Məhkəmə qərarları › İş №2(103)-3812/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3812/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3812/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: Alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Tərəflər vaxtilə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından övladları dünyaya gəlmişdir. Sonradan məhkəmə qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, övlad ananın himayəsinə verilmişdir. Hazırda cavabdeh övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 193 manat məbləğində aliment ödəyir. Qanuna əsasən, hər uşaq üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edildiyindən iddiaçı məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılmasını tələb etmiş, məhkəmə tərəfindən qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ödənilən alimentin miqdarının artırılaraq, 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Hazırda Cavabdeh övladı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 193 manat məbləğində aliment ödəyir. Həmin aliment məbləği uşağın heç bir tələbatını ödəmir və maddi cəhətdən uşağın saxlanılmasına kifayət etmir. Uşaq məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Belə ki, uşağın saxlanılması üçün ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Alimentin məbləği ən azından qüvvədə olan yaşayış minimumuna uyğun gəlmləidir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(010)-2104/2024 nömrəli mülki iş üzrə, hakim T.Mahmudova) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda, alimentin miqdarı artırıla bilər. Həmin hallara iddiaçının maddi vəziyyətinin pisləşməsi, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s. misal göstərilə bilər. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, nəinki iddiaçının maddi vəziyyətinin pisləşmişdir, əksinə iddiaçı ***-**** manat civarında əməkhaqqına malikdir. Cavabdeh isə iddiaçıdan daha az, 776 manat məbləğində əməkhaqqı alır və iddiaçı cavabdehin əlavə gəlirlərə malik olmasını təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. Bundan əlavə, cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş və o, yenidən ailə qurmaqla, həmin nikahdan bir uşağı da doğulmuşdur. Odur ki, hazırki halda iddiaçının yaşayış şəraitinin cavabehə münasibətdə daha yaxşı olması səbəbindən və alimentin miqdarının artırılması üçün heç bir əsas olmadığından məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gəlir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə irəli sürülmüş iddia tələbini rədd edərkən iddiaçının işləməsini, cavabdehə münasibətdə çox əmək haqqı almasını və yenidən ailə qurmasını əsas gətirmişdir. İddiaçının aldığı ***-**** manat civarında olan əmək haqqı sabit bir məbləğ deyil. Yəni həmin məbləğdə əmək haqqı almaq üçün o, iş saatından əlavə işləməlidir. Həmçinin qeyd edilən məbləğdən məcburi vergi ödənişləri və DSMF ödənişləri tutulur. Bundan savayı, o, valideynləri ilə birlikdə atasına məxsus mənzildə yaşayır və valideynlərinin hər iki xəstədir. Onlar da iddiaçının himayəmsindədirlər və onların müvafiq xərcləri də iddiaçının üzərindədir. Yəni gündəlik təlabatları dərman və həkim xərcləri və.s. Bundan başqa, cavabdehin əmək haqqısının iddiaçıdan aşağı olması onun uşağını saxlamaq vəzifəsindən azad etmir. Qeyd edilən hallardan göründüyü kimi, məhkəmə iş üzrə qətnamə qəbul edərkən düzgün hüquqi qənaətə gəlməmişdir. Belə olan halda, irəli sürülmüş iddia təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 17 (hissə 1). Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

12. Maddə 17 (hissə 2). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Maddə 34 (hissə 4). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

BMT-nin Baş Məclisinin xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları” haqqında Konvensiyası:

14. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra mətndə - Ailə Məcəlləsi):

15. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

16. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

19. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM):

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.1. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri:

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia tələbi təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına tam və düzgün qiymət verilməmiş, yekunda maddi hüquq normalarının düzgün tədbiq olunmaması ilə nəticələnən qətnamə çıxarılmışdır. Belə olan halda, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

34. Belə ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur.

35. Ailə Məcəlləsi konstitusiyon prinsiplərə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq və qayğısına qalmaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

36. Hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarət olduğu üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsinin qeyd edilməsi zəruridir.

37. Həmin maddəyə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

38. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

39. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını uşaqlar üçün yaşayış minimumunun artırılmasına, bu səbəbdən müəyyənləşdirilmiş əvvəlki alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.

40. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

41. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

42. Bununla yanaşı, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı).

43. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ əsas götürüldükdə, onun maddi tələbatının qarşılanması üçün çəkilən xərclərin (yaşayış minumumunun) artması maddi vəziyyətin dəyişməsi kimi qiymətləndirilməli və alimentin miqdarı həmin yaşayış minumumuna uyğun olaraq artırılmalıdır.

45. Cavabdehin məhkəmə kollegiyasının iclasında iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlil isə ondan ibarət olmuşdur ki, onun himayəsində digər nikahından olan uşaq var və hazırda aldığı əməkhaqqı 235 manat məbləğində aliment ödəməsinə imkan vermir.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

47. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

48. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

49. Maddi gəlirlə bağlı Ali Məhkəmənin Pelnumunun mövqeyi isə bundan ibarət olmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı).

50. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minumumu miqdarında, yəni 235 manat məbləğində aliment ödəmək vəzifəsi vardır və onun gətirdiyi səbəblər bu vəzifəni icra etməmək üçün əsas ola bilməz.

51. Bundan əlavə, cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, o uşağına münasibətdə sadəcə aliment öhdəliyini icra edir, uşaqla ünsiyyətdə olmur, onun təlim-tərbiyəsində iştirak etmir. Bu hallar da uşağın tərbiyəsi və inkişafı üçün şərait yaradılmasında sadəcə ananın rolunun olduğunu sübut edir və alimentin miqdarının artırılmasına əsasdır.

52. MPM-in 385.1.1 və 386-cı maddələrinin tələblərinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

53. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qanunvericilik normalarını pozmuş, nəticədə uşaq müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatının qarşılanması hüququndan məhrum edilmişdir. Belə olan halda isə məhkəmənin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.

54. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan iddialar üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsində iddianın qiymətinin alimentin alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə hesablanması müəyyən olunmuşdur. Hazırkı mülki iş üzrə isə alimentin bir il ərzində məcmusu 5000 manatı keçmədiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ayrı-ayrılıqda qiymət verib, iş materiallarını araşdıraraq, onları qanunvericiliyin tələblərinə uyğun şəkildə təhlil edərək, habelə MPM-in 372, 382, 384.0.2, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2104/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1748/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş aliment Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq tutulsun. İddia ərizəsinin verilməsi üçün mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar