fərq ilə çox-çox aşağı məbləğdə təyin edilməsini araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə ekspertizanın xx.xx.2025-ci il tarixli, 9/8916 nömrəli rəyinə əsaslansa da, iddiaçı tərəfindən bu rəyin həqiqətə uyğun olmadığı və qeyd olunan halı təsdiqləyən sənədi məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə buna məhəl qoymayaraq iş üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmasını təmin etməmişdir. Bundan başqa hərracdan əldə olunmuş məbləğ cavabdehin borcuna yönəldilsə də, satışdan əldə olunan məbləğ cavabdehin borcunun bağlanmasına kifayət etməmişdir. Bu hal təqdim olunan maliyə arayışı və hesabdan çıxarışda öz təsdiqini tapmaqdadır. Beləliklə Cavabdeh 1205.63 manat borcu yaranmışdır. Göründüyü kimi təqdim olunmuş sonuncu ekspertiza rəyi ilə əvvəlki iki ekpertiza rəyinin arasında fərq həddindən artıq azaldılmışdır, bu zaman məhkəmə həqiqətin müəyyən edilməsi üçün adekvat prosesual hərəkətlər yerinə yetirməmiş, öz təşəbbüsü ilə yenidən ekpertiza təyin etməyərək mülki prosessual qanunvericiliyin 97.1-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh müxtəlif vaxtlarda rəsmi ərizələrlə iddiaçıya müraciətlər edərək, kredit müddətinin uzadılmasını xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh xahişi nəzərə alınaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsinə əlavələrlə cavabdehin barəsində ümumilikdə 5 (beş) ay güzəşt müddəti verilmişdir. Burdan da görünür ki, cavabdeh müddətin uzadılması ilə bağlı xahiş məzmunlu ərizə ünvanladıqda öz ərizəsində öz borcunu dəqiq yazılı formada ifadə edərək öz öhdəliyini tam şəkildə qəbul etmişdir. Ancaq buna baxmayaraq ona edilmiş güzəştlərə də məhəl qoymamış və müqavilədən irəli gələn öhdəliyini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3811/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli, 3-16-16/2-9/4029/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 3.980 manat məbləğində kredit verilmişdir. 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu 29 noyabr 2021-ci il tarixdən başlayaraq, 28 oktyabr 2023-cü il tarixə kimi ödəməlidir. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, 28 oktyabr 2021-ci il tarixli Girov müqaviləsindən görünür ki, 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh özünə məxsus olan-1 ədəd komplekt (9 əyar 583, qram 11, dəyəri 440 manat), 1 ədəd qolbağ (əyar 585, 5 qram, dəyəri 200 manat), 1 ədəd komplekt qırıq (əyar 750, qram 9, dəyəri 450 manat), 1 ədəd komplekt (əyar 750, qram 11, dəyəri 550 manat), 1 ədəd üzük (əyar 750, qram 4, dəyəri 200 manat), 1 ədəd sep (əyar 750, qram 6.1, dəyəri 305 manat), 1 ədəd kulon (əyar 585, qram 1,5, dəyəri 60 manat), 1 ədəd sep ( əyar 585, qram 1, dəyəri 40 manat), 1 ədəd qolbağ (əyar 585, qram 6,5, dəyəri 260 manat) olan qızıl-zinət əşyalarını girov qoymuşdur. 18 iyul 2023-cü il tarixli Hərrac Şurası protokolundan görünür ki, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə girov qoyduğu qızıl-zinət əşyalarının X3 4.000 (dörd min) manata satılması Hərrac Şurası tərəfindən qərara alınmışdır. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kredit borcunun qalıq hissəsi 1.205 (min iki yüz beş) manat 63 (altmış üç) qəpik əsas borc olmaqla, cəmi 1205,63 (min iki yüz beş manat 63 qəpik) "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında borcu mövcuddur. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən borcalan Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli kredit borcunun ödənilməsi barədə bildirişin surətindən görünür ki, sonuncu banka olan 1205,63 (bir min iki yüz beş manat altmış üç qəpik) manat məbləğində borcunu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda məhkəmə qaydasında qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdar olunmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1002 və xx.xx.2024-cü il tarixli 9/5564 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 1012,89 manat əsas borc, 101,51 manat faiz borcu olmaqla, ümumilikdə 1114,40 manat məbləğində borcu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8916 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 147,25 manat əsas borc və 14,76 manat faiz borcu olmaqla, ümumilikdə 162,01 manat məbləğində borcu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi də borcun məbləğini məhz sonuncu ekspert rəyinə əsasən müəyyən etmişdir. İddiaçı isə apellyasiya şikayətində bildirmişdir ki, ekspert rəyi təhlil edilərkən iddiaçı tərəfindən əsaslanmış hesabdan çıxarış düzgün analiz edilməmiş və nəticədə cavabdehin başqa müqavilələr üzrə etmiş olduğu kredit ödənişlərini də 984/SM 21 saylı, 28 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə aid edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və təqdim edilmiş rəylər arasında kifayət qədər fərqlər mövcud olmuşdur ki, iş materialları ilə həmin fərqin hansı əsasla yaranması müəyyən edilmir, bununla yanaşı iddiaçı tərəf iddia edir ki, ekspertiza zamanı cavabdehin başqa müqavilələr üzrə etmiş olduğu kredit ödənişləri də bu müqavilə üzrə nəzərə alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, ekspertizanın aparılması digər ekspertə tapşırılsa da, rəyi yenidən eyni ekspert vermişdir ki, bu isə borcun hesablanması ilə bağlı şübhələrin yaranmasına səbəb olur. Belə olan halda apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləğinə dair şübhələr mövcud olduğundan, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş eskpert rəyləri arasında ziddiyyətlər olduğundan digər ekspert cəlb edilməklə ümumlikdə isə borcun məbləğinin müəyyən edilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli 9/4029 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 984/SM-21 müqaviləsi üzrə silinmələrə dair çıxarış məlumatı (C.İ.V-62) və 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh BOKT-a olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: (maliyyə arayışının tarixi) əsas borc üzrə - 1143,93 manat, faiz borcu üzrə 95,00 manat. xx.xx.2023-cü il tarixə: (bildirişin tarixi) əsas borc üzrə - 1143,93 manat, faiz borcu üzrə 113,18 manat. xx.xx.2025-ci il tarixə: (qətnamənin qəbul edildiyi tarix) 1143,93 manat, faiz borcu üzrə 883.55 manat. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə Kollegiyası qeyd olunan halın, yəni əsas borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli 9/4029 nömrəli rəyinə istinad edilməlidir. Bununla yanaşı Məhkəmə Kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə əsas borc (bildiriş göndərilən tarixədək) 1143,93 manat manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən əsas borc işin hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş 3 rəy arasında yaranmış fərqə münasibətdə birinci instansiya məhkəməsi hər hansı əsaslandırma aparmamışdır. Halbuki həmin ziddiyyətin təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə aradan qaldırılması mümkün olmuşdur. Bu baxımdan Məhkəmə Kollegiyası həmin fərqə münasibətdə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc 1143,93 manat müəyyən edilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin nəticəsi ekspert rəyinə uyğun dəyişdirilməlidir. Məhkəmə Kollegiyası ekspert rəyində müəyyən edilmiş faiz borcuna münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iş üzrə isə iddiaçının faiz borcunun tutulması barədə tələbi olmamışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi əsas borc hissəsində dəyişdirilməli, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalı olan 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1143,93 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manat hissəsi iddiaçıdan, qalan 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:

İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsi - 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan əsas borcu hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 28 oktyabr 2021-ci il tarixli 984/SM 21 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 1143,93 (min yüz qırx üç manat, doxsan üç qəpik) manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manat hissəsi iddiaçıdan, qalan 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar