Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3814/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödəniİməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçı Banka qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girova yönəldilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi X2, cavabdehin vəkili (nümayəndəsi) X1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan “xxxx” ASCnin nümayəndəsi X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödəniİməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli, ***-*******DQK281119-01 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.594.117,37 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 30.099,76 ABŞ dolları, cəmi isə 2.624.217,13 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ərizəsi əsasında Rayon Məhkəməsinə hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh iddiaçı Banka qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girova yönəldilməsi tələbi barədə” qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, əvəzləşdirilməli əmanət məbləğinin 3.000.000 ABŞ dolları, kredit borcunun isə cəmi 2.624.217,13 ABŞ dolları təşkil etdiyini, əmanət məbləğinin kredit borcundan çox olduğu üçün kredit borcunun əmanətin müəyyən bir hissəsinə yönəldilərək silinmə əməliyyatı aparıla biləcəyini, qalan hissənin isə növbəlilik qaydasında iddiaçı Bankın ləğvedicisi olan Fond tərəfindən iş üzrə üçüncü şəxs olan “xxxx” ASC-yə ödənilməli olmasını, lakin qarşılıqlı iddia tələbində kreditin əmanətin müvafiq hissəsinə yönəldilməsinin nəzərdə tutulmadığını göstərmiş və 28.11.2019-cu il tarixli, ***-*******DQK281119-01 saylı kredit müqaviləsi üzrə 2.594.117,37 ABŞ dolları məbləğində əsas, 30.000,76 ABŞ dolları məbləğində faiz borcu tələbinin “xxxx” ASC tərəfindən 28.11.2019-cu il tarixli, XD-20191127/1857 saylı MT 320 SWİFT əqdinə əsasən İddiaçı ASC-yə əmanətə qoyulmuş, 28.11.2019-cu il tarixli ***- *******DQK281119-02 saylı əmanət girovu müqaviləsinə əsasən girovda olan 3.000.000 ABŞ dolları məbləğində əmanətin müvafiq (kredit borcuna bərabər) hissəsinə yönəldilərək kredit borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiada üçüncü şəxs kimi “xxxx” ASC göstərilmişdir. Qarşılıqlı iddia ərizəsi ilk iddia ilə birlikdə baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh onunla iddiaçı Bank arasında bağlanmış 28.11.2019-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 12 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 2.594.117,37 ABŞ dolları məbləğində pulu borc almışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, həmin borcu, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” əsasən aybaay və hissəhissə Banka ödəyəcək. Buna baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin Banka 2.594.117,37 ABŞ dolları məbləğində əsas kredit borcu və 30.099,76 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də, Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən də, cavabdeh onunla iddiaçı Bank arasında bağlanmış 28.11.2019-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 12 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 2.594.117,37 ABŞ dolları məbləğində pulu borc almışdır. Lakin, “Kredit müqaviləsi” bağlanan zaman cavabdeh həmin müqavilə üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə aid olan və “xxxx” ASC-də saxlanılan 3.000.000 ABŞ dolları məbləğində əmanəti iddiaçı Bankın xeyrinə girov ilə yüklü etmiş, bu barədə onunla iddiaçı Bank və “xxxx” ASC arasında 28.11.2019-cu il tarixdə “Girov müqaviləsi” bağlanmışdır. “Girov müqaviləsinin” şərtinə görə, əgər borcalan olan cavabdeh “Kredit müqaviləsi” üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməzsə, Banka olan borcunu razılaşdırılmış qaydada ödəməzsə, Bank tələbini girov predmeti olan əmanət məbləğinə yönəldəcək. Borclu olan cavabdehin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır, lakin Bank, tələbini girova yönəltmir, hal bu ki, girov qoyulmuş pul məbləğinin hesabına kredit borcun tam ödənilməsi mümkündür. Belə olduğu halda, Bankın iddiası rədd edilməli, qarşılıqlı iddia təmin olunaraq Banka olan borcun girov predmeti olan pul məbləğinə yönəldilməsi təmin edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.12.2020-ci il tarixli qətnamə ilə ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsini və qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etməli deyildi. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 72-ci maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur, banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Bundan başqa, ilkin iddia üzrə iddiaçı öz tələb etmək hüququndan istifadə edərək cavabdehdən kredit müqaviləsi üzrə yaranmış və gecikdirilmiş borc məbləğlərini tələb etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi ilk iddianı əsassız olaraq təmin etməmiş, baxılması mümkün olmayan qarşılıqlı iddianı isə təmin etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iş üzrə cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış 28.11.2019-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən Bankdan 12 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 2.594.117,37 ABŞ dolları məbləğində pulu borc almışdır. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, borcalan cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, həmin borcu, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” əsasən aybaay və hissə-hissə Banka ödəyəcək. İddiaçı Bank, cavabdeh və iş üzrə üçüncü şəxs olan “xxxx” ASC arasında 28.11.2019-cu il tarixdə bağlanmış “Girov müqaviləsindən” görünür ki, borcalan cavabdeh bu müqavilə ilə onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə aid olan və “xxxx” ASC-də AZ30AMRA000035220USD00000032 saylı depozit hesabında saxlanılan 3.000.000 ABŞ dolları məbləğində əmanəti iddiaçı Bankın xeyrinə girov ilə yüklü etmişdir. “Girov müqaviləsinin” əks olunmuş şərt ondan ibarətdir ki, əgər borcalan olan cavabdeh “Kredit müqaviləsi” üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməzsə, Banka olan borcunu razılaşdırılmış qaydada ödəməzsə, Bank tələbini girov predmeti olan əmanət məbləğinə yönəldəcək və borcun məbləğində pulu həmin məbləğ hesabına silir (bəndlər 4.1. və 4.2.). İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh onunla iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcu, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” əsasən aybaay və hissə-hissə Banka ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 2.594.117,37 ABŞ dolları məbləğində əsas kredit borcu və 30.099,76 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Cavabdeh borcun məbləğini ümumiyyətlə mübahisələndirmir. Əksinə o, qarşılıqlı iddiada borcun ilk iddia ərizəsində qeyd edilən məbləğdə olmasını etiraf edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan cəmi 2.624.217,13 ABŞ dolları məbləğində borcunu ödəməlidir. Bu hal işə Rayon Məhkəməsində baxılan zaman da mübahisə doğurmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarına səhv qiymət verərək Bankın ilk iddiasını təmin etməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bankın ləğvedicisinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsaslıdır. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 72-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı tələblər yolverilməzdir. Buna görə də qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, “Banklar haqqında” Qanunun 72-ci maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Göründüyü kimi iddiaçı Bankın ləğvedicisi olan Fondun istinad etdiyi norma Banka qarşı kreditorların iddialarının ləğv proseduru çərçivəsində həllini tənzimləyir. Qarşılıqlı iddia ilə irəli sürülmüş tələb isə ondan ibarətdir ki, “Kredit müqaviləsi” üzrə cavabdehdən Bankın xeyrinə tutulmalı olan 2.624.217,13 ABŞ dolları məbləğində borc cavabdeh tərəfindən iddiaçı Bankın xeyrinə girov qoyulmuş əmanətə yönəlsin. Cavabdeh hazırki iş üzrə kreditor deyil, borcludur və əslində həmin iddia Bankın mənafeyinə də uyğundur. Odur ki, qarşılıqlı iddia üzrə icraata xitam verilə bilməz. Qarşılıqlı iddianın əsaslı olub-olmamsına gəldikdə isə müəyyən edilir ki, qarşılıqlı iddia əsaslıdır. Belə ki, yuxarıda qeyd edilmiş “Girov müqaviləsindən” görünür ki, əgər borcalan olan cavabdeh “Kredit müqaviləsi” üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməzsə, Banka olan borcunu razılaşdırılmış qaydada ödəməzsə, Bank tələbini girov predmeti olan əmanət məbləğinə yönəldəcək və borcun məbləğində pulu həmin məbləğ hesabına silir (bəndlər 4.1. və 4.2.). Müqavilənin bu şərti imperativdir. Lakin Bank, tələbini girov predmeti olan pul məbləğinə yönəltməməklə hüquqdan sui-istifadə edir. Mülki Məcəllənin 16.1-ci maddəsinin tələbinə görə isə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində əsaslıdır və bu səbəbdən qüvvədə saxlanılmalıdır. Bankın ləğvedicisinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Beləliklə də, göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslan, Məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli qətnamə qismən, yəni iddiaçı Bank tərəfindən cavabdehə qarşı irəli sürdüyü ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödəniİməsi tələbi barədə” ilk iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli, ***- *******DQK281119-01 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.594.117,37 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 30.099,76 ABŞ dolları, cəmi isə 2.624.217 (iki milyon altı yüz iyirmi dörd min iki yüz on yeddi) ABŞ dolları 13 (on üç) sent məbləğində pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 01.12.2020-ci il tarixli qətnamə qalan hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2.624.217 (iki milyon altı yüz iyirmi dörd min iki yüz on yeddi) ABŞ dolları 13 (on üç) sent məbləğində pul, “xxxx” ASC tərəfindən 28.11.2019-cu il tarixli, XD-20191127/1857 saylı MT 320 SWİFT əqdinə əsasən İddiaçı ASC-yə əmanətə qoyulmuş, 28.11.2019-cu il tarixli ***-*******DQK281119-02 saylı əmanət girovu müqaviləsinə əsasən girovda olan 3.000.000 ABŞ dolları məbləğində əmanətin kredit borcuna bərabər hissəsinə yönəldilərək Cavabdeh adına olan kredit borcunun silinməsi barədə” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3814/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3814/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver