Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3814/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5763/2021 saylı qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 12 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(006)-5763/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 12 saylı evin, 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər X3 və Cavabdeh2 həmin mənzildən çıxarılması, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra cavabdeh X6 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5763/2021 saylı qərardadına əsasən cavabdeh X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5763/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh X6 həmin qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qətnamənin surətinin ona təqdim olunması ilə bağlı hər hansı bir poçt qəbzinin olması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamış və məhkəmənin mövqeyi qərardadda əsaslandırılmamışdır. Cavabdehin qətnamə qəbul olunan zaman məhkəmə prosesində iştirak etməsi onun qətnaməni rəsmi şəkildə alması anlamına gəlmir və məhkəmə qərardadında cavabdehin qətnaməni alıb-almamasını araşdırmamış, bununla bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5763/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 5763/2021 saylı qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(006)-5763/2021 saylı qətnaməsini rəsmi olaraq iki dəfə, yəni şəxsən və poçt vasitəsi ilə qəbul etmişdir. Belə ki, həmin qətnamə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə, xx.xx.2022-ci il tarixdə isə poçt qəbzinə imza etməklə rəsmi olaraq qəbul edilmişdir. Bu baxımdan cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayətini mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində, yəni xx.xx.2022-ci il tarixədək (29-30 yanvar tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf edirdi) məhkəməyə təqdim etməli idi. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Müddətin bərpası barədə ərizənin məzmununda həmin qətnamənin rəsmi alınması tarixinə və qaydasına aydınlıq gətirilməmişdir. Sadəcə olaraq iddiaçı qətnamənin poçt vasitəsi ilə alınması barədə hər hansı məlumatının olmadığını, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddətin müəyyən edilməsini bilmədiyini göstərmişdir. Bununla belə, qətnamənin məhkəmə qəbzinə imza etməklə xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh qətnaməni rəsmi olaraq əldə etmiş, sadəcə olaraq onu 1 ay ərzində mübahisələndirməli olduğunu bilməmişdir. Nəticə etibarı ilə bu cavabdehin ötən 1 ildən artıq müddət ərzində apellyasiya şikayətini vermək imkanının olmaması haqqında hər hansı sübut mövcud deyil. Ərizədə göstərilənlər, xüsusilə də cavabdehin qətnamənin 1 ay ərzində mübahisələndirilməli olmasından məlumatlı olmaması barədə fikirləri 1 ildən artıq ötürülmüş müddətin üzürlü hesab edilməsi və nəticədə bərpası üçün əsas ola bilməz. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 5763/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən həmin qərardaddan verilmiş şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5763/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5763/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3814/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3814/2023
06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver